Budaqlar quşların cənnət ayaqlarından öpür…

Aysel SƏFƏRLİnin yeni şeirləri

 

Sətirlərin qarşısında
Heca-heca eşq səpirəm

Sən hər beyt titrədikcə içimdə,
Failatün failatün faülün…
Qəliblərə sığmıram,
Sənə olan duyğuları
Misralardan yığmıram.
Şeir-şeir yaşadıqca
sevgini,
ölçülərə baxmıram…
Tutub ilham pərisini
Dizi üstə çökdürürəm,
Sətirlərin qarşısına,
Heca-heca eşq səpirəm.
Duyğuları günəş- günəş
doldururam qələmə…
Çiçəklərin ruhunu
Çəkirəm söz şirəmə,
Səni hər an
eşq-eşq doğub şeirimə,
Şairim!..
Nə bölgüm var, nə qəlibim,
Gəl ömrümə,
Failatün, failatün, faülün…

****

Utancaq dağlar
çılpaq sinəsini
otlarla örtür

 

Çiçəklər
arıların dodaqlarında
bal daddıqca
yarpaqlar xəfif təbəssümlə
qımışır burda,
Hörümçəklər yuva arzusuyla
tər tökürlər torda.
Tut ağacının ağırlığına tab
gətirməyən meyvələri
çırpıldıqca
bəhməz qoxusu gəlir ətrafdan.
Utancaq dağlar
çılpaq sinəsini
otlarla örtür,
Sevgimin
qaranquş əlləri
səndən gələn
məktubların həsrət qoxusunu
ciyərinə çəkir,
Budaqlar
quşların cənnət
ayaqlarından öpür…
Axşamlar
günəş gecənin sərinliyində
dincə qoyur özünü,
Mən zülmətinə
alışdırıram
qaranlıq dəlisi
gözümü…
Tək dərdim sənsizliyin
gətirdiyi hüzn,
həsrətindən qorxuram,
darıxıram ,
Təbiətin gözəlliklə
sevişən vaxtındayıq,
əzizim…

 

Gör necə xarabalığam,
Bizə yuva qur, gəlirəm

Mənimki dərviş ömrüdür,
Varlığıma dar gəlirəm.
Həyatımı başdan yazdım,
Taleyinə sirr gəlirəm.

Gəl pirim ol, duan olum,
Bir udumluq havan olum.
Eşqə tərəf gəlir yolum
Dur ayağa, dur, gəlirəm.

Qarmağı sevən balığam,
Səndən qalan tək qalığam
Gör necə xarabalığam,
Bizə yuva qur, gəlirəm.

Kədər gözlərimdə pərdə,
Həsrət danışıram dərdə.
Ayı qopar gecələrdən,
Saçlarıma vur, gəlirəm.

Gözlərimdən sevgi qoxla,
Ürəyimi məhkum saxla.
Bir gecəni eşqle yoxla,
Saatını qur,gəlirəm.

 

Aysel Xanlarqizi Safarli adlı şəxsin şəkli.

Sən məni günah kimi,
Mən
səni dua kimi sevdim

Duydum ki adım
pərçimlənib dodaqlarına…
Yuxularına dağılıb nəm saçlarım,
məhkum arzuların boyu sayıqlamısan
bizi . 
Vüsalıma tövbə etmisən,
qucağını zəncirləmisən
yoxluğuma..
Sevgimiz günah dadinda
ağrıdırmış ikimizi…
Arzulandıqca
Yanaqlarımda göllənmisən,
Göz yaşlarımda qüsllənmisən,
Misra-misra
Qanadlanmısan
Ürəyimdən
ağ qağayı kimi…
Amma
heç bilmədin ki
Həsrətin metastaz verdikcə
ruhumda,
Səni xərçəngi bədəndə
Öldürən şüa kimi sevdim,
Sən məni günah kimi,
Mən
səni dua kimi sevdim…

 

Aysel Xanlarqizi Safarli adlı şəxsin şəkli.
Share: