Atanın vəsiyyəti ilə Afrikadan Türkiyəyə üç gəlin gətirildi – VİDEO

 

Türkiyənin Dənizli vilayətindən olan iş adamı Himmət Kara 2018-ci ildə ailəsi ilə plastik material ticarəti üçün Fil Dişi Sahilində məskunlaşıb.

Himmət Kara və oğlu burada ağcaqanad sancmasından xəstələniblər. Malyariya diaqnozu qoyulan atanı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Xəstəliyə görə Fil Dişi Sahilində bir müddət müalicə olunan ailəyə yerli sakinlərdən 24 yaşlı Zeynəb Vanessa Koudiao köməklik edib. Himmət Kara iki ay yarım sonra dünyasını dəyişib. O, ölümündən əvvəl vəsiyyət edib ki, oğlu xəstəliyi zamanı ona kömək edən qızla evlənsin. Murat Kara mərhum atasının sözündən çıxmayaraq 2019-cu ildə Zeynəblə evlənib və onu Türkiyəyə gətirib.

İki ildən sonra Zeynəbin 34 yaşlı böyük bacısı Mari Jan Dənizlidə yaşayan 36 yaşlı İlhan Bat ilə tanış olub. Bir müddət internetdə danışdıqdan sonra ikinci afrikalı gəlin də Dənizliyə gəlib. Cütlyün toyu 2021-ci ildə baş tutub. Təzə gəlinə Məryəm adı verilib.

Bu il isə atasının vəsiyyətini yerinə yetirən Muradın qardaşı Əli iş üçün getdiyi Fil Dişi Sahilində baldızı Zeynəbin dostu Ninna İnes Gbe ilə tanış olub. Bir müddət sonra evlənmək qərarına gələn cütlük Türkiyəyə qayıdıb. Burada Ninnaya Leyla adı verilib. Cütlüyün nikah mərasimi bu günlərdə baş tutub.

Mənbə: “Haber Global”

Share: