Bu il rekord sayda abituriyent 700 bal toplayıb – Məleykə Abbaszadə

“Bu il 700 bal toplayan abituriyentlər rekord sayda – ümumilkdə 29 nəfər olub”.

Müstəqil.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, 1992-ci ildən başlayaraq qəbul imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi ilə şagirdlərin biliklərinin test üsulu ilə qiymətləndirilməsi sistemi formalaşmağa başlanılıb. İmtahanın məzmunu ilə bağlı standartların, qəbul proqramlarının hazırlanması məqsədilə 1994-cü ildən etibarən ekspert qrupları yaradılmış, elmi-metodiki seminarlar təşkil olunmuş və bu sistem ilbəil təkmilləşdirilib:

“Keçən 27 il ərzində imtahanların məzmun və formasında aparılan dəyişikliklər abituriyentlərin imtahanlara daha effektiv hazırlaşmalarına, biliklərinin daha obyektiv və şəffaf şəkildə üzə çıxarılmasına kömək göstərib. 2017-ci ildən abituriyentlərin ali təhsil almaq imkanlarını artırmaq məqsədilə qaydalarda dəyişikliklər edilib. Onlara cari tədris ili çərçivəsində müəyyən bir ixtisas qrupu daxilində keçirilən qəbul imtahanlarında iki dəfə iştirak etməyə icazə verilib. Bu ildən isə müxtəlif ixtisas qruplarını da seçmək imkanının yaradılması abituriyentlərə öz bilik və bacarıqlarını daha dəqiq nümayiş etdirmək şansı yaradıb. Təbii ki, bütün bu dəyişikliklər abituriyentlərin nəticələrinə ilbəil öz müsbət təsirini gostərib. Bu il 700 bal toplayan abituriyentlər rekord sayda – ümumilkdə 29 nəfər olub”.

M.Abbaszadə onu da vurğulayıb ki, qəbul imtahanları sonuncu ildir bu model üzrə keçirilir: “2008-ci ildən başlayaraq Azərbaycan Respublikasında ümumi orta təhsil müəssisələrində yeni fənn kurikulumlarının tətbiqinə başlanıb. Təhsil sahəsində həyata keçirilən bu islahatlar biliyin qiymətləndirilməsi sistemi qarşısında yeni tələblər qoyur. Ona görə də 2019-cu ildən qəbul imtahanları yeni imtahan modelinə uyğun keçiriləcək”.

Share: