Atalıq məzuniyyətinə xanımların REAKSİYASI: “Uşağın bezini kişilər dəyişsin…”

Azərbaycanda ödənişli atalıq məzuniyyətinin verilməsi qanunvericiliyə daxil edilir. Yeni hazırlanan qanun layihəsinə əsasən, övladı dünyaya gələcək kişilərə 14 gün müddətinə atalıq məzuniyyəti veriləcək. Məzuniyyət hüququndan istifadə edən şəxslər işləmədikləri günlərin də ödənişini ala biləcəklər.

 

Atalıq məzuniyyəti barədə fikirlər müxtəlifdir. Bəziləri bunun qadınlara kömək olacağını, bəziləri isə bəylərin evdə qalıb xanımlara yük olacağını düşünürlər.

 

Bəs qadınların atalıq məzuniyyətinə münasibəti necədir? Onlar bu haqda nə düşünürlər?

 

 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova mövzu ilə bağlı Modern.az-a bildirib ki, vicdanlı atalar məzuniyyət dönəmində həyat yoldaşlarına yardım edəcəklər.

 

“Bu məsələ atalığın məsuliyyətini artırmağa gətirib çıxarır. Maraqlıdır, bunun monitorinqini kim aparacaq? Ata həmin dövrdə ana ilə bərabər uşağa baxmalıdır. Atalıq məzuniyyəti atanın gedib dincəlməsi demək deyil. Uşaq yeni doğulanda qayğıları çox olur, ana əziyyət çəkir. Atanın da işi anaya mənəvi dəstək olmaqdır. Düşünürəm ki, vicdanlı atalar bu məzuniyyət dönəmində həyat yoladaşlarına yardım edəcəklər. Hər kəs vicdanlı olmadığı üçün bu məsələdə monitorinq aparmaq vacibdir”.

 

 

Tanınmış yazar Aysel Əlizadə isə hesab edir ki, hazırda anadan da qayğıkeş atalar var:

 

“Birtərəfli valideynlik olmur. Təkcə mən pul qazanıram, sən qayğını çək, demək olmaz. Uşağın qayğısını çəkəndə onu daha çox sevirsən. Bir ata uşağının bezini dəyişmək istəməyəndə, ona necə ata demək olar? Ana ilə yanaşı ata da bunu bacarmalıdır. “Mən kişiyəm, mən uşağın altını dəyişəcəm” kimi cümlələri doğru kimi qəbullanmışıq. Atalıq məzuniyyəti ona görə verilir ki, bəylər uşağın çətin dönəmində anaya yardım etsin. Həqiqətən də yeni övlad dünyaya gətirmiş anaya dəstək lazımdır. Qadın o dönəmdə özünü itirir, həyəcanlanır, çünki onun qarşısında balaca bir canlı var və onu yaşatmalıdır. Qorxur ki, nəfəsi kəsilər, süd içəndə boğular. Atanın anaya mənəvi dəstək olmağı, yanında durmağı çox vacibdir. İki insan ailə qurur, bir ev olurlar. Bir kişinin evdə mənəvi, psixoloji olaraq qalması lazımdır. Bu dövlətin mesajıdır ki, ay ata, sən ata olmusan, get evə dünyaya gəlmiş uşağının yanında ol. Düzdür, anadan belə qayğıkeş atalar var. Bu ənənədirmi? Xeyr”.

 

Qeyd edək ki, həyat yoldaşı doğuşa və hamiləliyə görə məzuniyyətdə olan şəxslər doğum ərəfəsində ananın doğuş üçün müraciət etdiyi xəstəxanadan arayış alacaq. Həmin tibbi arayışı iş yerinə təqdim edəcək. Sözügedən arayış əsasında iş yeri ata namizədlərinə 14 gün ödənişli məzuniyyət verəcək

Share: