“Dərmanların ucuzlaşması sosial baxımdan xüsusi əhəmiyyətli addımdır” – ŞƏRH + FOTO

“Dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsi, bununla yanaşı qiymətlərin optimallaşdırılması vətəndaşların dərman preparatlarına əlçatanlığının artırılması üçün vacibdir”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib. O qeyd edib ki, Tarif Şurasının yeni qərarı vətəndaşların dərmanları daha ucuz ala bilməsinə, əvvəlki dövrlərdə tapılmayan, qıt hesab edilən dərmanların apteklərdə optimal qiymətlə satılmasına imkan verəcək:

“Bu baxımdan dərman preparatlarının qiymətlərinin ucuzlaşdırılması rəqabətin də artırılmasına şərait yaradacaq.

Artıq bəzi dərmanların, xüsusilə tapılmayan dərmanların apteklərə gətirildiyini, bu sahədə narahatlıqların azaldığını müşahidə edirik. Mərhələli şəkildə dərman bazarında keyfiyyətin yüksəlməsi, qiymətlərin ciddi şəkildə ucuzlaşması müşahidə olunacaq.

Vətəndaşların dərman xərclərinin azalması ailə büdcəsinin nizamlanmasına müsbət təsir göstərəcək. Nəticədə, bunu sosial baxımdan xüsusi əhəmiyyətli addım hesab edə bilərik.

Həmçinin, dərman bazarı ciddi əhəmiyyət daşıyan sahədir və burada sağlam rəqabətin təmin edilməsi digər sahələrə də təsirsiz ötüşməyəcək”.   

Qeyd edək ki, 15 sentyabr 2023-cü il tarixində Tarif (qiymət) Şurasının keçirilən növbəti iclasında dərman vasitələrinin ucuzlaşmasına səbəb olacaq qərar qəbul edilib. Belə ki, iclasda Tarif Şurası hazırkı vaxtadək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərar qəbul edib.

Aysel Aslan

Share: