Bir millətin ürəyində sayrışan söz yaşayan can- AZƏRBAYCAN!

Banuçiçək NİZAMİQIZI

Azərbaycan

Salnamənin tarixini oxuyarkən varaq- varaq,
Söylədim ki, ürəyimdə bu nə tarix, bu nə hesab?
Hər daşında min hikmət var, hər zərrəndə min heyrət
Vahid xalqın həyatında bir nemətsən, bir nemət.
Keçmişlərdən gələn gücün bu günlərə dayanıbdı
Odlu qılınc zərbələrin çay aşıbdı, dağ yarıbdı
Bu günündə olan qüdrət gələcəyə yol salıbdı
Gücün, qüdrətin hər zaman dastanlara yazılıbdı.
İldırım tək çaxan qılınc Şah İsmayıl qılıncıdı
Düşmənin belin qıran Dəmir Yumruq savaşıdı.
Bu günündə, keçmişində tarixlərə sığan deyil
Tarixini öyrənməyə min qərinə bəsim deyil
Hikmətindən doğan Günəş qürubunda sönən deyil
Sən elə bir vüqarsanki güc, qüdrətin əbəs deyil.
Sən tarixdən vüsət almış bu günündə yaşayan,
Tarixini bu günündə vüqarıyla daşıyan,
Yenilməzlik abidəsi, cahanlara sığmayan,
Adının hər bir hərfilə ölməzliyə ucalan-
Azərbaycan,
Varmı cahanda belə qədim dövlət vahid can?
Azərbaycan,
Bir millətin ürəyində sayrışan söz yaşayan can-
AZƏRBAYCAN!

25.05.2022

Azərbaycan əfsanəsi

Müstəqil dövlətimin müstəqil insanları,
Onun ismi gələndə ayağa qalxsın hamı.
Yerin, göyün müjdəsi parıldayan ilhamı
Sən olmusan qəlbimizin əbədiyyat məramı.

Dağlar sənə borcludu məğrur duruşlarıyla,
Dəniz sənə borculudu, uca dalğalarıyla,
Alov sənə borcludu sönməz parlaqlığıyla
Sən olmusan şölə saçan sönməz odun çırağı.

Bayrağımız, gerbimiz, dilimizdə himnimiz
Sənin uca yolunla irəlləyir dövlətimiz.
Səhərə addımlayan hər dəqiqə, ilimiz
Məşəldən də parlaqdı işıq saçan şöləmiz.

Borcluyuq bu gün sizə, borcluyuq biz hamımız
Bir əfsanə qarşısında baş əyir məramımız!
Heydər baba, günəştəki parıldayan səmamız
Qızıldanda qiymətlidi bu gün aydın fəzamız.

İlham səndən güc alıb, biz İlhamdan dəyanət
Sənin ilhamınla da gələcəyə istiqamət!
Odur sənin davamçın, odur məğrur sərkərdə
Heydər baba, İlhamla inamlı gələcəyə!

Dəmir yumruq iradəsi!
Azərbaycan əfsanəsi!

15.02.2023

Share: