Meyxoş ABDULLAH
( hekayə)
2020-ci il… Bütün kainatı bürüyən bu böyük və qorxunc “Koronavurus” bəlası, artıq arxada qalmışdı… Yer üzündən bu gözəgörünməz bəla çəkildikcə, sanki əriyən qarın altından çıxan pisliklər kimi bu virusun törətdiyi bəlalar da görünməyə başlayırdı. İnsanlar gün işığına həsrət qaldıqlarına görə, gözlərini döyə-döyə evlərindən eşiyə çıxırdılar. Sükut içində olan küçə və dalanlar insan ayağının səsinə həsrət qalmış kimi diksinirdi.
İnsanlar milyon illərdən bəri etdikləri günahlarının, sanki əzabını çəkirdilər. Onlar başlarını yuxarı qaldırıb, Allahın dərgahına baxmağa utanırdılar. Bütün günahların baisi özləri idi. Dünyanın var-dövlətinə, naz-nemətinə sahib olan insan həmişə naşükür olmuşdur. İndi isə ağızlarına bir qurtum su alanda belə quşlar kimi Allaharına dua etmək keçirdi ürəklərindən.
İnsanlar, dünya binə olandan bəri bir-birlərini bu qədər heç sevməmişdilər, bir-birlərinə bu qədər heç yaxın olmamışdılar. Və heç vaxt beləcə bir-birlərinin qeydinə qalmamışdılar. İndi hamı, bütün dünya əhli bir-birlərinin salamat qalmalarına dua edirdilər. Bu dualar bir dildən, bir ağızdan, bir ürəkdən edilirdi sanki… İndi hamı bir-birlərini çox gözəl başa düşürdülər. Sən demə, dünya o qədər də böyük deyilmiş… Çünki kainatın bir küncündə inləyən bir xəstənin səsi, o biri küncündəki naxoş, xəstə adama da çatırmış… Milyon kilometrlərlə məsafəsi olan dövlətlər, sən demə, bir-birlərinə o qədər də uzaq deyilmişlər. Sən demə, dünyanın o başında asqıran bir insan övladının səsi, dünyanın bu başındakı insan övladını diksindirəcək qədər qorxunc imiş…
Mənəm-mənəm deyən, dünyaya meydan oxuyan, topuna, topxanasına güvənən, bu boyda yer ərşini özünə darısqal bilib, ayda, ulduzlarda da məskən salmaq istəyən fatehlər, qorxularından künc-bucaqda gizlənəcəklərini heç ağıllarıan belə gətirməmişdilər. Tonlarla ağırlığı olan öldürücü silahlar, bir həmlədə böyük-böyük şəhərləri yerlə yeksan edən bombalar, sən demə, tük qədər də çəkisi olmayan, gözəgörünməz bir virusun əsiri olacaqmışlar… İnsan övladı Allah tərəfindən yaradıldlğını bilə-bilə heç vaxt sidq ürəklə ona biyyət etmədi. Onun əvəzində yerdəki “allahları” üstün tutdu. Amma bu bəlaya düçar olanda isə, başını qovzayıb Allahını axtardı və ona sığındı. Hardansa, kimdənsə eşitdiyi: – Allahın səbri böyükdür və Allah edilən zülmü qiyamətə qoymaz!!! – fikrini bir daha təsdiqlədi…
Kainatı bürüyən bu dəhşətli bəlaya qədər dünya əhalisinin dəqiq sayı, 7 milyard 284 milyon 283 min nəfər olmuşdur. Bəla bitdikdən sonra, artıq bu say 5 milyard 158 milyon 119 min nəfərə enmişdi. Kainat, bu qorxunc bəlada 2 milyard 126 milyon 164 min nəfər insan itkisi vermişdi. Dünya yaranandan bu günə qədər belə bir itki olmamışdı. Bu dünya əhalisinin üçdə biri qədər idi.
Yerdən göyə qədər əli uzanan, süni yolla uşaqlar dünyaya gətirən, cansız robotlar düzəldən insan oğlu, bu ölümsaçan bəlanın dərmanını tapmaqda hələ də aciz idi. Hərbi gücüylə neytron, elektron atom, nüvə silahı düzəldən və bu güc ilə yer kürrəsini məhvərindən qoparmağa qadir olan insan, bu əlacı tapılmayan xəstəliyin qarşısında çox aciz idi.
Əməlləriylə özünü günaha batırmışdı insan oğlu… Gözü, nəfsi doymayan, bu ikiayaqlı məxluq bəd niyyətiylə, pörtdəmiş ağlıyla yer üzünü cəhənnəmə çevirmək istəyirdi. Sərhədləri aşır, torpaqlar qəsb edir, baş kəsib qan tökürdü. Qocaların, qadınların göz yaşlarını çörəklərinə yavanlıq, körpələri isə ölmüş analarının döşlərindən süd əmməyə vadar etmişdilər, bu qaniçən fatehlər. Allah bunları görürdü… Və susurdu… Çünki Allahın səbri çox böyük idi…
Bu dəhşətli xəstəliklər nəticəsində ən çox insan itkisinə məruz qalan ölkələr sırasına, Amerika Birləşmiş Ştatları, İtaliya, Böyük Britaniya, İspaniya, Almaniya, Fransa, Rusiya, Türkiyə və İran dövlətləri başçılıq edirdilər. Qəribə idi, bu dövlətlər iqtisadi və hərbi güclərinə görə dünyaya ağalıq edən dövlətlər sırasında idilər.
Yer üzündə ən çox qan tökən də bu dövlətlər idi. Bu dövlətlərin hər biri dünya binə olandan bəri dağıtmadığları xaniman, uçurmadıqları yurd-yuva, kəsmədikləri insan başı qalmamışdı. Dünyanın hansı yerində bir fitnə-fəsad ocağı alovlanırdısa, bu dövlətlərin birinin hökmən orada barmağı vardı. Bu dövlətlər Allahın yaratdığı bu yer üzünü kəfən kimi insanların boyuna biçirdilər… Allah isə hələ də səbr edib susurdu. Allahın susmağı, məzlum insanların ona qarşı səbrini daşdandırırdı…
Dünya əhalisi hələ də şokda idi… İnsanlar hələ də bir-birlərinə yaxınlaşmaqda, bir-birlərinə əl verib görüşməkdən qorxurdular. İnsanlar o qədər qorxu keçirmişdilər ki, hətta sevdiklərini də öpməyə belə qorxurdular. Ana baladan, qardaş bacıdan, oğul atadan uzaq düşmüşdü. Ölmüş insanlar yandırılır, xəndəklərə atılıb torpaqlanırdılar. İnsan heç vaxt belə ucuzlaşmamışdı. Allahın səbri artıq dükənmişdi… Ona görə də bu bəlanı yer üzünə göndərdi…
Kainat, bu qorxunc bəlada 2 milyard 126 milyon 164 min nəfər insan itkisi vermişdi.
Bəla yer üzündən, artıq çəkilib gedirdi…
Bu bəladan dərhal sonra dünyanın iki yüzdən çox dövlət başçısı İtaliyada toplaşmışdı. Bu dəhşətli bəlanın bəşəriyyətə vurduğu ziyanlardan daşılırdı.
Dövlət başçıları bu qərara gəldilər ki, trlyonlarla hərb sanayesinə, səhiyyəyə xərclədikləri pulun, gözəgörünməz bir virus damcısı qədər də gücü yox imiş. Apardıqları bütün müharibələr, zəbt etdikləri torpaqlar, milyardlarla xərc qoyduqları elmi araşdırmalar və yığdıqlar var-dövlətin hamısı əbəs imiş.
Bu zirvə toplantısında üç ən mühim qərar imzalandı. Birincisi, bütün güc dövlətlərinin qəsb etdikləri torpaqlar bir ay müddətində qeyri-şərtsiz azad olunsun.
Amerika Birləşmiş ştatları qoşunlarını və hərbi texnikasını Əfqanistandan, Suriyadan, İraqdan və digər ölkələrdən geri çəksin.
Rusiya Suriyadan və yaxın Şərq dövlətlərindən o cümlədən də İrəvandan öz qoşunlarını çıxartsın. Kuril adaları, Yaponiyaya, Kırım isə Ukranyaya qaytarılsın.
Türkiyə Kürd Fəhlə Partiyası ilə sülh müqaviləsi imzalayaraq, onların liderlərinin dövlətdə təmsil olunmalarına zəmanət versin.
İran və Rusiya dövlətləri 1828 – ci il Türkmənçay müqaviləsinin qüvvədən düşdüyünü elan etsinlər.
Şimali və Cənubi Kareya arasında sərhədlər götürülsün. Böyük Çin ölkəsi Uyğur dövlətini yaratmaq üçün Tibet dağları ərazizisində yerləşən yüz min hektarlarla uzanıb gedən torpaqları uyğurlara versin.
İsrail və Fələstin münaqişəsi bu andan bitmiş elan edilsin. Böyük Afrikanın cəngəlliklərində yaşayan əhalinin dədə-baba torpaqları, qızıl mədənləri özünə qaytarılsın.
Hindistan və Pakistan münaqişəsi son qoyulsun..
İkincisi, bütün dövlətlər bir ay müddətində hərbi sənayesini sıfıra endirsinlər. Hərbə çəkilən xərclər elm və əhalinin sosial rifahi naminə xərclənsin. Hərbi təyarələrin bütün növləri ləğv edilərək sərnişin təyyarələrinə, zirehli texnikanın hamısı əridilərək sənaye və kənd təsərrüfatı sahələrində işlədilmək üçün istifadə olunsun. İri dövlətlərin “Ulduz müharibələri” nə ayırdığı vəsaitlər elmin və kiçik dövlətlərin əhalisinin inkişafına xərclənsin. Bütün dövlətlərin sərhədləri açılsın və gediş-gəliş hamı üçün sərbəst elan olsun.
Üçüncüsü, DÜNYAYA SÜLH!.. İNSANLARA AZADLIQ!.. – verilsin…
***
Bu bəladan Azərbaycan dövləti də böyük itkilərlə qurtuldu. Demək olar ki, 65 yaşdan yuxarı əhalinin üçdə biri bu görünməz bəlanın qurbanına çevrildi. İnsanlar yaxınlarını itirdilər. Aylarla qorxu içində yaşadılar.
Bu ağır günlərdə ölkənin səhiyyə sistemində çalışan bütün həkimlər, tibb işçiləri qəhrəmanlıq və fədəkarlıq göstərdilər. Bu virus yüzə yaxın həkimin ömrünə son qoydu… Tibb işçiləri dünyanın hər yerində hörmətlə yad edilirdilər.
Amma bu ölümcül virusun ağır fəsadlarıyla yanaşı çox böyük faydaları da oldu. İnsanlar bir-birlərini sevməyə başladılar.

Otuz ilə yaxın işğal altında qalan Qarabağ torpaqları dünya dövlətlərinin çıxartdığı qərara əsasən azad olundu. Bir vaxtlar o torpaqlardan didərgin düşmüş insanlar, yavaş-yavaş öz əzəli torpaqlarına köç edirdilər.
Hökumət pensiya çıxanların yaş həddini qadınar üçün 50, kişilər üçün isə 51 yaş təyin etdi. Bütün növ pensiyaların minumum həddi 1500 manat təyin olundu.
Ailələrdə hər doğulan uşaq üçün birdəfəlik yardım 2000 manat, hər uşağa isə 18 yaşa qədər 1000 manat məbləğində pulun verilməsi qərara alındı.
Təhsil və Səhiyyə xərcləri əhali üçün tamamilə pulsuz edildi.
Əhalinin qaz, su, elektrikə olan təlabatı dövlət hesabına ödənilməsi qərara alındı.
Bütün şəhər, rayon və qəsəbələrdə zavod və fabriklərin tikilməsi, əhalinin hər birinin işlə təmin edilməsi üçün dövlət adiyyəti orqanlara iki ay müddətinə vaxt verdi.
Hökumət iş adamları da daxil olmaqla, dövlət işində çalışan yuxarı vəzifəli məmurlara iki yaşayış evi və iki avtomaşından artıq mülk sahibi olmağa qəti qadağa qoydu.
Məmurların və qohumlarının adında olan artıq mülklər əhalinin aztəminatlı ailələrinə verilmək üçün dövlət başçısına siyahı hazırlandı.
Xalqın mədəni, mənəvi dəyərlərini pozan, hərcayi şoular, bayağı verlişlər və onların aparıcıları və sponsorları televizya və radiodan uzaqlaşdırıldı.
Məhkəmə strukturlarında dəyişiklik edilərək, ölüm hökümü qüvvədə saxlanıldı. Qəsdən adam öldürən cinayətkarlardan başqa bütün növ cinayət törədən məhbusların cəza müddəti pulla əvəz olundu…
***
…Yer üzündə tam sakitlik idi… Müharibələr bitmişdi… Nahaq qanlar, göz yaşları tökülmürdü… İnsanlar mehriban yaşayırdılar… Yer öz oxu ətrafında sakit-sakit fırlanırdı…
Allah isə bu mənzərəyə göy üzündən baxıb gülümsəyirdi…






















