Azərbaycan Nəşriyyatının tanınmış siması – Ramiz HÜMMƏTOV dünyasını dəyişdi

Sən idin ağrını, acını yenən,

Qoşmayla dillənən, cinasla dinən,

Bizim toyumuza gəlmişdin dünən,

Bu gün necə gedim yasına, Ramiz!

Musa Ələkbərli

Özüllü, mayası halal, sütunları mərdlikdən yoğrulan, qara-borana mətanətlə sinə gərən dost sarayından bir kərpic də düşdü –  Tovuz elinin dəyərli oğlu, ziyalı, sinəsi təcnis, qoşma boğçası, Azərbaycan mətbuatı üçün əlindən gələni əsirgəməyən, “Tovuz Xeyriyyə Cəmiyyəti”nin mətbuat katibi Ramiz Hümmətovu itirdik.

Ramiz Hümmətov 1960-cı il iyulun 3-də Tovuzun Qaraxanlı kəndində anadan olmuşdu.

1977- ci ildə həmin kənddə orta məktəbi başa vurmuş və Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdu.

1982-ci ildə ali təhsilini bitirmiş, uzun müddət Sənaye Tikinti Nazirliyinin hesablama mərkəzində mühəndis-proqramist vəzifəsində işləyərək şöbə müdiri vəzifəsinədək yüksəlmişdi. 1994- cü ildə nazirlik ləğv olunduqdan sonra müxtəlif vaxtlarda “Assa-İrada” informasiya agentliyində, “Bakinskiy raboçiy”, “Bakı” və “Baku” qəzetlərində kompüter şöbəsində çalışmışdı. Uzun illərdir ki, Azərbaycan Nəşriyyatında müstəqil kompüter mərkəzinə rəhbərlik edirdi. Saysız-hesabsız bədii və elmi kitabların, qəzet-və jurnalların tərtibatı məhz Ramiz Hümmətova məxsusdur.

Ramiz Hümmətov müstəqil Azərbaycanla həmyaşıd olan “Tovuz Xeyriyyə Cəmiyyəti”nin mətbuat katibi idi. Cəmiyyətin dərc etdirdiyi kitabların, jurnalların, “Tovuz” qəzetinin xüsusi buraxılışlarının, bukletlərin, dəvətnamələrin çap işlərində onun əməyi böyükdür.

Ramiz Hümmətov riyaziyyatçı olsa da, Azərbaycan ədəbiyyatını, folklorunu dərindən bilirdi. Şifahi xalq ədəbiyyatının ən gözəl şeir növü olan təcnislərin, pantomim şeirlərin, qoşma və gərayılıların mahir ifaçısı idi. Azərbaycan aşıq ədəbiyyatını, xüsusən də Tovuz aşıq mühitini dərindən bilir, araşdırır, təbliğ edirdi.

44 günlük zəfər tariximizdə Ramiz Hümmətov arxa cəbhənin layiqli döyüşçüsü kimi daim hərəkətdə oldu. Müharibənin gedişatı, uğurlu əməliyyatlarımız, döyüşən oğullarımız, qazilərimiz, şəhidlərimiz haqqında yazılar dərc edərək ictimaiyyətə təqdim etdi.

“Tovuz Xeyriyyə Cəmiyyəti”nin təşkilatçılığı və Ramiz Hümmətovun redaktorluğu ilə Azərbaycan Vətən Müharibəsindən sonra Şəhid və qazilərimizin şərəfli ömür yollarına həsr edilmiş kitablar çap olundu, jurnallar işıq üzü gördü, təqdimat mərasimləri təşkil edildi. “Tovuz Xeyriyyə Cəmiyyəti”nin xəttiylə – cəmiyyətin sədr müavini Çingiz Abbasov, Ramiz Hümmətov və yazıçı-jurnalist İradə Aytel “Polad ürəklər” adı altında televiziya layihəsi gerçəkləşdirdi. Layihə əməkdaşları Vətən müharibəsində rəşadətlə döyüşmüş Şəhid və qazi ailələrində olaraq, qəhrəmanlarımızın keçdiyi həyat və döyüş yollarını televiziya və sosial şəbəkə vasitəsilə gələcək nəsillərə örnək göstərdilər. Ramiz Hümmətovun müqəddəs Şəhid və qazi ailələrində, anım tədbirlərində yaddaşlara hopan, gələcək nəsillərə örnək çıxışları ürəklərə və videolentlərə köçərək öz əbədiyyətini qazandı.

Ramiz Hümmətov gözəl ailə başçısı, təmənnasız dost, vicdanlı insan, el təəssübü çəkən vətənpərvər idi. Azərbaycan üçün böyük işlər görən ziyalılar – elm və ədəbiyyat adamlarının, söz sənətkarlarının yubileylərində, anım günlərində ürəklə iştirak edər, bəlağətli çıxışları ilə yadda qalardı.

“Tovuz Xeyriyyə Cəmiyyəti” İdarə Heyətinin üzvləri Musa Süleymanov, Çingiz Abbasov, Namazəli Məmmədov, Vidadi Əhmədov,  Yaşar Sultanov, cəmiyyətin Ağsaqqallar Şurasının üzvləri – Mayıl Məhərrəmov, Qəzənfər Paşayev, Məmməd  Məmmədov və bütün Tovuz əhalisi dəyərli ziyalımızın qəfil ölümü münasibətilə kədərləndiyini bildirir, mərhumun ailəsinə, doğmalarına, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir.

Ruhun şad olsun Ramiz Hümmətov!

 

Share: