“Bu il səndən soyuq düşüb bu şəhərə havalar…”- Vasif Zöhraboğlu…

Müstəqil.Az  bu gün doğum günü olan gənc, istedadlı şair, gözəl şeirlər müəllifi Vasif Zöhraboğlunun doğum gününü təbrik edir, ona yaradıcılıq uğurları arzulayaraq yeni şeirlərini təqdim edir:

 

Bu da bir ömürdür…

Bu da bir ömürdür odlu-alovlu,
Bu da bir təklikdir, qəribsəyirsən…
Dəniz sahilində əli tilovlu,
Bir qadın dolaşır, bir qadın gəzir.
Səadət axtarır bu duz sularda,
Məhəbbət axtarır bu duz sularda.
Hər dəfə tilovu boş dönür geri,
Əlləri köksünə daş dönür geri.

Məni bu qadında unut ,İlahi…

Tanrı bütün qızıl balıqları xərcləyib,
Bu qadına bir ümid almayıb.
Tanrının əli aşağıdır, qadının əlləri yuxarı.
Daha tanrının da heç nəyi qalmayıb.
Nə yaxşı balıqlar ölüb, nə yaxşı tanrının əlləri varmış…

Məni bu qadında unut ,İlahi…

Addımından saymışdım,
Mən üzünün qırışından bilirdim bu qadının yaşını.
Baxışından tanıyırdım təkliyi.
Xatirələr ütüləyirdi üzününün qırışını.
Ağac kimi böyütmüşdü özünü,
Yüz mişarın gözündən gizlənmişdi,
Yarpaq-yarpaq üyütmüşdü özünü.

Məni bu qadında unut ,İlahi…

Bişirə bilmədiyi yeməklərdə unutmuşdu əllərinin duzunu,
Sevə bilmədiyi kişidə uduzmuşdu ömrünü.
Yarpaqlarıyla süpürürdü göy üzünün tozunu.
Ümidinə bükmüşdü səbrini…

Məni bu qadında unut, İlahi…

 

Biraz sənə bənzəyirdi bu şəhərin küçələri…

Bir az sənə bənzəyəyir bu şəhərin küçələri;
Insanları soyuq, vecsiz, salamsız.
Gündüzləri fikrin kimi qarışıq,
Gecələri səssiz, küysüz adamsız…

Biraz sənə bənzəyir bu şəhərin küçələri;
Allahın canına and verib, çörək pulu dilənən kömür taleli qaraçı qızlar.
…və mənim kimi sənin canına and verib,
Sevgi dilənən avaralar…
Bu il səndən soyuq düşüb bu şəhərə havalar.

Bir az sənə bənzəyir bu şəhərin küçələri;
Metroların ağzında var gücüylə qışqıran taksi sürücüləri,
Axşam evlərinə çörək pulu aparmaq üçün,
Bığı burma “dördtəkərli kişilər”
Ürəyimi verirəm yol pulu kimi məni bu şəhərdən bu şəhərə aparmaq üçün.
Səni soraqlayıram deyirlər, göyə çəkilib, yerdə yoxdur.
Bu şəhər bu şəhərdə yoxdur.

Biraz sənə bənzəyir bu şəhərin küçələri;
Əlim cibimdə dolaşıram, fikrim dağınıq-dağınıq,
Çiyinimə yüz qadın çiyini toxunur keçir,
Boylanıram geri sən deyilsən…
Heç biri bu şəhərə bənzəmir,
Heç biri sən deyilsən.
Dirəklərin üstündə başı aşağı işıqlar,
Özlərindən yuxarını da aydınladırlar.
Ancaq ömrümün sən tərəfini aydınlada bilmirlər.
Bu şəhərdə uduzanlar heç vaxt uda bilmir,
Bu şəhərdə ayrılanlar, heç vaxt unuda bilmir,
Bu şəhərdən gedənlər də heç vaxt geri qayıtmır,
Geri qayıda bilmirlər…
Biraz sənə bənzəyirdi bu şəhərin küçələri…

 

Vasif Zöhraboğlu

Müstəqil.Az
Share: