Çimnaz Sultanovanın geyimini tənqid edən əxlaqsız adamlar

Kulis.az Vüqar Babazadənin “Əxlaqın fabulası ətrafında” adlı yazısını təqdim edir.

Öz gözündə tir var, başqasının gözündə çöp axtarır


Atalar sözü

Dünən belə bir xəbər qarşıma çıxdı:

Müğənni Çimnaz Sultanova telekanalların birində “Dəliyəm-dəli” mahnısını oxuyarkən ifa zamanı şou göstərməyə çalışıb. Qollarına qandal, gözünə maska taxan Çimnaz qəribə rəqs etməyə başlayıb. Sözügedən görüntülər sosial şəbəkədə yayımlanıb və tənqid olunub.

Paah. Tənqid olunub e özü də. Sən canı, necə tənqid eləmisiz Çimnazı? Yəni bunu tam olaraq kimlər tənqid edib? Tənqid nəyə deyirsiz? Tənqid olunub nədi ki? Bir az maraqlandım ki, görüm xalqımız Çimnazı necə tənqid edib və ortaya belə bir şey çıxdı.

Belə tənqid olur? Bu tənqiddir? Bu tənqiddirsə, onda mənim adım Vüqar deyil, başqa bir şeydir.

Çimnazın səhnə performansı kifayət qədər gözəl və cəlbedicidir. Şəxsən mən, Çimnazın bütün mahnılarını sevir, onu dinləyirəm. Sevimli müğənnimdir. Fərqlidir, öz üslubu var, yaradıcı şeylər etmək istəyir, sənətinə hörmət edir, hansısa verilişdə oxuduğu ən adi mahnısını belə sənətkarlıqla oxuyur. İstəyir ki, təkcə səsi ilə yox, eyni zamanda, melodiyası ilə, mahnısının sözləri ilə, geyimi ilə, səhnə performansı ilə, hərəkətləri ilə, rəqsi ilə, aksesuarları ilə diqqət çəksin, fərqlənsin. Mən bunu alqışlayıram.

Oturub-durub dua eliyin ki, bizim Çimnaz kimi müğənnimiz var. İndiyə kimi hansı müğənni qandalla, qara maska ilə, gecə paltarında səhnəyə çıxıb mahnı oxumuşdu? Çimnaz xanım öz həyatını sənətinə qurban verir. Bayağı adamlar isə başlayıblar ki, ay nə bilim, tərbiyəmiz pozuldu, vay dədəm var, əxlaq getdi əldən, ay nənə, uşaqlar xarab oldu, ay mama, milli mentalitet, ay papa, heyf deyildi sovetin vaxtı?

Əxlaq nədir?

Çox sevdiyim filosof Nitşe deyir ki, əgər bir pıs-pısanı öldürsən qəhrəman, bir kəpənəyi öldürsən şeytan olursan. Sözgəlişi, Nitşeni çox sevirəm. Bütün gün Nitşe oxuyuram. Hə, onu deyirdim axı, Nitşe deyib ki, əgər bir pıs-pısanı öldürsən qəhrəman, bir kəpənəyi öldürsən şeytan olursan. Mən demirəm ki, Nitşe deyir. Alman dilində bilən dostlar üçün, orijinal variantın da yazıram.

“Wenn Sie Bundesliga Bastian Schweinsteiger an Lewandowski Thomas Müller FC Bayern München allianz arena”.

Almanca da deyir ki, pıs-pısanı öldürsən qəhrəman, kəpənəyi öldürsən şeytan olursan. Bu belə Nitşedir. Sözə bax e. Belə söz olar? Nitşe bizə onu demək istəyir ki, əxlaq vərdişlər toplusudur. Heç kim atasına söyüş söymür. Niyə? Elə bilirsiz ki, hamı əxlaqlıdır deyə atasına söyüş söymür? Yox, qətiyyən. Heç kim atasına ona görə söyüş söymür ki, cəmiyyət, kütlə olaraq biz atamıza söyüş söymürük və bunu əxlaqlı hesab edirik. Bu istiqamətdən, əgər hamı atasına söyüş söysə, biz də atamıza söyüş söyərik və bunu da əxlaqlı hesab edərik. Necə ki, Vikinqlər lüt gəzirdilər, kim kimi harada tutdu o məsələ və bunları əxlaqlı hərəkət hesab edirdilər. Yəni əxlaq cəmiyyətin vərdiş etdiyi hərəkətlər toplusudur. Hamı kütləvi surətdə bir hərəkətə vərdiş edir, bu da olur əxlaq.

Buna görə nə üçün əl-ayağa düşürsüz ki? Guya hamı əxlaqlı adamdır və Çimnaz bir dənə mahnı oxuyub, şou göstərdisə, vəssalam, əxlaqımız pozulacaq, tərbiyəsiz olacağıq? Sizi inandırım ki, rəylərdə elə söyüşlər görürdüm şoka düşürdüm. Əxlaqdan danışan adamlar Çimnazı elə əxlaqsız formada söyürlər ki, adam qalır mat-məəttəl. Çimnazı söyən adamlar daha çox əxlaqsızlıq edirlər, nəinki Çimnaz. Yazıq nə edib ki? Çıxıb mahnı oxuyub da.

Onsuz da, sizin göz bəbəyiniz kimi qoruduğunuz və fürsət düşdükcə əzib-keçdiyiniz “əxlaq”, hər gün sürətli şəkildə deqredasiyaya uğrayır. Azərbaycanlılar hər şeylə məzələndiyi kimi, əxlaqla da məzələnirlər. Əxlaqlı davranış onlar üçün yalnız və yalnız pulun miqdarından asılıdır. Əgər bir hərəkətin qarşılığında pul qazanacaqlarsa, həmin hərəkətin əxlaqlı və ya əxlaqsız olmasının heç bir əhəmiyyəti qalmır.

Kimə lazımdır bizim əxlaqımız? Hər gün TikTokda kütləvi şəkildə qırğına məruz qalan əxlaqımız kimə lazımdır? Əlində enerji içkiləri tutmuş gijdənpo bloqqerlərin, yutuberlərin söhbəti ilə böyüyən uşaqların gələcəkdəki əxlaqı kimə lazımdır? Makiyaj edən türk qlamurkaların həyatını arzulayan, onlar kimi yaşamaq istəyən – hər gün bir restorandan şam yeməyi yemək, dırnaqlarını iki metr uzatmaq, bütün bədənini estetik əməliyyat etdirmək, özünə pullu bir qaqaş tapıb, ondan istifadə etmək, İnstaqramda yataq otağından yorğan-döşəkdə kofe ilə şəkil paylaşmaq, gecələr klublarda içib piyan olmaq – qızların əxlaqı kimə lazımdır? Ailəsinin, arvadının, anasının, uşaqlarının səadətinə, firavanlığına görə hər cür cındırlıq edən kişilərin əxlaqı kimə lazımdır? Xəstəsini öldürən həkimin əxlaqı kimə lazımdır? Tələbədən rüşvət alan müəllimin əxlaqı kimə lazımdır? Heç bir sahədə peşəkarlaşmayan azərbaycanlının əxlaqı kimə lazımdır? Şəxsən mənə, lazım deyil. Nə oldu, bütün həyatınız əxlaqsızlıqla keçdi heç nə olmadı, Çimnaz durub qandalla və maska ilə mahnı oxudu, əxlaqsız oldu?

Hələ qanuna baxın:

“Media haqqında” yeni qanun layihəsində mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərin 14-cü maddəsinin 13-cü bəndinə əsasən pornoqrafiya məzmunlu materialların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir.

Pornoqrafiya ha özü də. Pornoqrafiya məzmunlu nəsə istəsəm, girərəm internetə yazaram, 639 dənə video taparam. Neynirəm MUZ TV-nin efirində Çimnazın pornoqrafiyasını?

Mahnının sözlərində heç bir pornoqrafik məzmun yoxdur. Əksinə “ş” hərfindən çox istifadə edərək, adamın qəlbini “şırıl-şırıl” edir bu mahnı.

Donuram ürək üşüyür

O yadıma düşür

Necə də uzağı düşün

Hər şeyə ara ver məni də düşün

Bulanır fikir qarışır

Dilim topuq vurur itir danışıq

Onu görəndə mən qaranlıq yox olur

Hər yerə nur saçır və yanır işıq

Yaz olur dayanır qışım

Xoşbəxtlik yağışla başımdan aşır

De onsuz həyatla necə barışım?

Onsuz alışıram, yanıb alışım.

Ola bilər ki, hərəkətləri və şousu pornoqrafik məzmunludur. Nə olsun? Olsun da, sənətçi azaddır, nə istəyir edir. Kimin xoşuna gəlmir, baxmasın. Camaat bunu ona görə bəyənmir ki, porno ilə bağlı problemləri var. Özlərini rahat ifadə edə bilməyiblər ömür boyu. Buna səbəb də həmişə əl üstündə tutduqları “əxlaq” olub. İndi özünü rahat ifadə edən, cinsi problemi olmayan adam görəndə dəli olurlar, hələ-hələ bu qadındırsa. Başlarından tüstü çıxır ki, “necə yəni o qandalla, maska ilə çıxır səhnəyə, amma mən ölürəm burda, ona heç vaxt əlim çatmayacaq. Girim söyüş yazım, ürəyim rahatlaşsın”.

Sonda isə Alim Qasımov kanalların birində deyib ki, “İndiyə qədər maşınımı yumamışam, palçıqlı sürmüşəm”. Alim də həmişəki kimi özünü qoyub artistliyə, sufi-dərviş roluna girib. Bir dostum bu xəbəri atıb mənə yazmışdı ki, bu yaxınlarda onu “moykada” görmüşəm.

Sonda Alim Qasımovun Rastrapoviç Bakıya gələndə onun qarşısında oxuduğu, özünü və bizi rüsvay elədiyi muğamı sizlərə təqdim edirəm:

Əzizim Azərbaycanda,

Təmir gedir Azərbaycanda.

Soruşdum bu nə həngamədir?

Dedilər Rastropoviç Azərbaycanda.

Share: