“Bunu yaşamaq futbolçuları böyüdür”

“Qarabağ” Azərbaycan Premyer Liqasının IV turunda öz meydanında “Şamaxı”nı 4:0 hesabı ilə məğlub edib. 

“Qafqazinfo” xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

– Futbolçuları təbrik edirəm. Vacib üç xal qazandılar. Yaxşı sürət gördüm. İlk hissə daha çətin oldu. Amma ikinci hissə asanlaşdı. Bütün futbolçular oynamaq şansı qazandı. Cavid Hüseynova uğurlar arzulayıram. Yerli futbolçulara şans yaradırlar.

– “Viktriya” məğlubiyyətindən sonra ab-hava necədir?

– Desək ki, hər şey qaydasındadır, normaldır, düzgün çıxmaz. Amma çalışırıq ki, tezliklə bunu geridə qoyaq. Ümumən hədəfimiz var. Söhbət tək qrupa düşməkdən getmir, qalib gəlməkdən gedir. Bu komandaya məğlub olmuşuq, daha çox üzülürük. Hər matçda daha yaxşı oyun göstərmək istəyirik. Futbolçular çox üzgün idi, təsirlənmişdilər. Bizim üçün hər oyun pley-off-dur. Futbolçular çox əziyyət çəkdilər, əsəb itirdilər. Sonda bir addımlıqda belə nəticə oldu, yazılmamış qanunlardır. O qədər böyük klublar, futbolçular, məşqçilər finalda üzülüb. Bunu yaşamaq futbolçuları böyüdür. Sadəcə tez bir zamanda toparlanmaq lazımdır.

– Avroliqada ilk oyunu “Frayburq”a qarşı oynamaq istəyərdiz?

– Təqvimi siz yazsaydız, necə yazardız? Püşkatma ilə aram yoxdur. Bu, mənə aid bir şey deyil. Nə düşdüsə, normal qarşılayıram. Demək belə yaxşı olacaq. Hər rəqiblə oynamalıyıq. Futbol elə səviyyəyə çatıb ki, ev və ya səfər oyunu seçilmir. Xeyirlisi belə imiş.

– “Bavariya”, “Barselona”, “İnter”lə eyni qrupa düşmək yaxşıdır, yoxsa Avropa Liqasına?

-Hansı turnirdə olsaq da, hədəfimiz maksimumu etməkdir. Hər oyunu növbəti mərhələyə çıxmaq üçün oynayırıq. Sonda şansımız var idi.  İstifadə etmək istədik. Alınmadı. Alınsaydı, sevinəcəkdik. Amma yenə də ruhdan düşmürük. Avropa Liqasının qrupunda düşündüklərimizi jəyata keçirmək istəyirik. “Ora düşmək va ya burax düşmək” düşüncəsi yoxdur. Əvvəl də Avropa Liqasında oynamışıq. Şansımız var. Digər komandaların baş məşqçilərinin müsahibələrini oxuyuram. Hamı iddialıdır. Hamı qrupa görə sevinir. Hətta püşkdən əvvəl “Frayburq”un baş məşqçisi bizimlə düşmək istəyirdi. Çempionlar Liqasında olmadığımıza görə üzüldük. Avropa Liqasına hazırlaşacağıq.

– Şahruddin Məhəmmədəliyevin psixoliji durumu necədir?

– Şahruddin ən güvəndiyim oyunçulardan biridir. Xarakteri, insanlığı cavan futbolçulara örnəkdir. O, işini çox sevir və ağrılara dözən futbolçudur. Mənim ürəkli insanlara və idmançılara inamım çox böyükdür. Hər sahədə belə insanlara ehtiyac var. Şahruddin çox məsuliyyətli olduğu üçün fikir edir. Həmişə onun arxasındayam. Azarkeşlər də onu çox istəyir. Bəzən uduzanda mən də oyunçuları acılayıram. Amma iki gün sonra sığallayıram. İnanıram ki, fanatlar yenidən Şahruddinə güvənəcək.


Share: