Baştutmayan intihar… – HEKAYƏ

Meyxoş ABDULLAH

… İçi qan ağlayırdı. Hirsindən partlamaq dərəcəsinə çatmışdı. Elə hala düşmüşdü ki, öz-özünə yazığı gəlirdi. Yolboyu bir neçə dəfə doluxsunub ağlamaq istəsə də, adamlardan ayıb bilib özünü zorla saxlamışdı.
Çiynindən asdığı əlçantasından ikiəlli yapışmışdı. Heydən düşmüş bədəninin, elə bil, ağırlığı doldurulmuşdu çantanın içərisinə, ona zindan kimi ağır gəlirdi. Həyatında çox əzablar görən, onun-bunun yükünü çəkən bu adam, ilk dəfəydi ki, öz qeydinə qalmışdı, yükünü ardınca sürüyürdü…
Ayaqlarından daş asılmış kimi zorla yeriyirdi. Hara gedəcəyini, nə edəcəyinin fərqində deyildi, bircə ona əzab verən, içini qurd kimi gəmirən bu ağrılardan bacardıqca tez qurtulmaq istəyirdi.
Nəfəsini dərmək üçün, ağacın altına qoyulmuş oturacaqda oturdu. Yaman dolmuşdu. Bu ayrılıq, bu xəyanət ona bərk yer etmişdi. Heç cür özünə toxtaqlıq verib sakitləşə bilmirdi. Fikirləri kələf kimi dolaşmışdı. Nə vaxtsa eşitdiyi və beyninin künc-bucağında ilişib qalmış bir mahnının sözlərini xatırladı: “- Ay allahsız, ağrılara tabım yox, fəryadıma buludlar qan ağlayır. Bir eşq idim sabahına bərabər, sənin idim allahına bərabər. Nə etdim ki, günahına bərabər, görmürsən ki, canımda can ağlayır”.
Çiyinləri titrədi. Uşaq kimi əllərini ağzına təpib hıçqırdı.
Yoldan ötənlərin ona baxdığını görüb, özünə bir qədər toxtaqlıq verdi. Sonra dükandan aldığı ip topasını çantasından çıxartdı. İp nazik olsa da möhkəm idi. – Görəsən, qırılmaz?! – deyə fikirləşdi. Nədənsə, ağlından keçdi ki, kaş ip qırılaydı. Sevdiyi adamın ondan sonra keçirəcəyi peçimançılıq hissini öz gözləriylə görmək istəyirdi. İstəyirdi ki, sevdiyi adam onun ölümündən sonra məzarı üstündə hönkür-hönkür ağlasın. – Niyə belə etdin?! – deyib fəryad qoparsın.
Elə bu düşüncələr içərisindəykən, ortayaşlarında, hündürboylu, sarısaç bir qadın o oturduğu oturacağa yaxınlaşdı və heç bir izn istəmədən ona yaxın oturdu.
Bayaq, parka girəndə bu qadını görmüşdü. Hətta, qadının ona diqqətlə baxdığını da nəzərindən qaçırmamışdı. Fikirləşdi ki, ya, bu qadın onu tanıyır, yadaki, kiminləsə səhv salıb. Ola bilsin, qadın onu qarabaqara izləsin də, – düşündü.
Gözlərinin yaşını silə-silə özünü sakitləşdirməyə çalışdı. Bacarmadı, yenidən çiyinləri titrədi.
– Niyə ağlayırsan? – deyə, qadın ehmalca onun çiyninə toxundu.
Diksinən kimi oldu. Özünü yığışdırıb, zorla da olsa, gülümsəməyə çalışdı.
– Mən… mənimi deyirsiniz?! – Heç, bir az ürəyim doludur.
– Nə olub, bir hadisəmi baş verib?
– Hə… yox… Heç nə baş verməyib, elə-belə, – deyə qadın özünü şən göstərməyə çalışdı.
– Bu halınız göstərir ki, nə isə bədbəxt bir hadisə baş veribdir. Mən də qadınam, bəlkə dərdinizi deyəsiniz, axı nə olubdur?
Gənc qadın bir qədər susdu. Tanımadığı, amma bu halında ona mərhəmət göstərən, insandan sirrini gizlətmək də istəmədi.
– Sevdiyim adam mənə xəyanət edibdir!.. – deyə hıçqırdı.
– Xəyanət edib?!.. Bu yəqin belədir, ya, sizə kimsə deyibdir? – deyə qadın, soyuqqanlılıqla soruşdu.
– Özü dedi, həyatında başqa bir qadın olduğunu etiraf etdi.
– Elə buna görə ağlayırsan?
– Sizcə, bu az işdir?!
– Əlbəttə ki, yox. Bu böyük bir işdir. Qadına əri tərəfindən verilən ən ağır işgəncədir. – Neçə ildir ki, evlisiniz?
– Mən onunla evli deyiləm, o sevdiyim adamdir.
– Nişanlısıniz?!
– Xeyir. Mənim ərim, onun da arvadı var. Biz hər ikimiz ailəliyik.
– Anlamadım… Bəs?..
– Ona elə bağlanmışam ki, bir dəqiqə də olsun onsuz yaşaya bilmirəm. – İnanın, adicə suyu belə ondan icazəsiz içmək istəmirəm, mən onunla nəfəs alıram. Sevdiyim adam da dəfələrlə etiraf edib ki, həyat yoldaşı onu anlamaq istəmir, başa düşmür. Həyatda onu başa düşən təkcə mənəm, deyir.
– Xanım, əslində, kişilərin hamısı tanış olduqları qadınlara bu cür nağıllar danışırlar. Onların bu sözləri, balıq tutmaq üçün tilovun ucuna keçirilən aldadıcı yem kimidir. – Mən belə başa düşürəm ki, siz onu həyat yoldaşına qısqanırsınız, elə deyilmi?!
– Yox, onun ailəsiylə nə işim var? Halalca arvadıdır, uşaqlarının anasıdır, heç elə iş olar? Məsələ orasındadır ki, onun görüşdüyü başqa bir xanım da var, məni dəli edən odur. Sən demə, bunları məndən gizlədibmiş. Biləndə, məsələni qəti qoydum, ya mən, yada ki, o. Bir söz demədi. Bildim ki, qadından ayrılmaq istəmir. Ona görə də, qərara gəldim ki, mən ondan uzaqlaşım. Uzaqlaşdım da.
Üstündən nə vaxtdır keçib, hələ də məni arayıb, axtarmır. Bir saniyə mənsiz qala bilməyən adam, indi neçə müddətdir ki, harda olduğumla belə maraqlanmır. Onsuz dözə bilmirəm, ürəyim partlayır.
– Sənin sevdiyin adam nə peşənin sahibidir?
– Şairdir… şeir yazır.
– Şair?!..
Qadın bir qədər duruxdu, sonra gülümsəyərək:
– Nə gözəl… Bəs, sən nə işlə məşğulsan?
– Mən də yazıram.
– Hmm… Belə de… elə nə qəribə işlər desən sizlərdən, xəyalı göylərdə olanlardan çıxır. -Yaxşı, bəs, sənin ərin nə edir, o da yazır?
-Hansı?!
-Necə yəni hansı?! Ay qız, halalca ərini deyirəm də…
-Nə bilim, işləyir də. Doğrusu, onun nə işlə məşğul olduğunu dəqiq bilmirəm. Amma,
insafən, zəhmətkeş adamdır, uşaqlarına yaxşı baxır. Ancaq mənim ruhuma yaxın adam deyil.
– Buna ruhmu deyirsiniz?!
– Bilmirəm… bircə, onu bilirəm ki, mən tanış olduğum adamı dəli kimi sevirəm. Anlayırsınızmı, dəli kimi…
Hündürboylu qadın ətrafa boylanaraq barmağını dodaqları üstə qoyub:
– Bir az yavaş danış, qışqırma. Onsuz da, düşünməyin ki, mən sizin hər ikinizi ağıllı adam sanıram. Siz, doğurdan da, dəlisiniz, özü də, lap betərindən. – Dedin, sevdiyin adamdamı, evlidir?
– Əlbəttə, ailəsi, övladları var.
– Onun arvadıdamı yazır?!
– Yox, evdar xanımdır, başını aşağı salıb bozbaşını bişirir.
– Yaxşı ki, yazmır, yoxsa, o da sənin kimi dəli olardı. – Bəs, dediyin o qadın necə, hansı ki, sizin isti aşınıza soyuq suqatan xanımı deyirəm, o nə işlə məşğuldur?
Müğənnidir, toylara gedir.
– Onda sənə şükür, – deyə qadın başını buladı. – Bəs, indi fikrin nədir?
– Özümü öldürəcəyəm!..
– Dənizəmi atacaqsan özünü?
– Mən üzə bil… Yox e.., özümü asacağam.
– Haradan?!.. Ağacdanmı?! Tavandanmı?! – deyə qadın gülümsədi.
– Hə, evdə hamamın tavanında qarmaq yeri var, özümü oradan asacağam.
– Şərikli bir kişidən ötrümü?!
– Neynim bəs, onsuz yaşaya bilmirəm?
– Bəs, onun o biri sevgilisi? Axı, o da sizin kimi onu sevir? Yəqin, o da bilməmiş deyil ki, sevdiyi adamın həyatında sən də varsan, elə deyilmi?
– Məni o maraqlandırmır. Məni maraqlandıran odur ki, mənim neçə illik sevgim,
həsrətim heç oldu, ayaqlar altına atıldı. – Sizcə, buna dözmək olarmı?! Siz bunu bağışlayardınızmı?! Başınıza belə bir iş gəlsəydi nə edərdiniz?! Durub kənardanmı baxardınız?! Baxardınızmı, yoldan ötənin biri gəlib sizin qismətinizi əlindən alsın, ona sahib çıxsın?! – Niyə dinmirsiniz? – Görün, mən necə bədbəxt birisiyəm ki, sevdiyim, dərdindən dəli-divanə olduğum bir adam məni atıb başqasını sevir. Siz deyin, mən özümü öldürməyim, nə edim bəs?! Mənə bir yol göstərin, xahiş edirəm. Nə edim?!- deyə qadın, hönkürdü.
Hündürboylu qadın dərindən köks ötürüb, astaca:
– Özünüzü öldürməyin, birtəhər dözün! – dedi.
– Dözün!.. dözün!.. Hamı belə deyir. Dözə bilmirəm axı, ürəyim çat verib, dağılıram.
İnanın, gecəm-gündüzüm yoxdur, həyatım məhv olur, yaşaya bilmirəm.
Bayaqdan təmkinini pozmayan hündürboylu qadının birdən-birə əhvalı dəyişdi. O, gənc qadının çiyinlərindən ikiəlli tutub özünə tərəf çəkdi və düz onun gözlərinin içinə baxaraq:
-Bəs, mənə necəsən?! – Mən nə edim?! Mən… mən heç ölmürəm, dağılmıram, ürəyim partlamır? – deyə qadının əsəbdən dodaqları əsdi.
Gənc qadın onun bu halından qorxan kimi oldu.
– Sizə nə olub, xanım? Sizindəmi sevdiyiniz kişi sizə xəyanət edib?! Odamı sizi aldadıb? – soruşdu.
– Əlbəttə… Özü də çox.., dəfələrlə… dönə-dönə… – O sevdiyin kişi, dərdindən öldüyün şair, bölüşə bilmədiyiniz adam mənim vəfasız ərimdir!.. İndi sən de, özünü asmalı qadın sənsən, ya mən?! Cavab ver, səndən soruşuram; – sənsən, ya mən?!..
Gənc qadın bir anlıq oturduğu yerdəcə donub qaldı.
… Hündürboylu qadın özünə gələndə yanında heç kəs yox idi. Oturacağın üstündə, yalnız bir büküm ip topası düşüb qalmışdı.
O, ipə baxıb gülümsədi… Sonra ayağa qalxıb ipi götürdü və yaxınlıqdakı zibil qutusuna ataraq oradan uzaqlaşdı.

Share: