Dəniz,  külək, o və xatirələr…

Təranə FAZİLQIZInın hekayəsi

İşin çoxluğundan təngə gələndə, şəhərdəki  tıxaclar onu  bezdirəndə bağlarına üz tutardı. Pünhan dostlarına yaxın olmaq, dənizin qoxusunu ciyərlərinə çəkmək istəyirdi. Səmaya dikilən baxışları axşamlar ulduzları saymaqla, gündüzlər isə hay-küylü qağayılara baxmaqla keçərdi. Sahildə diyircəkli balıqqulaqları axtarıb tapar, qulağına yaxınlaşdırıb səsləri eşitməyə çalışardı. Yığdığı balıqqulaqlarını ovcuna yerləşdirə bilməyəndə, donunun ətəyini yığardı. Ağlı kəsəndən su qrafinində irili-xırdalı balqqulaqları görmüşdü. Soruşanda,  “Su sərin olur, axşamalar dalğaların uğultusu gəlir” demişdi, nənəsi.  Nə sirr idisə bacı-qardaşlarından daha çox nağıllara o, inanardı. Külək dalğaları şahə qalxızıb sahilə çırpanda, sahilboyu qum tozunağında göz-gözü görməyəndə, dənizdə kiminsə batdığını  deyərdi,  böyüklər. Böyüklərin sözlərinə görə dəniz bu halı ilə bədbəxt bir hadisənin, faciənin baş verdiyini xəbərdar edərdi. Bəlkə elə o gündən  dənizin sehrinə düşmüşdü.

Bağ sarıdan bəxti gətirmişdi, dənizə  lap yaxın idilər. May  gələr-gəlməz səbirsizliklə dərslərin qurtarmasını gözləyirdi. İyunun ortalarında ailəliklə bağa köçərdilər. Onun üçün yay bağa köçdükləri gündən başlanardı.

Adət etmişdi, dan yeri ağarmamış sahilboyu ayaqyalın qumluqda gəzər, “yoruldum” belə deməzdi.  Ayağına dəyən nəm torpaq, yosunlar, Günəşin doğması onu ovsunlayar, bütün vücudunu  riqqətə gətirərdi.

Bu mövsüm də dərslər qurtarmış, uşaqlar yay tətilinə buraxılmışdı. Bağa gəldikləri üç gün idi. Tam yerbəyer olmasalar da, xəlvətə salıb iki daşın arasında gözdən oğurlandı. Əynindəki köhnə şalvarın balaqlarını dizə qədər çırmalayıb tez- tələsik dənizə doğru yol aldı. Dalğaların döydüyü kələ-kötür, çopur  daşın  üstündə oturub bir hovur dincəlmək, dənizlə baş-başa qalmaq istədi. Ayaqlarını aramla  suya sallayıb ətrafa  baxdı. Dəniz soyuq idi. Canına üşütmə düşsə də, bu gizilti ürəyini oxşadı. Bir az aralıda bir-birinə sığınmış cütlük vardı. Qolunu qızın belinə dolayan gənc digər əlini irəli-geri ölçərək bütün vücudu ilə hərəkət edərək nə isə danışırdı. Elə bil sözlərinin doğruluğunu sübut etməyə çalışırdı. Yanındakı  bəstəboy qızın halı  ürkək  böcəyə bənzəyirdi. Bir anlıq ona elə gəldi ki, qız bu görüşdən o qədər də məsud deyil. Nəzərini onlardan çəkib xeyli aralıda heykəl kimi durmuş balıqçılara tuşladı.Qarmağa düşəcək ovunu gözləyən balıqçının balıqdan başqa nə arzusu ola bilərdi, – deyə fikirləşdi.  Xəzərdən gələn meh çala-çuxura  dürtülmüş  rəngli termosları, balıqçıların ərzaqla dolu olan salafan kuloklarını  yellənçək  kimi tərpətsə də, aşırda bilmirdi. Dalğalar  cuşa gəlir, köpüklü sularını qayalara çırpıb yenidən dənizə dönürdülər.  Qağayılar həmişəki kimi səs salaraq, qanadlarını suya vurur, balıq tutduqda,  şahanə görkəmlə səmaya qalxırdılar.

Sığındığı xatirələri vərəqləməyə, o illəri xatırlamağa tələsdi. Yan-yana düzülmüş əncir ağacları, qumluğa sovrulmuş üzüm salxımları, quyudan çəkdikləri şirin su, daha nələr, nələr yadına düşdü…

Xatirələrin axarında özünü elə unutmuşdu ki, gülümsəyir, hisslərə qapılıb təəssüflə başını yırğalayırdı. Çox sevdiyi yer baş-başa qaldığı  qoşa badam ağaclarının yanı idi. Köhnə yaşıl palazı anasının təkidiylə qumluğa sərib kölgəlikdə kitab oxuyardı. Yorulanda uzanıb səmaya baxmağı çox sevərdi. Duyğulu hisslər oyadan, onu bir addım böyüdüb düşündürən Əlibala Hacızadənin “Təyyarə gölgəsində”ki əsəri idi. Uşaqlıqdan yeniyetməliyə keçid dövründə   sevgidən  oxuduğu  hər cümlə  qızcığazı  ovsunlayırdı. Xəyala dalar, özünü  əsərin qəhrəmanına bənzədərdi.  Bağa  gəldikləri on  gün bəs idi ki, onlar yanıb, kömürə dönsünlər. Uşaqlar kimin daha çox  qaralmasıyla  fəxr edər, kürəklərin dərsini həvəslə soyardılar. Sübh tezdən onları oyadıb, yatmağa qoymayan atası təkidlə ağız burunları qaralanadək tut  yedizdirərdi. Bacı qardaşlarıyla suyun altında kim daha çox qala bilər, – deyə mərc etmələri necə şirin, sadəlöhv idi. O vaxtlar dəniz başqa idi, sahil sularında balıqlar qaynaşırdı. Balıq tutmağa gedən atasına xeyli  yalvar-yaxar edər, onu razı salıb sahildə çadır qurardılar. Narıncı rənli, ağır qapısı,  dörgözlü  pəncərəsi olan bu çadırdan həmişə dəniz qoxusu  gəlirdi. Atası iri balıqları çox asanca tutar, anası da onları bişirərdi. Dənizin yorğunluğundan, qaça-qaçdan halsız düşən uşaqlar balığı elə acgözlüklə, yeyərdilər ki, anası əlləri qoynunda məhəbbətlə onlara baxıb gülümsəyərdi.  Külək  qumu  göyə sovuranda, qarınları tox olanda  anası onları çadıra qovar, təkidlə yatmağı tapşırardı. Onlar da balaca cücələr kimi bir-birinə sığınıb dəcəllik edər, sonra da şirin-şirin yatardılar. Yuxularına şəkər qatan dalğaların, qağayıların səsi başqa bir aləm idi. Valideynləri rəhmətə gedəndən xeyli sonra, çadırın o günlər itib batdığını da  bildilər. Ən çox qəribsədiyi o çadıra yenidən qovuşmaq  üçün nələrdən keçməzdi…

 İndi ömür yarıya çatsa da bu xatirələrin şirin ağuşundan çıxa bilmir, yaş ötdükcə uşaqlığına daha çox bağlanırdı.

 Necə  oldusa diksindi.  Özünü kürəyinə qədər soyuq suyun içində gördü, nəfəsi təngidi. Xəyallar qanadında pərvazlandığından yosunlu daşdan nə vaxt, necə sürüşüb dənizə   düşdüyündən xəbəri olmamışdı. Xatirələrdən ayrılıb güc-bəla ilə daşın üstünə, ordan da sahilə yan aldı. Canında soyuq titrəmə vardı. O,  tələsik addımlarla bağlarına tərəf üz tutdu…

 

 

 

 

 

Share: