Biz hamımız 69-cu ilin övladlarıyıq…

BU BAŞIBƏLALI İLDƏ… 
Afaq ŞIXLI
Bu il, xətrini çox istədiyim dostlardan bir neçəsi 50 yaşını qeyd edir: 23 yanvar – Ehtiram Ilham, 15 fevral – Akif Aşırlı, 20 aprel – Qulu Aqses, 8 noyabr – Aygun Bunyatzadə . (23 sentyabrda Ülvi Bünyadzadənin də 50 yaşı tamam olacaqdı… Və inanıram ki, yubileylərin ən möhtəşəmi Ülvinin yubileyi olardı… yaşasaydı…! Allah rəhmət eləsin!)
Builki əsri yarı edənlər sırasında mənim də adım var.
 
Biz hamımız 69-cu ilin övladlarıyıq…
Mənimlə bir ildən olan sənət adamlarına xüsusi məhəbbətim var. Bəlkə bu ona görədir ki, biz eyni dövrün, ilin, eyni düşüncələrin məhsullarıyıq?! Eyni mühitin və zamanın yetirmələriyik?! Bu dövrün bütün dəyişiklikləri və düzəlişləri bizim üstümüzdə sınaqdan çıxıb…
Qismətimizə dolaşıq bir dövran düşdü. Öncə, fikirləri çərçivəyə salan, lakin haradasa, murdarlıqlardan və meşşanlıqdan uzaq Sovet dövrü, sonra onun süqutu, dağıntılar, yenidənqurmalar, yerdəyişmələ…
Sonra 20 Yanvar, şəhidlər, torpaqlarımızın işğalı, yenə də şəhidlər, şəhidlər…, qaçqınlar, qan bahasına düşüncələrimizdə tapdığımız, mənəviyyatımızda itirdiyimiz müstəqilliyimiz və qələbənin hələ də gəlməyən sorağını gözləmələr…
Bu başıbəlalı ildə Azərbaycanın Laçın rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazilərinin, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazilərinin bir hissəsi SSRİ Mərkəzi Komitəsinin qərarı ilə Ermənistana verilir.
Necə də asanmış candan can ayırmaq sanki?!
 
Xalq kölə olduğunu sükunətdə yatarkən anlaya bilməz.
Kölə olduğunu yalnız başını qaldırarkən görər xalq.
Görər və silkinər, atar boyunduruqlarını.
Ölməksə də ölər, və yenidən dirilər Səməndər kimi!
Share: