Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Türkiyə Yazarlar Birliyinin üzvü,
Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü,
Türk Dünyası Araşdırmaları
Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru,
Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin fəxri professoru, Özbəkistan Respublikası Beynəlxalq Ədəbiyyat, Sənət, İctimai Fənlər Akademiyasının fəxri akademiki,
Türk dünyası “Onur” və “Altın yıldız” medallı,
“Humay” Milli Mükafatı laureatı,
Qırğızıstan Respublikası “Çingiz Aytmatov” adına medal sahibi,
Qırğızıstan Təhsil Nazirliyinin “Altın qələm” mükafatı laureatı,
“Vektor” Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, 10 kitab, çoxsaylı şeirlər və mahnılar müəllifi, qəlbi vətən eşqi ilə döyünən, Türk dünyası sevdalı şairə, iş insanı, sahibkar, Bakıda VİP Milan hospitalın rəhbəri,hər zaman qazilərimizin,şəhid ailələrinin yanında olan və ən əsası bütün Türk dünyasında sevilən Xuraman Muradova
Sevgi Şəfadır
Könül mülkü viran, bülbül fəğanda,
Axtarar dərmanı fani cahanda.
Ruhun ucaldığı o uca anda,
Anlarsan, hər dərdə sevgi şəfadır.
Nəfsin tufanında itəndə hər iz,
Qəlbin aynasını eylə sən təmiz.
Dünyanın yükünü çəksək də tək biz,
Məlhəmdir hər qəlbə, sevgi şəfadır.
Ümid boynu bükük, gözlər dumanlı,
Zaman amansızdır, ömür gümanlı.
Olsa da bu yollar ağır, fəğanlı,
Kədəri yox edən sevgi şəfadır.
Gözəllik axtarma zahiri rəngdə,
Həqiqət gizlənib ruhda, ahəngdə.
Nəfslə bəşərin etdiyi cəngdə,
Qalib gələn duyğu, sevgi şəfadır.
Xuraman, sözünü uca tut hər dəm,
O pak duyğularla silinsin hər qəm.
Rəbbimin bəxş etdiyi ali kərəm —
Doğru sevgi gəlsə, sevgi şəfadır.
Sükanı Buraxdım
“Bəzən ən doğru qərar sükanı buraxmaqdır… Qoy gəmi batsın, qoy dastan bitsin. Sən isə kənardan seyr et. Çünki bəzi savaşlar qazanılmaq üçün deyil, bitirilmək üçündür.”
Xuraman Muradova
Sükanı sonunda buraxdım, yetər,
Fırtına coşubdur, dəniz qızışdı.
Bu yorğun bədənim candan da bezər,
Bu tale qaçılmaz, dərin axışdı.
Nə qədər vuruşdum, nə qədər dözdüm,
Ümidlər fırtına içində bitdi.
Mən özüm-özümə bu ömrü yazdım,
Gözümdə sahilin işığı itdi.
Tək əllə tutulmaz gəminin qəmi,
Dalğalar üstümə yeridi, gəldi.
Mən xilas etdikcə batdı bu gəmi,
Fədakarlıq mənim ömrümü dəldi.
Kiminçün qorudum sönük gəmini?
Sahili görünməz ümmana daldım.
İtirdim gümanı, itirdim səni,
Bir tənha limanda tək-tənha qaldım.
Gözümdə canlanır sahildən bir iz,
Bəlkə bir ümiddir, bəlkə bir xəyal.
İndi ağuşuna çağırır dəniz,
Deyir: “Bu sükutu əbədilik al”.
Buraxdım suları öz axınına,
Qoy batsın o gəmi, bitsin bu dastan.
Yetdim bu ömürün son ağrısına,
Sükan da azaddır, mən də bu andan.
İndi qoy sularda gömülsün gəmi,
Yorulan əlimdən düşdü bu sükan.
Ruhum da azaddır artıq bu andan,
O gəmi batsın ki, qurtarsın bu can…
Təvəkkül eylə
Sınarmış yarpağı rüzgâr, edərmiş insanı səbr imtahan,
Bu fani daxilin hər bir anında gizlidir sirri-bəyan.
Açarsan ən gözəl gül tək, nə bilsin qədrini nadan,
Səni bəzən ucuz eylər qəlbi sevməkdən uzaq insan.
Haman Qüdrətdir, ey can, həm səni var eyləyən, sınayan,
O Xaliqdir qəmi dildən silib, hikmətlə ovudan.
Biləsən, hər nə gəlsə başa, Allahdır o tək Sultan,
Üzülmə, dəyməz heç bir şeyə bu cahanda ah-fəğan.
Yazılmış qismətin zərrəcə zərrə, eyləmə şübhə,
Təvəkkül eylə sən Haqqa, sığın bircə o uca Rəbbə.
Düşmən Çəkər
Anam hər dəm deyərdi: “Gizli saxla hər işi,
Cahana car çəkən bilsin, bədnəzər, düşmən çəkər”.
Uğur tapsan, səssiz sevin, faş eləmə kimsəyə,
Gözə gəlsə malın-mülkün, ahü zar, düşmən çəkər.
Can yandırıb, can dediyin bəzən vurar canından,
Ən çox yaxşılıq etdiyin, xeyrü şər, düşmən çəkər.
Vüqarınla ucal hər dəm, qoy paxıllar bilməsin,
Gizli saxla hər sirrini, aşikar düşmən çəkər.
Xuraman, sən bu hikmətlə addımla hər mənzili,
Sözü vaxtsız hədər etsən, qəm-kədər, düşmən çəkər.
“Cahil ilə mübahisə etmə; uzaqdan baxan hansınızın cahil olduğunu ayırd edə bilməz.”
CAHİL
Hər yetən arifə tən gəlmək istər,
Boş qablar hər zaman səs salmaq istər,
Bilmədən hər kəsə dərs vermək istər,
İçi boş, hay-küyü bol olar cahil.
Haqqı danışsan da, kar olar, duymaz,
Doğru bir kəlamı beyninə qoymaz,
Sükut et, canını qurtar, o doymaz,
Söz anlayan deyil, kar olar cahil.
Bilməz hardan gəlir bu quru inam,
Özünü dünyada sanar ən tamam,
Alim şəkk eyləyər, şübhədə müdam,
Özündən arxayın, kor olar cahil.
Ömürdən gün gedər onun yanında,
Zülmət bir qaranlıq qaynar qanında,
Dözmək çətin olar axır anında,
Hüzura, varlığa dar olar cahil.
Uzaq tut ruhunu, toxunsa ahı,
Solmağa başlayar ömrün sabahı.
İtir kərpic-kərpic zaman dərgahı,
Ömrün xoş illərini alar cahil.
Əlindən dad çəkər duyğu da, səs də,
Ruhunu boğdurar quru qəfəsdə.
Dərd verər hər addımda, hər nəfəsdə,
Səni peşman hallara salar cahil.
XƏYANƏT
Xəyanət anlatılmaz, sadəcə susarsan sən,
Gül açan bağlarında tək qalıb solarsan sən.
Nə bir sual verərsən, nə cavab alarsan sən,
Xəyanət anlatılmaz, sadəcə susarsan…
Bir gecə darmadağın olar bütün xəyallar,
Cansız bədən tək qalar, ruh bədəndən qan ağlar.
İçində fəryad qopar, dilin qıfıllanar, lal…
Xəyanət anlatılmaz, sadəcə susarsan…
Ən doğma bildiyindir qəlbinə xəncər vuran,
Gözünün içinə baxıb, yalanı gerçək quran.
Dünya başına uçar, dayanar sanki zaman,
Xəyanət anlatılmaz, sadəcə susarsan…
Düşünərsən sağalar, qəlbdə qalar bir qəbir,
Bu necə bir dərddir ki, tapılmır buna səbr?!
Mən yaxşılıq eylədim, bəs bu xəyanət nədir?
Xəyanət anlatılmaz, sadəcə susarsan…
Qırılan etibarın səsi çıxmaz dilindən,
Bir ah çəkib keçərsən ömrünün sahilindən.
Baxarsan uzaqlara qəlbinin dərinindən,
Xəyanət anlatılmaz, sadəcə susarsan…
Nə hayqırmaq kar edər, nə də dərdi söyləmək,
Bəzən ən ağır yükdür heç nə hiss etdirməmək.
Bir ömür öyrənərsən səssizcə dözə bilmək,
Xəyanət anlatılmaz, sadəcə susarsan…
Xuraman söylər, zaman hər yaranı sağaldar,
Bəlkə ümid göyərər, yeni bir sevgi doğar.
Elə yaralar var ki, ömürlük izi qalar,
Xəyanət anlatılmaz, sadəcə susarsan…






















