AZADLIQ MÜCADİLƏSİ…

AZADLIQ MÜCADİLƏSİ

 

 

 Bir çox mənbələrdə göstərilir ki. 1918-1920-ci illərdə Azərbaycanda, xüsusilə də Bakıda partiyaların sayı 14-ə çatmışdır. Onlardan 11-i respublika parlamentində təmsil olunmuşdur. 27 aprel 1920-ci ildən sonra siyasi vəziyyət dəyişmiş, Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərinin bir çoxu güllələnmiş, bəziləri gizlənmiş və ya yaxın xarici ölkələrə,o cümlədən Avropa ölkələrinə mühacirət etmişlər. Öz həyatlarını  Azrbaycan müstəqilliyi uğrunda mübarizəyə həsr edən, ömrü boyu bu amalla yaşayan və ümidlə mühacir həyatı keçirən siyasi xadimlərdən biri də Nağı bəy Şeyxzamanlı olmuşdur.

 

Nağı bəy Şeyxzamanlı 1883-cü ildə Gəncədə anadan olmuş, 1967-ci ildə Türkiyədə vfat etmişdir. “Azərbayca istiqlal mücadiləsi xatirələri” kitabında müəllif giriş hissədə Azərbaycanın tarixinə qısa ekskurs etmiş, Gəncənin tarixindən, döyüşkənliyindən, mərd və mübariz admlarından söhbət açmışdır. Kitabda 1905-ci il inqilabından sonra Azərbaycanın şəhər və kəndlərində məktəblərin açılması, bir çox qəzet və jurnalların çapı üçün leqal şərait yaradılması və müxtəlif cəmiyyətlərin qurulması barədə məlumat var. Gəncədə yaradılmış cəmiyyətlər bunlar idi: Xeyriyyə cəmiyyəti, Dram cəmiyyəti, Maarif cəmiyyəti və gizli “Difai” firqəsi. Xüsusilə “Difai” gizli təşkilatının yaradılması səbəblərini izah edərkən müəllif göstərir ki, bu təşkilat zərurət üzündən qurulmuşdur.” … Bu təşkilat insani münasibət göstərməyən, hörmətsizlk edən erməni-azəri mücadiləsində ermənilərə açıqdan-açıqa yardım edən… və rus idarələrinin etdiyi pisliklərə cavab olaraq yaradılmışdır.” Həmin təşkilatı yaradan Ələkbər Rəfibəyli, Ələkbər və Ələsgər Xasməmmədli qardaşları, Nəsib bəy Yusifbəyli və doktor Həsən Ağaoğlu idi. Onlar ermənilərin edə biləcəkləri zorakılıqların qarşısını almaq üçün xalqı birləşdirmək, çar üsul idarəçiliyinə qarşı mübarizə aparmaq məqsədilə birgə mübarizə aparmaq yolunu seçmişdilər.

Çar üsul-idarəsinin azərbaycanlılara qarşı tutduğu qərəzli mövqeyi xalqı hiddətləndirmişdi. Bir çox məsələlərin həllində Tbilisidə əyləşmiş general-qubernatorla danışıqlar aparılmışdı ki, həmin söhbətlərin “sözkəsəni” ağsaqqal ziyalı Ələkbər Rəfibəyli olmuşdu. Xüsusilə hərbi xidmətə çağırış, almanların köçürülməsi və Sanqamışlı döyüşündə məğlub edilmiş türk əsirlərinin Sibirə sürgün edilməsi vaxtı onların ərzaqla təmin edilməsi və müalicəsi məsələlərində, habelə digər əhəmiyyətli məsələlərin həllində vətənpərvər Gəncə ziyalılarının adları hörmətlə çəkilir. Kitabda Nağı bəy Şeyxzamanlının 1916-1917-ci illərdə rəhbərlik etdiyi “Gənclik” təşkilatı haqqında da geniş məlumat verilir.

1919-cu ildə Milli Təhlükəsizlik Komitəsinin sədri olan Nağı bəy Şeyxzamanlı müəllifi olduğu kitabda onlarla satqın erməni adını çəkir.

1918-ci ildə erməni-Azərbaycan qarşıdurması güclənir və kütləvi qırğınlar başlayır. Bir yandan hiyləgər erməni daşnaqları, digər tərəfdən gözünü Bakı neftinə dikmiş ingilis müdaxiləçilərinin hərəkətləri Gəncədə Milli Komitənin belə bir qərar çıxarmasına səbəb oldu6 Osmanlı imperatorluğuna səlahiyyətli heyət göndərilsin və Türkiyədən silahlı yardım istənilsin. Nəsib bəy Yusifbəylinin təklifi ilə Nağı Şeyxzamanlı Hüsaməddin bəylə Türkiyəyə gedir və çətinlikə də olsa, Ənvər paşanın qardaşı Nuru paşanın başçılığı ilə türk qoşunlarının gəmi ilə Gürcüstana, oradan isə Azərbaycana gətirilməsinə nail olur. Nağı bəyin türk qoşunlarını Azərbaycana dəvət etdiyi səfərdə onunla yoldaşlıq edənlərdən biri də Ömər Faiq Nemanzadə olmuşdur. Kitabın “Qafqaza dönüş” fəslində türklərin burada necə sevinclə qarşılanmasından, onların erməniləri necə təmizləmələrindən söhbət açılır.

“Milli Təhlükəsizlik Təşkilatının yaradılması zərurətinə cümhuriyyətimizin ilk illərində çar generalı Denikinin daima bizi təhrid etməsi, sərhədlərimizin müntəzəm pozulması və müxtəlif hadisələr səbəb olmuşdu”. Kitabda L.Beriya ilə bağlı ayrıca bəhs verilmişdir. Onun Bakı həyatı, Milli Təhlükəsizlik Təşkilatının məlumat bürosunda çalışması, azərbaycanlıları vəhşicəsinə qırması və s. barədə söhbət açan müəllif xatırladır ki, onun özü hələ 1920-ci il aprel işğalından sonra “1 nömrəli xalq düşməni” elan edilmişdi. Aprel işğalından sonra Tiflisə pənah aparan Nağı Şeyxzamanlı burada xain ermənilərin Azərbaycanın hökumət başçısı Fətəli xan Xoyskini öldürmələrindən və ədliyyə naziri Xəlil bəy Xasmmədlinin yaralanmasından ürək ağrısı ilə söhbət açır.”

 

Akif Şahverdiyev. “Azərbaycan” qəzeti, 28 may 2004-cü il.

Share: