“Bir Allahdan qorxuram, bir də Allahdan qorxmayandan.”

Əfrahim Hüseynli- 70

İnsanın simasında mahiyyəti barədə heç nə yazılmasa da, fəqət bəzi işarələr var. Bu işarələri yalnız ariflər görə bilirlər…

Nə isə… Bu dəfəki söhbətimin qəhrəmanı həkimdir, amma şair taleyi yaşayır. Zəngin daxili dünyası var. Səbir, alicənablıq və həssaslıq həmin dünyanın əsas xüsusiyyətlərdir. Bu xüsusiyyətlər, bütün ömrü boyu onu formalaşdıraraq şəxsiyyət kimi yetişdirə biliblər. İstənilən mühitə asanlıqla uyğunlaşmağı bacaran adamdır. Dürüst, vicdanlı və sədaqətlidir. Yüksək inandırma qabiliyyətinə malikdir, həmsöhbətinə fikirlərini təlqin etməyi bacarır. Fantaziyası güclüdür, lakin reallaşdırmaqda çətinlik çəkir. Ətrafında baş verən hadisələrdən tez təsirlənir. Xəyallarında o qədər xoşbəxtdir ki, bu xoşbəxtlikdən güc alıb real həyatını yaşayır…
Deyir ki,- “Bir Allahdan qorxuram, bir də Allahdan qorxmayandan…”
1954-cü ildə Cəlilabad rayonunun Alar kəndində dünyaya gəlib. Orta təhsilini həmin kənddə başa vurub. Sonra Azərbaycan Tibb İstitutunun Müalicə-profilaktika fakültəsini bitirərək həkim-terapevt ixtisasına yiyələnib. Əmək fəaliyyətinə Bakı şəhəri, Qədirli adına Hövzə xəstəxanasında başlayıb. İki ildən sonra Alar kənd xəstəxanasına baş həkim təyin olunub. Elə o vaxtdan da həmin xəstəxananaya rəhbərlik edir…
İlk dəfə ədəbiyyata on yeddi yaşında, mərkəzi qəzetlərin birində işıq üzü görən “Bakının gecə lövhəsi” adlı şeiri ilə gəlib. Sonradan dövri mətbuatda şeirləri tez-tez dərc edilib. Onun şair kimi formalaşmasında isə tələbəlik illərində üzv olduğu müxtəlif ədəbi dərnəklərin rolu böyük olub.
Yeddi şeirlər kitabının müəllifi və həkim-yazarların iki cilddən ibarət poetik toplusunun tərtibçisidir. Ən məşhur əsəri- Şuşa dərdinə həsr olunmuş “Bu şəhər həsrət yeridir” poemasıdır. Türkiyədə çap olunan “Altun kalemler” kitabında şeirləri yer alıb. Haqqında “Onların qisməti belə ömürdür” kitabı qələmə alınıb…
Kövrək görünüşü olsa da, necə deyərlər, əslində bu görünüşün altında güclü bir şəxsiyyət yatır. Hər bir çətinliyi qısa zamanda dəf etməyi bacarır. Elinə, torpağına, ailəsinə bağlı insandır. Sənətini çox sevir. Çalışır ki, insanlara layiqincə xidmət göstərə bilsin. “Həkimlik mənim sənətim, şairlik alın yazımdır”- söyləyir…
Deyir ki,- “İlk oxucularım ömür-gün yoldaşımla qızım olurlar. Hər ikisi də həkimdir. Bəzən görüşlərdə mənə sual verirlər ki, yazdığınız sevgi şeirlərini kimə həsr edirsiniz? Cavab verirəm, əksəriyyətini ömür-gün yoldaşıma ithaf edirəm, qalanları isə bir şairin təxəyyülüdür.”
Nəhayət, söhbətimi burada bitirmək istəyirəm. Bəli, oxucuların Əfrahim Hüseynli kimi tanıdığı, Cəlilabad rayon, Alar kənd xəstəxanasının baş həkimi Əfrahim İsmayıl oğlu Hüseynovdan danışırdım. İndi tanış olacağınız “Mən qızılı dəmir bildim” şeiri də ona məxsusdur…
“Vaxt yeridi vaxt üstünə,
Qar ələdi, baxt üstümə.
Oturardım taxt üstünə,-
Mən qızılı dəmir bildim.
Qurulub dərddən alaçıq,
Keç, gecələ alnıaçıq.
Biz qalmasaq da, qalacaq
Hörmət, izzət, qədir, bildim.
Dinən günahkar da oldu,
Dinən kəs lal-kar da oldu…
Nə oldu, aşkarda oldu,-
Ömür sürmək nədir, bildim.”
Fevralın 23-ü Əfrahim həkimin 70 yaşı tamam olur. Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram. Çox yaşasın!
Elman Eldaroğlu
Share: