Dişlək alma – Ataqamın hekayəsi

Cümə günü Baruti ilə Zurinin qızı doğuldu. Okadası* ilə müştəri daşıyan Baruti xəbəri eşitcək özünü doğum evinə çatdırdı.

Uşağı hələ Zuriyə verməmişdilər. Mamaçanın əmrinə görə körpə bir gün anasından ayrı qalmalı idi. Zuri palatada var-gəl edir, arada pəncərədən boylanır, Günəşin əyilməsinə baxır, günün bitməsini gözləyirdi.

Baruti okadasını doğum evinin qarşısındakı doqoyaro ağacına söykədi, cibinə cınqıl yığdı, ağaca dırmaşıb Zuri yatan palatanın pəncərəsini daşladı. Zuri pəncərəni taybatay açdı, ağacın qanadında dişləri ağaran Barutini görüb ürəkləndi, gülümsədi, yançaqlarını oynada-oynada “Anna-anna-anna-do”* mahnısını oxudu.

– Zuri-Zuri, – Baruti bir əli ilə ağacın qanadından tutdu, o biri əlini yelləyib qışqırdı, – bəs qızımızın adını nə qoyaq?

– Baruti-Baruti, – Zuri belinə doladığı şalı bərkitdi, – bu gün cümə günüdür, gəl bugünün şəninə qızımızın adını “Afia” qoyaq.

– Zuri-Zuri, – Baruti bədənini pilolo rəqsindəki kimi oynatdı, – “Afia” adını bəyəndim, olsun!

Şənbə günü Zuri körpəsini qucağına alıb doğum evinin darvazasına çıxdı. Baruti okadasıyla gəlib onları evə – Yarobara qəbiləsinə aparmalı idi, amma o, gözə dəymirdi.

Afia ağladı. Zuri gözətçi damının turkana* muncuqları sallanan pəncərəsindən ona heyranlıqla baxan ortayaşlı kişini çağırdı. Kişi cəld Zurinin yanına gəldi, baş əydi, “Adım Kvamedir, xanım-xanım” – deyib durub gözlədi. Zuri körpəni ona verib yaxasını açdı, süd dolu iri döşünü çıxardı, gözətçidən körpəni alıb həyətdə gəzə-gəzə uşağı əmizdirdi.

Aradan bir saat keçdi. Barutinin okadasının tırıltısı eşidilmədi. Zuri Barutinin gəlməyəcəyini anladı. Ağlamsındı. Yaş gözlərinə dolan anda Afia qığıldadı. Zuri dərindən nəfəs alıb toxtadı. “Zuri-Zuri, – öz-özünə dedi, – ağlama, axı sənin belə göyçək qızın var! Görürsən, lap atası Baruti kimi gözəldir!”

Kvame gözətçi damından Zuriyə hələ də göz qoyurdu. Zurinin çoxdan gözlədiyini, həm də öz-özü ilə danışdığını görüb ona yaxınlaşdı:

– Xanım-xanım, görürəm, dərd sizi basıb, üzünüzə kədər qonub. Əriniz gəlmədiyinə görə qəmlənirsiniz?

Zuri başı ilə təsdiq etdi.

– Ay aman, vay aman, işi çıxıb yəqin, – Kvame Zuriyə bir az da yaxınlaşdı, – heç gəlməyəcək? Deyirəm, yəni heç gəlməyəcək? – əlinin kəskin hərəkətiylə havada “tamam” işarəsi cızdı.

– Bilmirəm axı. Nə bilə bilərəm ki? Gəlsəydi, indiyə gəlmiş olardı, – Zuri çiyinlərini çəkdi. – gəlməyibsə, demək gəlməyəcək.

– Onda.., – Kvame bir addım geri çəkildi, üst-başını çırpdı, barmaqları ilə qıvrım cod saçını şanalayıb birnəfəsə dedi, – onda mən sizin əriniz olum, xanım-xanım? Adımı bilirsiz, Kvamedir, boyumuz da uyğun gəlir.

Zuri gözətçini başdan ayağa süzdü:

– Düzdür, boyumuz uyğun gəlir. Həm də yaraşıqlısınız.

Kvame Zuriyə iki dəfə baş əydi.

– Cənab-cənab, – Zuri tərəddüdlə soruşdu, – siz qızımın atası olacaqsınız, ya mənim ərim?

– Mən sizin əriniz olacam, siz də körpənizin anası, – elə bil, gözətçi cavabı əvvəldən hazırlamışdı.

Zuri bir az fikirləşdi.

– Yaxşı, olsun, razıyam. İndi hara gedək?

Kvamenin içinə narahatlıq doldu. O, bunu üzünə qonmuş çaşqınlıq ifadəsilə çox aydın büruzə verdi.

– Mənim itambim* sizə layiq deyil, xanım-xanım, sizin eviniz yoxdur bəs?

– Eh, cənab-cənab, yoxdur mənim evim. Barutinin evinə gedə bilmərəm. Neynək, gəlin, sizin itambiyə gedək.

– Baruti sizin keçmiş ərinizdir, hə, xanım-xanım?

– Hə, keçmiş ərimin adı elə idi. Yaman yaxşı oğlanıydı, gəlib çıxmadı. Canı sağ olsun təki. Təzə ərimin adı Kvamedir, – Zuri bunu yavaşca dedi, qızını qucaqladığı əlinin dalı Kvamenin tüklü qoluna toxunanadək ona yaxınlaşdı.

– Kvamedir, bəli, xanım-xanım, Kvame, müdrik Coabın oğlu mehriban Kvame; ütəlgi adamdır, zəhmətkeş kişidir, bir keçisi var, – Kvame azacıq fasilə verdi, – bir dəfə evlənmək istəyib, nişanlısı onu atıb gedib, – Kvame yenə nəsə demək istədi, sözü dodaqları arasında sıxıb saxladı.

Zuri Kvameyə toxunmuş əlini onun tüklü qoluna sürtdü. Kvamenin gözü güldü, Zuridən üzr istəyib işdaşının dalınca qaçdı. Bir azdan Kvamenin yanınca gözünü ova-ova əsnəyən bir oğlan gəldi, açarları götürüb gözətçi damına girdi.

Kvame Zuridən körpəni alıb qabağa düşdü, Zuri də sevincək onun dalınca getdi. Onlar yola çıxıb iki okadas saxlatdılar. Bir okadasçının tərkinə bürüncəklə sinəsinə Afianı bağlamış Kvame, o birinin tərkinə Zuri minib Kvamenin qəbiləsinə – Saritaraya getdilər.

***

Kvamenin daxması Zurinin düşündüyündən xeyli səliqəli idi. İç-çöl divarları hamar suvaqlı, döşəməsi Barutinin daxmasındakı kimi malalanmış gərmə-təzəkdən yox, gilə düzülmüş qamışdan idi. Küncdə bambukdan düzəldilmiş ensiz qırxayaq çarpayı vardı. Divardan bir neçə qamış dolab asılmışdı.

Kvame Zurini körpəsilə evdə qoyub qəbiləyurdun ayağındakı həsirüstü bazara getdi, bazardan iki toyuq, səhər yeməyi kosai və funkaso üçün lazım olan paxlaları, günorta yeməyi tuvo və miya üçün pomidor, soğan, ədviyyat, kuskus, kilişi şişliyi üçünsə ət aldı.

Sevincdən Kvamenin ürəyi atlanırdı. “Nə yaxşı özünü toparlayıb sözünü Zuriyə deyə bildin, ay utancaq-tumançaq!” – Kvame səbətin qulpunu bir çiynindən o birinə keçirib düşündü, istədi atıla-atıla yerisin, səbətdəki toyuqları yadına salıb fikrindən daşındı.

Kvame evə çatan kimi ərzağı Zurinin qabağına düzdü.

– Zuri-Zuri, sən bunları yerbəyer elə, mən keçini rahatlayım, çimmək üçün su qızdırım.

Zuri Kvameni təriflədi; onun yaxşı kişi olduğunu, evi səliqəli saxladığını dedi. Kvame xoşhallandı, başını aşağı salıb ayağının burnu ilə döşəməni eşdi.

Kvame keçini yemləyib qazanda su asdı. Su qızanacan daxmasının ətrafına bir neçə dəfə dolandı, quru otla üstünü örtdüyü qamışlardan iki iri qucaq ayırdı. Çimmək üçün daxmanın kəllə qapısından girişi olan təkadamlıq qamış çiməcəyin dəlmə-deşiyinə ot tıxadı, (özü çiməndə o deşiklərdən Mara çayına axışan zebra və sığın sürülərinə baxmağı xoşlayırdı), su qazanını gətirdi, qazana soyuq su qatıb ilitdi, uzun dəstəkli taxta parçı, cansiləni asılqandan alıb qazanın yanına qoydu.

– Zuri-Zuri, yorulmusan, gəl çim, dincəl.

Zuri sevincək Kvamenin yanına gəldi, arxasını Kvameyə döndərib paltarlarını soyundu, Kvame parçla Zurinin başına, boynuna, çiyinlərinə su tökdü, Zuri yaxalandı, cansiləni belinə dolayıb üzünü Kvameyə çevirdi:

– Kvame-Kvame, canın sağ olsun, pilə kimi kişisən. Daxman nəm çəkməsin, dirəklərin kif tutmasın, keçin hər il cüt doğsun, nə yaxşı sənin kimi kişiyə ürcah oldum, ölmüşdüm, cimdim, dirildim.

Kvame alqışa sevindi, tərifdən utandı. Araya söz qatmaq üçün dedi:

– Zuri-Zuri, sən get rahatlan, mən də gedim yemək bişirim.

Zuri daxmaya girdi. Afia çarpayının ayağında səbətin içinə salınmış nalçanın üstündə yatırdı.

Kvame ocağı təzədən qaladı, xörək qazanına su doldurub ocağa asdı. Qamışların qabığını soydu, bir yarısını qolu boyda, o biri yarısını qıçı boyda ölçüb kəsdi.

Zuri Kvamenin yanına gəldi. Əynində Kvamenin bənövşəyi köynəyi vardı. Köynək əyninə gen olurdu. Zuri ərinə məftunluqla baxdı.

– Kvame-Kvame, güclü kişi, yorulmaz kişi, nə düzəldirsən?

– Zuri-Zuri, sənin qızın Afiaya beşik düzəldirəm, yerdə yatmasın, axı çarpayıda ikimiz yatacağıq, – Kvame qamışları iplə hörə-hörə ləzzətlə güldü, – Ömür boyu beşik düzəltməyi arzulamışam, – üz ifadəsi qəflətən sərtləşdi: – Zuri-Zuri, bilirsən o toyuqları niyə almışam?

Zuri soruşdu:

– O toyuqları niyə alımısan, Kvame-Kvame?

– Onları qəbiləxana verəcəm ki, bizim evlənməyimizə razı olsun.

– Kvame-Kvame, birdən qəbiləxan razı olmadı, onda bəs mən kimə ərə gedərəm?

– Yox, icazə verər, Zuri-Zuri, qəbiləxan müdrik adamdır. Çox müdrikdir, – Kvame dikəlib Zurinin qarşısında dayandı, – ağılı az olana ağıl verir, çətinə düşənə yol göstərir. Bilirsən nə gözəl sözlər bilir?! Deyir, adam qocalanda harda oturacağını bilmək istəyirsə, cavanlıqda harda durduğunu yadına salsın. Ya da bu, – Kvame uğundu, üzünə bir neçə yüngül şillə vurub gülməyini kəsdi, – deyir, pullu meymuna ərə getsən, pul qurtarar, meymun qalar.

Zuri əlini əlinə vurub xeyli güldü.

Kvame beşiyi hörüb tamamladı, daxmanın orta dirəyi ilə sağ tirinə ip bağladı, beşiyi ipdən asdı, hər tilinə fil sümüyü ilə meyvə dənələrindən düzəldilmiş muncuq dəsti bağlayıb Zuriyə baxdı:

– Zuri-Zuri, sənə bir söz deyim, gülmə.

– De, Kvame-Kvame, qorxma, gülmərəm.

– Bir dəfə.., – Kvame sözünə ara verdi, başını daxmanın qapısından çıxarıb ətrafda kimsənin olub-olmadığını yoxladı, – Zuri-Zuri, bir dəfə özümə yellənən yataq düzəltmək istəyirdim, düzəltdim də, amma… bilirsən, heç demə, yellənən yataqda tək yatmaq olmurmuş, adam yırğalandıqca, elə hey istəyir ki yanında ayrı adam da olsun. Başa düşürsən, Zuri-Zuri? Acığa düşüb yatağı sökdüm.

Zuri əlini Kvamenin cod saçına çəkdi. Kvame onun əlini ovcuna alıb öpdü, tez də dönüb daxmadan çıxdı.

Kvame əlində qığıldaşan iki toyuq, başını daxmanın qapısından içəri salıb yarıpıçıltı: “Zuri-Zuri, mənim cənnət almam, darıxma, sən bir mahnı oxu, mahnın bitənəcən qayıdacam” – deyib getdi.

***

Kvame evə gec qayıtdı. Kefi təlx idi. Zuri Kvamedən heç nə soruşmadı, eləcə, onun qabağında durub gözlərinə baxdı.

– Zuri-Zuri, – Kvame əzgin səslə dedi, – qəbiləxan müdrik adam deyilmiş, axmağın lap yekəsi imiş, sarsaqların öndəgedəniymiş, apardığım başıboş toyuqlar ondan ağıllı imiş!

Zuri Kvameyə yaxınlaşdı, onun əlindən tutdu:

– Kvame-Kvame, müdriklər porumlayıb, axmaqlar çoxalıb, sarsaqlar artıb, başıboşlar dünyanı ağzına alıb, özünü üzmə, de görüm, nə olub?

– Nə olacaq, Zuri-Zuri, – Kvamenin boğazına qəhər yığıldı, başını əlləri arasına aldı, – atam Coab yaxşı deyirdi ki, xarab başın qoxusunu burun duymaz. Qəbiləxan toyuqları sevincək qapdı, ötürdü hininə, qayıdıb əvvəl dedi, qırx gün cültəşməyək, sonra nə fikirləşdisə, dedi, bizim evlənməyimizə köhnə qayda ilə icazə verir.

Zuri hürkmüş at kimi bir neçə addım geri sıçradı, saçını üzünə töküb sifətini qapadı.

– Kvame-Kvame, axı o qayda çoxdan aradan çıxıb, indi insanlar dəyişib. Yox, yox! İstəmirəm! Mən qəbiləxanın yatağına girməyəcəm! – Zuri həyəcandan çöməldi, tez də durdu, – bəs indi biz neyləyək, Kvame-Kavame? Bəlkə.., -Zuri otağa göz gəzdirdi, divardan asılmış çapağı götürüb Kvameyə uzatdı, – bəlkə sən onu öldürəsən?! – əlini çapağın tiyəsinə sürtdü, – çapağı dikinə başına vur, öləcək.

Kvame Zuriyə yaxınlaşdı, çapağı ondan aldı, saçlarını üzündən yığdı, alnından öpdü.

– Başqa əlac yoxdur, Zuri-Zuri, mənim qayışbaldır cüllütüm, mənim qızılboyun flaminqom, həyatda bəzən düşünülmüş yanlış qərarlar vermək lazım gəlir, məsələn, mən nişanlımdan ayrılanda, daha doğrusu, nişanlım məni atıb gedəndə, qapının ağzında durdu, – Kvame qapıya tərəf gedib ayaqlarını yerə vurdu, – bax elə burda dayandı, mənə acıqla baxıb dedi: “Kvame-Kvame, qoca zahı cavan hadıxdan yaxşıdır. Dur durduğun yerdə, ardımca baxma, dalımca gəlmə!” Mən ondan ötrü çox darıxdım, amma qəti qərar verdim ki, heç vaxt onun ardınca baxmayacam, dalınca getməyəcəm! Axı qara dəməyini boz divara zəiflər dayayar. Bax indi də elə bir yanlış, amma ciddi, sərt qərar vermək zamanıdır, Zuri-Zuri, məni anlayırsan? Keçmiş adətlər tumboa kolu kimidır, yapalaq yarpaqları yanır, kökü qalır. Amma mən Kvameyəm, Coab oğlu Kvame! Çətin işlərin öhdəsindən gələ bilən qırx yaşlı dünyagörmüş kişiyəm, – Kvame yüngülcə sinəsinə vurdu, səsini qısdı, – uzun həyatımdan götürdüyüm dərslərdən ən vacibini deyim, yadında saxla, Zuri-Zuri: Boğduğun dərd – dərdlərin ən şirinidir. Sən ürəyini üzmə, həll edəcəm, – Kvame çapağı başı üzərinə qaldırdı, qətiyyətlə bağırdı: – Kifayətdi! Bəsdi! Yetər! Yəni tamam!

Zuri daxmanın küncünə sıçradı:

– Deməli, sən onu öldürəcəksən, hə, Kvame-Kvame?! Mənim qonuryalmanlı aslanım! Mənim incəzolaq pələngim!

– Zuri-Zuri, mən onu ağır dərdə salıb diri-zarıncı edəcəm, birdəfəyə öldürməyəcəm, ölümünü sonsuzluğa qədər uzadacam. Bilirsən necə?

Zuri sual dolu baxışlarını Kvameyə zillədi.

– Keçimi verəcəm ona, mumlasın! Mumlaya-mumlaya çatlasın! – Kvame sirr açırmış kimi pıçıltı ilə dedi.

Zurinin gözünə işıq gəldi, yaxınlaşıb Kvamenin çapaq tutan əlini öpdü.

Kvame çapağı yerinə asdı, qapıya tərəf bir addm atıb qanrıldı:

– Zuri-Zuri, sənin o işlərdən başın çıxır, hə? – əllərini atası Coabın ən ağır söyüş saydığı “Mara çayında avar çəkən dəli mzunqular*” kimi geri apardı, – istəyirəm, qəbiləxana deyim ki, sən o dərsləri keçmisən.

Zuri əlini qarnına sürtüb gülə-gülə dedi:

– Kvame-Kvame, huşsuz kişi, başsız kişi, yadından çıxıb bəyəm? Mənim Afiya boyda qızım var! Qəbiləxana de ki, sənin Zurin o dərsləri əzbər bilir!

Kvame razılıqla başını tərpədib qapıdan çıxdı. Dirəyə bağladığı keçinin ipindən yapışıb qəbiləxanın evinə tərəf sürdü.

***

Zuri su şırıltısı eşidib daxmanın kəllə qapısını açdı. Kvame çimirdi, Zurini görən kimi dəsmala sarındı.

– Kvame-Kvame, canın yanmasın, soyuq su ilə çimirsən?!

– Içim qızıb, Zuri-Zuri. Həm də su ilinib, qorxma, soyuqlamaram. Sən yeməyi qızdır, mən də gəlirəm.

Süfrə başında Kvame həyəcanlı görünürdü. Zuri isə çox sakit idi. Kvame taxta çəngəli hər dəfə qiyməyə batırıb ağzına aparanda sevgi ilə Zuriyə baxır, qiyməni udan kimi “bu gün xörək yaman dadlı çıxıb!” deyirdi. Zuri hər dəfə Kvameyə bir cür cavab verirdi: “Nuş olsun”, “Qut tutsun”, “Canına yayılsın”.

Yeməkdən sonra Kvame süfrəni yığışdırdı, qabları qazana qalaqlayıb qapağı örtdü.

– Axşam düşür, Zuri-Zuri, gedək yataq.

Zuri başını qapıdan çıxarıb çölə baxdı:

– Kvame-Kvame, gün hələ batmayıb axı, belə tez yataq?

Kvame də qapıya çıxdı, batmaqda olan Günəşə baxdı:

– Əcəb işdir! Günəş bu gün batmaq istəmir, -Zuriyə baxıb çiyinlərini çəkib güldü, – bilmirəm, mən tələsmişəm, ya Günəş gecikib?

Zuri də Kvameyə qoşulub güldü.

Gün batdı. Kvame bir necə gərilmə hərəkəti elədi, şalvarını soyunmaq üçün yanını qırxayaq çarpayıya qoydu. Çarpayının çitəmə bambuk ayaqları cırıldadı.

Afia oyanıb ağladı. Zuri körpəni beşikdən götürüb əmizdirdi, bələyini dəyişdi, dəyişəyi büküb çölə çıxdı. Kvame şalvarının kəndirini bağlayıb cəld Zurinin dalınca qaçdı. Çöldə hava mülayim idi. Sərin meh Kvamenin üzünü yaladı. Ağcaqanad da az idi. Kvame Zuriyə yaxınlaşıb pıçıltı ilə dedi:

– Zuri-Zuri, axı qırx gün çoxdur. Bəlkə, azaldaq? Qəbiləxan ikimizə qırx gün verib, deməli, hərəmizə iyirmi gün düşür.

Zuri onunla razılaşdı:

– Hə, Kvame-Kvame, ərdəmli kişi, tədbirli kişi, düz deyirsən, azaldaq, qəbiləxan kimin ayağının kiminkinə dolaşdığını nə bilə bilər?

Zuri ilə Kvame daxmaya qayıtdılar. Afia yatmışdı. Kvame çırağın işığını azaltdı, şalvarını, alt tumanını soyundu, köynəyi soyunmaq istəyəndə yatağın ensiz olduğunu, Zuri ilə ikisinin yatağa sığışmayacağını anladı. Çarpayının qabağında dayanıb başını qaşıdı.

Zuri paltarını sivirib çıxaranda Kvamenin başını qaşıdığını gördü.

– Başındakı qayğıları qaşıyırsan, mənim ayğırım?

Kvame köynəyinin ətəyini aşağı dartıb budortasına çatan həcəmətini örtdü, Zuriyə tərəf döndü:

– Zuri-Zuri, ikimiz bu çarpayıya sığışmarıq axı, bəs neyləyək?

Zuri çarpayıya yaxınlaşdı, əlini yataq boyu aşağı-yuxarı çəkib dedi:

– Ayaqlarımız bir-birinə öyrəşənəcən baş-ayaq yataq.

Yebo!*- Kvame qəliz məsələyə asan çarə tapıldığı üçün sevincdən əlini dizinə vurdu.

Kvame ilə Zuri başayaq yatdılar. Zuri bir ayağını Kvamenin qarnından aşırdı, o biri ayağını qatlayıb damın bambuk divarına söykədi.

Kvamenin gözünə yuxu getmirdi.

– Zuri-Zuri, – Kvame Afianı oyatmamaq üçün astadan dedi, – düzünü de, çarəsizlikdən mənə ərə gəlmisən, hə?

Zuri cavabı uzatmadı:

– Hə, Kvame-Kvame, Afia ilə ortalıqda qalmaqdan bərk qorxdum. Sən də düzünü de, Kvame Zuri olsaydı, qorxmazdı?

Kvame mızıldandı, nə deyəcəyini saf-çürük eləmək üçün Zurinin baldırına bir neçə dəfə sığal çəkdi:

– Kvame Zuri olsaydı, bərk qorxardı, düz deyirsən, Zuri-Zuri.

***

Kvame səhəri dirigözlü açdı.

Zuri zümzümə edə-edə Afianı əmizdirirdi. Kvame Zuriyə işıqlı sabahlar arzuladı, paxlalı kosai kökələri bişirib süfrəyə düzdü, hər ikisi kökələrini dinməzcə yedi. Kvame süfrəni yığışdırdı, kökələrdən bir neçəsini büküb çantasına qoydu, Afianın alnından öpüb Zurinin qarşısında dayandı, ona heyran-heyran baxdı:

– Zuri-Zuri, bədirlənmiş Ay səni sevirsə, ulduzları boş burax.

– Kvame-Kvame, mənim qayğıkeş ərim, – Zuri əlini Kvamenin əlinə sürtdü, – get, işlə, pul qazan, indi sənin ailən üç nəfərdir.

Kvame okadasçıların duracağına tərəf addımlaya-addımlaya bəxtinə düşən qəfil xoşbəxtlikdən həzz alır, Zurini göylərdən enmiş cənnət mələyi sanır, baba-nənələrinin buludlarda, ağaclarda, qayalarda yaşayan ruhuna dua edirdi. Okadasın tərkində oturub tozlu küçələrlə şütüyəndə belə Kvame başını gah sağa, gah sola əyir, qabaqda gedən maşınların buraxdığı qalın tüstüyə qarışmış mehin sifətini yalamasını Jokun* müjdəsi sayırdı.

Birinci gün Kvame işdən qayıdanda beyninə atası Coabın “Qələbə addımla yox, qarışla ölçülür” sözü düşdü. Zuri kimi yaraşıqlı, cavan, şirindil, əsas da yanıbalalı ahunu tora sala bilməsindən xeyli fərəhləndi.

İkinci gün də xoş başladı, xoş da bitdi. Kvame işə gedəndə də, işdən qayıdanda da axirət haqda düşüncələr içində üzdü. O, doğulmazdan öncə, cənnətdə Orinin* nəzarəti altında düzgün seçim etdiyini düşündükcə sevinir, bəxtinə alqış deyirdi.

Üçüncü gün Kvame artıq düşünməkdən yoruldu. Bütün günü başına girən fikirləri tezcə qovdu. Düzdür, naharqabağı “Görəsən insan südü dadlıdır, ya keçi südü?” sualı onun beynini bir az məşğul etdi və hətta bunu yoxlamaq üçün ağlından Afianın payından bir az dadmaq da keçdi, amma keçisini qəbiləxana verdiyini yadına salıb hər şeyi unutdu.

Sonrakı günlər yeknəsək keçdi. Kvame arada onu qıdıqlayan ehtirasını söndürmək üçün bütün boş vaxtını sığın buynuzundan müncuq düzəltməyə sərf etdi. Hər gün işdən qayıdan kimi ilk işi düzəltdiyi muncuq dəstini Afianın beşiyindən asmaq olurdu.

On yeddinci günün gecəsi Kvame yataqdan sürüşüb yıxıldığına görə Zuri Kvameyə ikinci çarpayı düzəltməyi təklif etdi, amma onun: “Bambuku bu ay kəsmək günahdır, kəssək, uşağın olmaz” cavabından sonra başayaq yatmağa davam etdilər.

Son iki gün Kvameyə əzablı quraqlıq ayları qədər uzun gəldi.

Ötən on doqquz gün ərzində Kvame nəfəs aldığı üçün Emiyə*, onu cənnətə qədər izləyən kölgəsi Ojiji*yə yüz dəfə dua etdi, Zuriyə qovuşacağı gecə Eleda*ya çəhrayı kəkilli bir toyuq qurban kəsəcəyini ürəyinin lap dərinliyindən keçirdi.

İyirminci günün səhəri Kvame erkən oyandı. Canına manqo şirəsi kimi dadlı gizilti yayıldı, kefi kökəldi. Zurinin topuğunu xeyli tumarladı, sinəsindən köndələn aşırdığı sığallı ayağını ehmalca qaldırıb yatağa uzatdı.

Kvame iş gününün bitməsini səbirsizliklə gözləyirdi. Bu gün o hədsiz mehriban olmuşdu; doğum evindən çıxan cütlüklərin qabağına qaçıb ürəkdən təbrik edir, atanı qucaqlayır, anaya baş əyirdi. Kvame özü də bir gün Zuri ilə bu qapıdan çıxacağını xəyalına gətirdikcə qabırğalaranın arası vicildəyirdi. O, bu qapını Zuri üçün ən azı iki dəfə taybatay açmağı arzulayırdı. Kvame Afiaya bir bacı, bir qardaş istəyirdi. Övladlarının hər birinə ayrıca itambi tikəcək, çoxlu keçi alacaqdı. Oğlu çəpişlərin qulağını dişləyib bəyirdəndə Kvame qəşş eləyib qarnını tutacaqdı.

İş gününü bitirib okadas duracağına gedəndə Kvame yolun qırağında müqəvva kimi dayanıb gözünü uzaqdakı hansısa məchul nöqtəyə zilləmiş qoca dilənçiyə yanaşdı, ona pul uzatdı:

– Məni yadında saxla, qoca. Mən Zurinin əri Kvameyəm.

Dilənçi bulanıq gözlərini aramla endirib Kvameni süzdü, əlinin dalı ilə pul geri qaytardı, astadan dedi:

– Zurinin əri, görürsən də, ölə bilmirəm.

Kvame nə cavab verəcəyini fikirləşincə, qoca uzaqlaşdı.

Kvamenin canına qor doldu. Ayaqları keyidi. Atası Coab can verəndə dediyi “Ölüm insan ömrünün sağalmayan yarasıdır” sözlərini yadına saldı, kefi tamam pozuldu. Səki daşının üstündə oturub başını əlləri arasına aldı. Tanış okadasçı qoluna toxnub onu fikirdən ayırmasaydı, hələ çox oturacaqdı.

Kvame daş yolda okadasdan düşüb evinə tərəf addımladı. Daxmasının iyirmi addımlığında ağaca söykəli qara okadas görəndə dalağı sancdı. Daxması gözündə qaraldı.

Kvame daxmanın qapısını ehiyatla açdı. Zuri bardaş qurub oturmuşdu; bir əli ilə Afianın beşiyini yırğalayır, o biri əli ilə başını onun dizinə qoyub uzanmış oğlanın saçını tumarlayırdı.

– Zuri-Zuri, bu məxluq kimdir?! – Kvame qorxu qarışıq acıqla soruşdu.

– Bu, Barutidir, Kvame-Kavame, doğum evinin yanındakı okadasçılardan soraqlaşıb, axtarıb məni tapıb. Yaman yorulub. Deyir, okadası ilə qırxbuğum saçlı bir şəhərli qızı aparırmış, qızın ondan xoşu gəlib, gediblər şəhərdə yaşamağa, şəhər əvvəl xoşuna gəlib, sonra bezib, qayıdıb. İndi bir yerdəyik.

– Zuri-Zuri, bəs indi Coabın oğlu yazıq Kvame neyləsin?!

Zuri dinmədi.

– Bu insan bizdə qalacaq, Zuri-Zuri? – Kvame çaşqınlıqla soruşdu.

– Bilmirəm, Kvame-Kvame, elə bayaqdan onu fikirləşirəm. Sən ağıllı kişisən, bəlkə sən deyəsən?

Kvame fikrə getdi. Bir neçə dəfə dərindən nəfəs aldı, başını buladı, dişlərini qıcayıb dedi:

– Yaxşı, oyansın, ona çətin suallar verəcəm, tapsa, üçümüz də bir evdə yaşayarıq, tapmasa, çıxıb gedər öz qəbiləsinə.

Zuri Barutini silkələdi. Baruti gözlərini açdı, əlini tənbəl-tənbəl döşəməyə dayaqlayıb oturdu, alnını dizinə söykədi. Kvame onun sağına-soluna keçdi, sınayıcı nəzərlə onu xeyli süzdü.

– Baruti-Baruti, – Kvame acıqla dedi, – sən Zurini itirmişdin, mən tapdım, indi bizdən nə istəyirsən?

Baruti gözləri ovdu:

– Mən itirməmişdim, özü itmişdi.

– Sən əlindəkini dəyərləndirə bilmirsən! -Kvame səsini qaldırdı, – Zurinin ayaqları artıq mənimkinə öyrəşib. Dur, çıx get tapışdığın o şəhərli qızın yanına.

Baruti əsnədi:

– Şəhər yeməklərini bəyənmədim.

Barutinin etinasızlığı Kvameni daha da hiddətləndirdi.

– Sən evləndin, qızın doğuldu, arvadınla qızını doğum evində qoyub qaçdın. Sən ailənin nə demək olduğunu anlamırsan! – Kvame Barutinin ayağına bir təpik vurdu, – de görüm, sən niyə evlənmişdin?

Baruti başını dizindən ayırmadan Zurinin donunu qaldırdı, əlini onun paçası arasına soxub laqeydliklə dedi:

– Evlənmişdim ki, əl atanda bax bu ubulili* əlimin altında olsun.

Zuri qaqqıldayıb güldü, Barutinin qulağını dartdı.

– Əlini çək! O ubulili artıq mənimdir, – Kvame Barutiyə qıcandı.

Zuri onları sakitləşdirdi. Çantasından iki alma çıxarıb birini Barutiyə, birini də Kvameyə uzatdı:

– Savaşmayın, alma xartladın. Unutmayın, üstünü mamır örtmüş müqəddəs daşlarımız, qanadlarını yelləyib bizimlə danışan ağaclarımız deyir ki, evdə iki kişi, bir qadın varsa, son sözü qadın deyər, – Zuri kibrit qutusundan iki çöp çıxardı, əvvəl Kvameyə, sonra Barutiyə göstərdi, – baxın, bu çöplərdən birinin ayağını qırıram, kim uzun çöpü çəksə, bu gecə ubulilim onun olacaq.

Zuri ayağa durdu, çöpləri Kvamenin gözü qarşısına tutdu. Kvame tərəddüdlə əlini çöplərə uzadıb tez də çəkdi:

– Zuri-Zuri, mən səni sevirəm!

Zuri çöpləri Kvamenin burnunun ucuna yaxınlaşdırıb sərt tonla dedi:

– Kvame-Kvame, şeir vaxtı deyil, çöp çək!

Kvame əlini bir neçə dəfə çöplərə aparıb qaytardı, sinəsini hava ilə doldurub üfürdü, çöpün birini çəkdi.

Kvame nə qısa çöpü çəkməsindən, nə də Zurinin aşkar sevinclə “Bu gecə ubulilim Barutinindir!” sözlərindən incidi, onun qəlbi otağı yığışdıranda dolçanın yanına düşmüş ikinci qırıq kibrit çöpünü tapanda cilikləndi.

Kvame axşam yeməyini həvəssiz bişirdi. Kəfkir dalınca daxmaya girəndə Zuri ilə Barutinin öpüşdüyünü görüb lap dilxor oldu.

***

Baruti ilə Zuri bir-birini çimdikləyə-çimdikləyə yatağa girdilər. Kvame Afianın beşiyi altında yerə döşək salıb uzandı, dalını ikrahla çarpayıya tərəf döndərdi, bədəninin hərəkəti ilə yataqdakılara kimin altda, kimin üstdə uzandığının onun vecinə də olmadığını çatdırdı.

Qırxayağın cırıltısı, Barutinin kəhiltisi, Zurinin iniltisi artdıqca, Kvame şirin yuxuda olan Afianın beşiyini daha bərk yırğalayır, sallanan muncuqların şaqqıltısı ilə canını üzən səsləri boğmağa çalışırdı.

Baruti ilə Zuri işlərini bitirdilər. Baruti yataqdan durub çubuq yandırdı, çubuğu sümürə-sümürə barmaqları ilə divarı əsəbiliklə taqqıldadan Kvamenin yanından saymazyana keçdi, daxmanın qapısında əyniyalın dayanıb çubuğa bir neçə qullab vurdu, təzədən yatağa qayıdıb Zuri ilə başayaq yatdı.

Kvame səhəri əzgin açdı; bütün əzaları sızıldayırdı. Ruhu keyimiş, gözündə ümidin son işartıları da ölmüşdü.

Zuri durub geyindi, Kvameyə dilucu salam verib çantasını eşələdi. Qamış dolabdan pul götürüb həsirüstü bazara getdi.

Baruti yüngülcə xoruldayırdı.

Kvame Zurinin arxasınca çıxdı, ona kömək təklif etdi, Zuri əlini yelləyib onu dala qaytardı.

Kvame daxmada xeyli vurnuxdu; gah Barutiyə yanaşdı, gah Afianın beşiyinə, gah da başını daxmadan çıxarıb Zuri gedən tərəfə baxdı. Şalvarını soyundu, hər ayağın ucunu ayrıca düyünlədi. Başını daxmanın qapısından bir dəfə də çıxarıb ətrafa baxdı, sakitlik olduğunu görüb, ehtiyatla çarpayıya yaxınlaşdı. Şalvarın bir ayağını Barutinin sinəsindən aşırıb çarpayının altından qapdı, ucları sağ əlinə yığdı. Barutinin çarpayıdan sallanan sol əlini ayaqları arasına aldı, sol əliylə onun sağ biləyindən yapışdı. Sağ əlinin cəld hərəkətiylə şalvarı Barutinin sifətinə sürüşdürüb ağız-bununu qapadı, var gücü ilə şalvarın uclarını dartdı. Baruti çapalayıb durmaq istədi, ayaq atıb daxmanın divarını döyəclədi, amma Kvame güclü qollarıyla onu qalxmağa qoymadı. Kvame bütün ağırlığını Barutinin üstünə saldı və gözlədi. Barutinin xırıltısına Afia oyanıb ağladı.

Kvamenin alnında tər puçurlandı. Hər dəfə tər damcısı yalançı yaz yağışının iri damlası kimi Barutinin alnına dəyib çırtladıqca, Kvame Barutinin alın yazısının bir hərfini pozduğunu düşünürdü.

Afianın çığırtısı artıqca Kvame şalvarın uclarını daha möhkəm dartır, sinəsini Barutinin üzünə daha bərk sıxırdı.

Barutinin çırpınması yavaş-yavaş səngidi, ayaqlarını son dəfə qatlayıb açdı, qolları boşaldı, bədəni lam düşdü. Kvame əlini ehtiyatla boşaltdı, ayağını uzadıb Afianın beşiyini yırğaladı. Kvame Barutinin canını Joka tapşırdığına əmin olan kimi yerə düşmüş bürüncəyi götürdü, Barutinin cəmdəyinə tüpürüb bürüncəyi onun üstünə sərdi, şalvarının düyünlərini açdı, bir neçə dəfə çırpıb geyindi. Fikrini dağıtmaq üçün çöməlib həvənkdəstədə duz əzməyə başladı.

Zuri bazardan kefikök qayıtdı. “Anna-anna-anna-do” mahnısını zümzümə edə-edə daxmaya girdi, bazarlığı Kvamenin qabağına qoydu.

– Kvame-Kvame, kefin hələ durulmayıb?

Kvame dinmədi.

Zuri yatağa təfərə göz atdı:

– Baruti hələ oyanmayıb?

– Yox, oyanmayıb, görünür, gecə daş daşıyıb, – Kvame Zurinin adını çəkməyib hiss olunan açıqla cavab verdi.

Zuri Kvameyə yaxınlaşdı, əlinin dalını onun üzünə sürtdü.

– Küsü-küsü küsəyən kişi, acı dodağını büzəyən kişi, kefini pozma, bəxtin gətirsə, uzun çöpü çəksən, bu gecə ubulilim sənin olar.

Kvame Zuriyə qeyzli baxış atdı, istədi bu dəfə çöpləri yoxlayacağını desin, sözünü uddu, əvəzində istehzalı tonda dedi:

– Bəxtim mütləq gətirəcək!

Zuri onun inamla dediyi sözlərə işvə ilə cavab verdi:

– Görək də, Kvame-Kvame, bəxtli kişi, onu ubulili bilər.

Zuri ət doğramağa başladı. Evə bir neçə atmilçəyi girdi. Zuri əti bir neçə dəfə burnuna yaxınlaşdırıb qoxuladı, qəssabın qarasınca danışdı.

Daxmada milçəklərin sayı artdı. Zuri Afianın paltarlarından birini qapıb söylənə-söylənə onları qovmağa başladı. Zuri əti həyətdə yumağa gedib qayıdanda burnunu tutub Kvameyə çəmkirdi:

– Bu nə iydir, Kvame-Kvame, səndən gəlir?

Kvame astadan dedi:

– Mən tər-təmizəm, iy sənin ruhundan gəlir.

Zuri donquldandı. Çarpayıya yaxınlaşıb mehriban səslə Barutini səslədi:

– Baruti-Baruti, gözəl oğlan, oyan görək, səhər yeməyinin vaxtıdır, ac qalma.

Barutidən səs çıxmadı.

– Qız atası bu qədər yatağan olmaz, – Kvame ortaya dedi.

Zuri Barutini oyatmaq üçün onun ayağına bir neçə şillə vurdu.

– Kvame-Kvame, Baruti oyanmır, bəlkə sən oyadasan?

Kvame yerindən tərpənmədi. Həvənkdəstəni daha bərk döyəclədi.

Bir azdan Zuri təzədən çarpayıya yaxınlaşdı, Barutini çağırdı:

– Baruti-Baruti, yaraşıqlı oğlan, oyan, səndən it iyi gəlir, get çim, – Zuri onu bir neçə dəfə silkələdi, tərpənmədiyini görüb Barutinin burnunu sıxdı, onun yenə reaksiya vermədiyini görüb geri çəkildi, – Kvame-Kvame, deyəsən, Baruti nəfəs almır.

Kvame eyni laqeydliklə dilləndi:

– Bəlkə ölüb?

– Yox, ölməyib. Niyə ölsün? Ölə bilməz axı!- Zuri inamla dedi, – eləcə, nəfəs almır, Zuri Barutinin üzünə bir neçə asta şillə vurdu, şillələrin gücünü getdikcə artırdı, Barutinin öldüyünü dərk etdi, – deyəsən, doğrudan ölüb, Kvame-Kvame. Bədbəxt oldum!

Kvame yerindən sıçrayıb Zuriyə yaxınlaşdı, onun əlindən tutdu:

– Bədbəxt niyə olursan, Zuri-Zuri, bəs mən nəyəm, baobab ağacıyam?!

Zuri Kvameyə sıxıldı. Kvame onu qucaqladı.

– Ölsə, neyləyəcəyik, Kvame-Kvame?

Kvame onun açıq çiynindən, boynundan, qulaqlarından öpdü:

– Ölsə, basdıracağıq.

***

Gecəyarısı Kvame ilə Zuri Barutini bir neçə bürüncəyə sarıdılar, meyiti qamışlığa aparıb Kvamenin orda qazdığı iki çaladan birində basdırıb qayıtdılar. Kvame bir az dincini alandan sonra Barutinin okadasını aparıb qamışlıqdakı ikinci çalada basdırdı.

Kvame divara söykənib ayaqlarını uzatdı. Zuri Kvamenin qarşısında diz üstə çökdü. Onlar çırağın zəif işığında bir-birinin gözünə baxıb xeyli susdular.

– Kvame-Kvame, – Zuri Kvamenin ayaqlarını dizləri arasına aldı, donunun ətəyini qurşağına qədər çirməyib dizin-dizin Kvameyə tərəf süründü, onun şalvarının düymələrini açdı, qucağında oturub budları ilə onu qucaqladı, – indi mən kiməm? Sən mənə nə ad qoyarsan?

– Sən,.. – Kvame gözlərini yumub ləzzətlə inildədi, – sən – keçmiş əri qamışlıqda, qızı beşikdə, əri müdrik Coabın oğlu Kvame olan, ruhunu Oridən almış Zurisən.

Zuri Kvamenin çiyinlərindən yapışıb özünə tərəf çəkdi, giləsindən süd damcılayan döşünü onun ağzına soxdu, nəfəsi təngiyə-təngiyə soruşdu:

– Bəs sən kimsən, Kvame-Kvame?

– Mənsə, – Kvame Zurinin döşünü əmə-əmə ağzının qırağı ilə dedi, – qırx il anasız yaşamış, ruhunu Jokdan almış, Zurinin əri, Afianın atası Kvameyəm, Zuri-Zuri.

_______________________________

Izahlar

*Okadas -motosiklet-taksi

*Pilolo – cəld hərəkətli rəqs

*Turkana – tayfa. Turkanalılar zulu və masay tayfaları kimi bəzək əşyaları düzəltməkdə mahirdirlər

*İtambi – qamış daxma

*Mzunqu – “ağ adam”. Afrikalıların avropalılara verdiyi ad

*Ubulili – vagina, “sevişmə”

*Jok – Tanrı ilə İblisin vəhdəti.

*Emi – nəfəs. İnsanı diri saxlayan əsas qüvvə. İnanca görə, Eminin yeməyi küləkdən ibarətdir.

*Ojiji – insanın kölgəsi. İnanca görə, Ojiji sahibini ölənə və cənnətə qayıdana qədər izləyir.

*Eleda – mələk. Qurbanlıq ruhu.

*Ori – “baş”, “beyin”. Ori insanın uğurlu və uğursuz seçiminə nəzarət edən tanrıdır.

*Yebo – “hə” (Zulu dilində)

*”Anna anna anna do” – Svahili mahnısı.

Share: