Bakının mərkəzində əvvəl ağacları çıxardılar, sonra özəlləşdirdilər, indi də obyekt tikirlər – FOTO

Bakının mərkəzində səkinin xeyli hissəsi hasarlanıb.

Trend xəbər verir ki, Yasamal rayonu, B.Vahabzadə küçəsi, metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında yerləşən həmin ərazi dünən hasara alınıb. Ərazidə hansı işlərin aparılması ilə bağlı heç bir məlumat yoxdur.

Uzun illər həmin ərazidə yaşıllıq zolağı olsa da, ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ərazidəki ağacları başqa yerə köçürmüşdü.

Həmin vaxt Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məsələ ilə bağlı açıqlama verərək ağacların köçürülmə səbəbini açıqlamışdı. Qurum rəsmisi bildirmişdi ki, ağacların ərazidən köçürülməsinə səbəb yerin altından keçən naqildir:

“Ağaclar olduğu ərazidə yerin altındakı naqildə nasazlıq baş verib. Problemi aradan qaldırmaq üçün həmin yerdə olan ağaclar çıxarılaraq digər əraziyə köçürülüb”.

Bir ildən sonra isə həmin ərazi hasarlanıb. Yeni obyekt tikiləcəyi iddia olunur.

Yasamal Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xaqan Teymurov faktı təsdiqləsə də, ərazinin hansı əsasla hasarlanması barədə məlumat verməyib.

Şöbə müdiri bildirib ki, həmin ərazi özəlləşdirilib, şəxsi əmlakdır və əmlak sahibi özü həmin yeri hasara alıb və tikinti ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə layihə təqdim edib.

“Həmin ərazi özəl yerdir, sənədləri də var. Sahibkar həmin ərazini hasara alaraq icra hakimiyyətinə layihə təqdim edib. Hazırda həmin layihənin təsdiqlənməsi işləri həyata keçirilir”, – deyə şöbə müdiri bildirib.

Şöbə müdiri qeyd edib ki, sahibkar hələlik ərazidə heç bir tikinti işləri aparmır:

“Onun hələlik orada tikinti aparmağa icazəsi yoxdur. İcazə alınandan və layihə aidiyyəti qurumlar tərəfindən təsdiqlənəndən sonra orada nəsə tikinti işləri aparıla bilər”.

Share: