Bir ömrün bədii hesabatı…

…Bu taydan o taya – Ərdəbil tərəfə, ulu Savalanın qarlı zirvəsinə baxan oğlan xəyalən qanad açıb oralara uçur, bütövlük eşqi ilə böyüyürdü. İllər ötdükcə o, sözü və ruhu ilə yurdunun bölünməz xəritəsinə, bütöv coğrafiyasına çevrilirdi. 

Söhbət yaradıcılığı ilə öz milli möhtəşəmliyinə yüksələn Xalq şairi Sabir Rüstəmxanlıdan gedir. Bu gün yarım əsrlik yaradıcılığını əhatə edən 15 cildlik ”Seçilmiş əsərləri” ilə ömrünün bədii hesabatını verən Sabir Rüstəmxanlıdan.
Ulu öndər Heydər Əliyev onun 50 illik yubileyində iştirak edib, 60 illiyi ərəfəsində isə Prezident İlham Əliyev Sabir Rüstəmxanlıya Xalq şairi fəxri adını verib. Hələ tələbə ikən yaşıdları arasında seçilən, “Ədəbiyat və incəsənət” qəzetinə işə götürülən, Mirzə İbrahimov, Hüseyn Abbaszadə, Məhəmmədhüseyn Təhmasib kimi söz ustadlarının qayğısını görən şair bu gün də öz uğurları ilə onların ruhunu şad etməkdədir.
Səksəninci illərin əvvəlləri idi. Şair Vaqif İbrahimin rəhbərlik etdiyi Gənclərin Respublika Ədəbi Birliyinin növbəti məclisində şeirlərimi oxudum. Ətraflı müzakirədən sonra Vaqif İbrahim imzam barədə fikrini bildirdi: “Əli Nəcəfxanoğlu. Bir qədər uzun təsir bağışlayır. Bəlkə elə eloğlun Sabir Rüstəmxanlı kimi, sən də Nəcəfxanlı olasan. Bu, daha yığcamdır, yaxşı da səslənir”. Razılaşdım. Beləcə, Sabir müəllim özü də bilmədən mənim ədəbi taleyimdə ilk rolunu oynadı.  Məmnuniyyətlə qeyd edim ki, hələlik sonuncu olan “Söz yerə düşməsin” adlı kitabıma da Sabir Rüstəmxanlı maraqlı bir “Ön söz” yazıb.
Onu da yaxşı xatırlayıram ki, 1996-cı ildə Bakıdan sonra doğma Yardımlıda da Sabir müəllimin 50 yaşı qeyd olundu. Xalq yazıçısı Anarın, digər ünlü qələm sahiblərinin oradakı çıxışları məni elə duyğulandırdı ki, tədbirdən ana televiziyamız üçün maraqlı bir reportaj hazırladım. İstiqlal şairi Xəlil Rza Ulutürkün “Yardımlı şəlaləsi” şeirini Xalq artisti Mikayıl Mirzənin necə vəcdlə oxuduğu və sonda “Rüstəmxanlı şəlaləsi” kimi ustalıqla interpretasiya etdiyi də yadımdadır.
Sabir Rüstəmxanlı yaradıcılığı, doğrudan da, gur bir şəlalə kimidir. O, hamar yeri olmayan Hamarkənd adlı köydə “Qan yaddaşı”nı oyadaraq, “Ömür kitabı”nı da götürüb yola varid olub. “Sağ ol, ana dilim” deyərək, “Gəncə qapısı”ndan keçib, “Cavad xan”a doğru inamla irəliləyib. “Bütövlük” arzusu ilə getdiyi yolun üstündə “Atamın ruhu”na poetik dualar oxuyub. Sonra “Xətai yurdu”ndan adlayıb, “Göy tanrı”ya şükranlıq eləyib. “Difai fədailəri”ni anıb. Şairin “Ədəbi sevdası” sənət qayəsini obrazlı şəkildə mənalandırıb. “Orxonla görüş”üb, “Sunami”lərdən çəkinməyib. Sübut edib ki, “Şair və Şər” heç vaxt əl-ələ tutmaz.
Şərəfli bir tale yaşaya-yaşaya gəlib ömrünün indiki vədəsinə yetən şairin yolunda “Qarabağa dönüş” də varmış. Akademik İsa Həbibbəyli yazır ki, bu əsər müstəqillik dövrü ədəbiyyatında Qarabağa, tarixi zəfərimizə həsr olunmuş ilk poema olsa da, Sabir Rüstəmxanlının əsərlərinin ideya əsasını təşkil edən milli istiqlal və bağımsızlıq mövzusunun davamı mənasında onun yaradıcılığında yeni səhifə açır. “Nəhayət, bu poema Sabir Rüstəmxanlının şair-vətəndaş kimi müstəqil Azərbaycan ədəbiyyatı qarşısındakı borcunun bədii ifadəsidir, növbəti hesabatıdır”.

Tarix qatarlarını saxlamaz öz yolundan,
Kiminsə hədələri, kiminsə öləcəyi.
Azərbaycan içindən doğulur, diqqətlə bax,
Xalqın ruhu bütövsə, bütövdür gələcəyi!

Bu yerdə yadıma AYB-nin ötən ay keçirilmiş XIII qurultayında Sabir müəllimin çıxışı düşür. O, ədəbiyyatımızın milli ruhun diri qalmasındakı mühüm missiyasından söz açaraq dedi ki, tarixin bütün dövrlərində milli mübarizənin önündə yazıçılar gedib. Güney Azərbaycana diqqəti artırmaq zərurətini önə çəkən Xalq şairi Arazın o tayından gələn gənclərimizin dövlət hesabına oxudulmasını vacib saydı, ayrılmaz parçamız olan Cənub üçün kadr hazırlığını əldən verməməliyik, – dedi. Eyni zamanda bildirdi ki, dünya muzeylərində Azərbaycan klassik ədəbiyyatının inciləri çoxdur və nə qədər ki, onlar məhv olunmayıb, Azərbaycana qaytarılmalıdır. Çıxış gur alqışlarla qarşılandı.
Millət vəkili, akademik Rafael Hüseynov deyib ki, Sabirin yazıçı xarakteri, ömür amalı, ictimai-siyasi həyatda mövqeyi hər zaman fəal olub. 1500 illik şeirimizin iki Sabirindən biri olan Rüstəmxanlı sovet dönəmində doğulsa da,  həmin quruluşun vakuumunda boğulmayıb, “sərhədsiz ruhu” ilə türk dünyasını inamla dolaşıb. Millətin, ulusun tarixini həm də duyğu həqiqəti ilə yazan, doğudan-batıya bütün dünyaya səpələnmiş türk qövmünün gerçəklərini tərənnüm edən şair xalq taleyi ilə bağlı məsələlərdə heç vaxt susmayıb, həmişə ziyalı, siyasətçi prinsipiallığı göstərib.
Xalq şairinin özü demişkən, əsərlərini “bir dam altında”, toplu halında ipə-sapa düzdüyü 15 cildliyi geniş əhatəlidir.  İlk cild özünün yazdığı “Yol hardan başlanır” adlı qeydləri və AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Ön söz” kimi qələmə aldığı “Xalq şairi Sabir Rüstəmxanlı: millilik, vətəndaşlıq və müasirlik” adlı məqaləsi ilə açılır. Həmin cilddə şairin 1962-1977-ci illərdə yazdığı şeirləri toplanıb. Növbəti cildlərdə onun sonrakı dövr şeirləri və poemaları, publisist yazıları, pyes, hekayə, povest və romanları, eləcə də dünya ədəbiyyatından tərcümələri, çıxışları və yol qeydləri olacaq.
İnanırıq ki, yazılarını sevə-sevə oxuduğumuz, çıxışlarını maraqla dinlədiyimiz Sabir Rüstəmxanlının “Seçilmiş əsərləri” könülləri fəth edə biləcək.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

Share: