Azərkosmos Çin şirkəti ilə müqavilə imzaladı — Fotolar

Azərkosmos hostinq xidmətlərinin göstərilməsinə dair Çinin kosmik infrastruktur və yerüstü peyk xidmətləri təqdim edən “Emposat” şirkəti ilə biznes müqaviləsi imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, müqaviləyə əsasən, Azərkosmos Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşən Bakı teleportunda “Emposat” şirkətinin 7,3 metrlik S/X diapazonlu yerüstü anten sistemini quraşdırıb.

Qeyd edək ki, bu sistem “Emposat”ın ölkəmizdə quraşdırdığı sayca ikinci uğurlu biznes infrastrukturudur. Belə ki, iki il əvvəl şirkət Bakı teleportunda özünün 4,2 metrlik S/X diapazonlu yerüstü antenini quraşdırıb. Bu infrastruktur sayəsində “Emposat” müştərilərinə peyklər və peyk şəbəkələri arasında izləmə, peyklərin sağlamlığının yoxlanılması, telemetriyanın alınması və peyklərə nəzarətin düzgün aparılması üzrə xidmətlər təqdim edir.

Azərkosmosun hostinq xidmətlərindən növbəti dəfə faydalanan “Emposat” müştərilərini yerüstü peyk xidmətləri ilə təmin edəcək. Bu da şirkətə öz resurslarını optimallaşdırmaq üçün geniş imkanlar açacaq. “Emposat”ın yeni anten infrastrukturu bazarda yüksək keyfiyyətli, asan quraşdırıla bilən, peyklərdən dəqiq siqnalları qəbul edən və sərfəli rabitə xidmətlərini genişləndirməkdə əsas rol oynayacaq.

Azərkosmosun beynəlxalq “Tier 4” sertifikatına malik olan teleportu təkcə peyklərdən alınan siqnalların izlənilməsi və nəzarəti xidmətlərini deyil, həm də hostinq, yəni qlobal şirkətlərə məxsus yerüstü stansiyanın quraşdırılması, istismarı, saxlanması kimi xidmətləri də həyata keçirir. Geniş əraziyə malik və hazırda 15-dən çox anten ilə fəaliyyət göstərən yerüstü stansiyanın unikal və əlverişli mövqeyi qlobal şirkətlərin biznes məqsədli infrastrukturlarını Azərbaycanda quraşdırmağa əsas verir.

“Bizə növbəti dəfə hostinq xidmətlərinin verilməsi üzrə etibar etdiyi üçün “Emposat” şirkətinə təşəkkür edirik. Biz birlikdə teleportumuzun imkanlarının daha da innovativ olmasına çalışırıq. Bu, Azərkosmos və “Emposat” komandaları arasında mükəmməl əməkdaşlığın göstəricisidir”, – deyə Azərkosmosun sədr müavini Fuad Aslanov qeyd edib.


Share: