Cibim pullarımın qəbrinə dönər – Günün şeiri

Bu gün mərhum şair Şahmar Ələkbərzadənin doğum günüdür. Kulis.az “Günün şeiri” şeiri layihəsindən “48 ölçülü qadın paltarı” şeirini təqdim edir.

Geyimlər görəndə ana, hər dönə

48 ölçüdə qalar gözlərim,

Cibim pullarımın qəbrinə dönər

Titrəyər dizlərim, dolar gözlərim

48 ölçüdə paltar geyərdin,

Kəsər şaxta məni, döyər qar məni.

48 ölçüyə çevrilib dərdin

Vitrindən boylanıb yandırar məni.

İmkanım hər dəfə imkansızlaşar

Baxar 48-lər arxamca dost-dost,

Hamısı əyninə gözəl yaraşar

Niyə birini də alammıram bəs?

Qalıb gözlərimdə murazım mənim

Təsəllim bir şirin gümana qalıb,

Sevinmək qismətim qızım Zöhrənin

Ölçüsü 48 olana qalıb.

Düşər boy-buxunun yadıma hər gün

Boyun gedər-gəlməz yolcusu olub.

Gör neçə ildir ki ,əyin-baş ölçün

Dönüb həstərimin ölçüsü olub.

Yazbaşı qar yağar ilk nübarıma,

Mən səni yazbaşı itirdim, ana

Əyin-başın üçün yığdıqlarıma

Səni son mənzilə ötürdüm, ana

O vaxtdan payım nə, töhfələrim nə?

Oğul yox, ürəyi daş olmuşam mən!

Paltar əvəzinə, sənin əyninə

48 ölçüdə daş almışam mən

48 ölçüdə görsəm hər nəyi,

Nəbzim 48-ə enər anbaan

Uçunub yerindən qopar ürəyim

Sürünər müqəddəs torpağınacan

48 ölüçülü qadın paltarı

Tüstümü təpəmdən qalxızar göyə

Gələrəm, üstündə bitən otları

Gözümün yaşıyla əmizdirməyə

Geyimlər-keçimlər gəlməz əyninə,

Biganə qalmısan, ana, hər şeyə.

Vətən torpağını geyib əyninə

Çoxdan qovuşmusan ölçüsüzlüyə.

Geyimlər görəndə ana, hər dönə

48 ölçüdə qalar gözlərim,

Cibim pullarımın qəbrinə dönər

Titrəyər dizlərim, dolar gözlərim

Share: