“Bakı Enerji Həftəsi SOCAR-ın imkanlarının təqdimatı oldu”

“Hər bir beynəlxalq əhəmiyyətli tədbir mahiyyəti, eyni zamanda, keçirildiyi  məkan, iştirakçıların say tərkibi, onların hansı ölkələri və şirkətləri təmsil etmələri ilə diqqətdə olur. Bu baxımdan  31 may-3 iyun tarixlərində dünyanın enerji mərkəzlərinin nəzərlərini yenidən Azərbaycana yönəldən 28-ci  Xəzər Neft və Qaz Sərgisi son dərəcə diqqətçəkən beynəlxalq əhəmiyyətli tədbir oldu”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib:

“Paytaxtımızın üç mötəbər tədbiri bir ad altında birləşdirən Bakı Enerji Həftəsinə ev sahibliyi uğurla başa çatsa da, orada səsləndirilən çağırışların mətbuatda təhlili  davam edir. Xəzər regionunun ən nü­fuzlu enerji tədbirinin açılışında dövlət başçısı İlham Əliyev Azərbaycanın ilk neft-qaz sərgisinin keçirilməsindən, eyni zamanda, “Əsrin müqaviləsi”nin imzalanmasından bu günədək ölkəmizin enerji sektorunda qazandığı uğurların fonunda belə bir mühüm məqamı xüsusi qeyd etdi ki, bu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Prezident İlham Əliyev bu reallığı da böyük fəxr hissi ilə diqqətə çatdırdı ki, Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırırlar. Bu, çox vacib bir məsələdir. Neft-qaz sərgisində, həmçinin  bir çox dün­ya ölkələrinin təmsilçilərinin, şirkət nümayəndələrinin, beynəlxalq enerji ekspertlərinin iştirakı sərginin əhəmiyyətini artırmaqla yanaşı, onların səsləndirdikləri fikirlər ölkəmizin etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin təqdimatı oldu”.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın həm region­da, həm də Avropada enerji təh­lükəsizliyi sahəsində önəmli rol oynadığını bir daha təsdiqləyən beynəlxalq enerji həftəsinin təş­kilatçıları isə “Iteca Caspian” və “Caspian Event Oraganisers” və onların beynəlxalq tərəfdaş­ları–“İCA Events” və “CEM FZ LLC” şirkətləri idi:

“Tədbirin baş sponsoru SOCAR, sponsor­ları isə “AbuDhabi Port”, “ACWA Power”, “Ansaldo Energia”, “AZEL SYSTEMS”, “Azeri M-I Drilling Fluids”, AZFEN, “Baku Steel Company”, bp, “Caspian Drilling Company”, “Caspian Marine Ser­vices”, “Equinor”, “EP Absheron”, “Intertek”, “Global Energy Azerba­ijan”, GL, “Inpex”, “KOLIN Const­ruction”, “MASDAR”, “Tekfen”,“Total Energies”, “Turkish Petroleum”, “Uniper”, “Ural Steel” şirkətləridir. Sponsorların say tərkibinin genişliyi  Bakı Beynəlxalq Enerji Həftəsinin  yüksək statusa malik olduğunu, sərgiyə marağın daha da artdığını göstərdi. Təbii ki, yeni çağırışlar bu tərkibin növbəti  sərgilərdə daha da genişlənəcəyi barədə aydın təsəvvür yaradır. Dövlət başçısı İlham Əliyev sərginin açılış mərasimindəki çıxışında da bu məqamı xüsusi qeyd etdi ki, komanda işini davam etdirməliyik. Artıq yeni iştirakçılar, yeni ideyalar, planlar var. Bunları reallaşdırdıqca, bütün işlərimiz uğurla gedəcək”.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, Azərbaycan Dövlət Neft Şirkətinin, ayrı-ayrı şirkət və müəssisələ­rin öz  uğurlu nəticələrini və  perspektiv­lərini geniş nümayiş etdirmələri tədbirə marağı daha da artırdı:

“Bundan əlavə, ölkəmizdə həya­ta keçirilən iri neft-qaz layihələri­nin operatoru bp şirkəti, qardaş Türkiyənin TPAO, Fransanın “To­tal”, Azərbaycanda bərpaolunan enerji layihələrinin iştirakçısı olan Birləşmiş Ərəb Əmirliklə­rinin “Masdar” , Özbəkistanın “Uzbeknefteqaz” və dünyanın neft-qaz, nəqliyyat-logistika və təchizat sahələrində fəaliyyət göstərən onlarla firma və şirkəti öz qabaqcıl təcrübə və nailiyyət­lərini sərgidə nümayiş etdirmək üçün yaxşı imkan qazandılar. Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR sərgidə geniş təmsil olundu. Bildirildi ki, SOCAR Bakı Enerji Həftəsində Baş Tərəfdaş olaraq iştirak edir. Stenddə SOCAR-ın Apstrim, Midstrim və Daunstrim istiqamətlərində, həmçinin marketinq, satış fəaliyyəti və müxtəlif xidmətləri barədə məlumatlar, “yaşıl enerji” layihələrinə dair bölmədə SOCAR-ın yaşıl enerjiyə baxışı, bərpaolunan enerji mənbələri üzrə pilot layihələri barədə informasiyalar, həmçinin  elmi-tədqiqat işləri və nanotexnologiyalar, təlim və təhsil proqramları barədə məlumatlar qeyd edilmişdi”. 

Vüqar Rəhimzadə qeyd edib ki, Xəzər Neft-Qaz  Sərgisi artıq 28 ildir ki, neft, qaz və enerji sektorunda əhəmiyyətli əməkdaşlıq üçün mühüm beynəlxalq platformaya çevrilib: “Hər il Azərbaycan Prezidentinin açılış mərasimində iştirakı isə sərginin yüksək statusunu bir daha təsdiqləyir. Həmçinin tədbirin bir çox ölkələrdən olan nüfuzlu şirkətləri, yüksək səviyyəli qonaqları, dövlət xadimlərini və beynəlxalq enerji ekspertlərini Bakıya toplaması təsadüfi deyil. Azərbaycan paytaxtı artıq  mühüm  beynəlxalq tədbirlərin təşkil edildiyi, vacib qərarların qəbul edildiyi və əməkdaşlıq məsələlərinin müzakirə olunduğu məkana çevrilib”.


Share: