Sən dünyanın varı kimi yoxumsan, Sən dünyanın yoxu kimi varımsan

Xatirə RƏHİMBƏYLİ
(Yeni şeirlər)
Baxma gözümün suyu boldu, amma nə fayda,
Xəyalımın bağçası solub gedibdi çoxdan.
Ürəyimə əkdiyin ümidlərim zay oldu,
Mən də əkinçiliyin daşın atdım o vaxtdan.
Bütün həqiqətləri səninçün silib atdım,
Bilirsən niyə susdum?
İstəmədim küsəsən…
Əl mənim , ətək sənin, qorxma, baltana qurban,
Əlimi kəs, qıymaram ətəyini kəsəsən.
Sönüb sonuncu ümid, fikrim qırış-qırışdır,
Sizdə işıq yanırmi? Ya borca ütün olmaz?
Yenə köhnə dost kimi sənə tutdum üzümü,
Yaman kasıblamışam, bir az ümidin olmaz?
Yox, darıxmaq deyil bu…
heç sevgi də deyil, yox,
Sənin də çox “yox”un var, görürəm gözlərindən.
Köhnə arxdı, nə deyim, bəlkə yenə su gələr,
Onda dayaz qazmışıq,indi qazaq dərindən?
Baxma gözümün suyu boldu, amma nə fayda,
Xəyalımın bağçası solub gedibdi çoxdan.
Ürəyimə əkdiyin ümidlərim zay oldu,
Mən də əkinçiliyin daşın atdım o vaxtdan.
*
Baxma ki özünü şax saxlayırsan,
Hərdən qürurunun düşür yaxası.
Həsrətin yelləri oynadır hərdən,
Qəfil gözə dəyir pərdəarxası…
Gəlib bir nöqtəyə nırx dayanmısan,
O gündən bu günə sözün-sovun yox.
Dəryanın gözünə bir daş atmısan,
Gəlhagəl, qaçhaqaç,qovhaqovun yox…
Bir inad boynuna düşüb qalmısan,
Oturub qalmısan sözünün üstdə.
Görmürlər gözünə dik baxdıqların
Nə qəmdi yurd qalıb gözünün üstdə…
Baxma aramıza Çin səddi girdi,
Kinotək görürəm güzəranını.
Hər şey var…
Di gəl ki bir yer tapmırsan
Qoyub dincələsən yorğun canını…
Sözə bələyəsən yorğun ruhunu,
Çıxa ürəyindən söz tikan kimi.
Hər nəfəs almağın qəhər udmaqdı,
Hər nəfəs sinəndən çıxır can kimi…
Baxma ki özünü çax saxlayırsan,
Hərdən qürurunun düşür yaxası.
Həsrətin yelləri oynadır hərdən,
Qəfil gözə dəyir pərdəarxası…
****
Nə tez-tez deyirsən :”Ölürəm daha “
Ağzından yel alsın, nə sözdü ,ölmə!
Sənin ölünü də qıymazlar mənə,
Ölü diridən də əzizdi ,ölmə!
Mənim başım çıxmaz küydən-kələkdən,
Ətrini alıram əsən küləkdən …
Adın xatirimdə güldən-çiçəkdən
Göylərdə mələkdən təmizdi, ölmə!
Dilim dönməz deyəm, zalımsan, pissən ,
Noolsun ki, indi əğyarla dostsan .
İlahi ülfəti min yol da pozsan,
İlahi sevgilər ölməzdi ,ölmə!
****
Belə vardan könül niyə incisin,
Sən gözümdə yuxu kimi varımsan .
Sən dünyanın varı kimi yoxumsan,
Sən dünyanın yoxu kimi varımsan.
Zaman keçdi, ömür axdı su kimi,
Son nəğməmdi, oxuyuram qu kimi…
Sən dərdimin tapılmayan həkimi,
Çəkilməyən ahı kimi varımsan.
Bu ürəkdi yanıb-yanıb qovrulan,
Yanıb-sönüb külü göyə sovrulan.
Məhəbbətin gözlərini ovduran,
Zalımların şahı kimi varımsan…
****
Səni zərrə-zərrə qurdum, ömrümü
Belə gilə-gilə əritdim, Evim.
Sənin bünövrənə haram qoymadım.
Hər zaman nəfsimi kiritdim, Evim.
Alnımın tərisən, baxçamın barı,
Hərdən gülüşümsən, hərdən qübarım.
Səninlə böyüdüb gül balaları,
Bünövrən üstüylə yeritdim, Evim.
Səni belə qurub könlümün yarı,
Məhəbbət qoxuyur dərin-divarın.
Mən niyə deyim ki, ay halal varım,
İçində ömrümü çürütdüm, Evim.
SOKAR imkan vermir quram damını,
Görəm işlərimin mən tamamını…
Bu yarım halınla verməm namını .
Səndə darıxmıram, ay qayım qalam,
Bilirsən, himinə haram qatmadım,
Hər zaman nəfsimi kiritdim,EVİM
****
Sən özün çəkildin , basılmamaışdı
Sərkərdə istəyin, cəngavər eşqin .
Ah, çaşqın sərkərdəm, dualarımın
Sindıra bilməzdi tilsimin heç kim.
Dəyişdin dinini, mənim müslümüm
Di gəl bu çarmıxı sındır xaçınla
Ah, sən gedən gündən məni div qəmim
Şirinin qəsrində asdı saçımdan .
Ömrün payızında kövrələr qəlbin
Tutar əllərindən xoş xatirələr….
Xəzan yarpaqları qaçıb qarşına
“Öldü!” deyə verər müştuluq xəbər ….
****
Yaman daş-kəsəkdi ömrün yolları
Gözlərin yol çəkmir ta, mühəndisim ?
Kəsib cingıltisi qulaqlarının
Çatmır sənə qəlbin daha zəng səsi ?
Qatıb qabağına zamanın seli
Dünyanın nə qədər kövrəkləri var …
Keçib gələmmədin ,dövrəndə borcun
Qəribim, o qədər xəndəkləri var …
Nə qılınc qolum var, nə zəncir əlim ,
Dustaq bəxtin nedim ucqar köyündə ?
Götürüb asmışam gözümü göydən
Çıx yellən duamın yelləncəyində
****
….Hamı ürək qoyur sözünə… nə xoş…
Ürəklər içində üzürsən, adam.
Bir belə ürək var dövrəndə, axı,
Bu kasıb ürəkdə nəəzirsən, adam?
Bir belə sevgilər oxşayır səni,
Bir belə xoş sözlə əzizlənirsən.
Ah, niyə biryolluq çıxıb getmirsən,
Bu yazlq ürəkdə sən nə gəzirsən?
O qədər əmrinə müntəzirin var,
Ağlasan, ağlayar, gülsən, güləllər.
Eh, o böyük ürək indi kimdə var,
Çıx get ürəyimdən,çıx get,görəllər…
Hər səhər deyilən nəzirdi ürək,
Hər gecə kəsilən qurbandı ömür.
Qurbanın həmişə bol olub sənin,
“Ürəyim səndədi,sən ürəyimdə”
Bax belə iç-içə zindandı ömür.
Bu zindan içində nəəzirsən, adam?
Share: