Aşkar edilən məzarlıqlar erməni cinayətlərinə sübutdur”

 

“Bu gün Xocavəndin Edilli kəndində aşkarlanmış məzarlıqdakı dəhşətli mənzərə mənim üçün təəccüblü deyil. Bu məzarlıqlar erməni cinayətlərinin növbəti sübutudur”.
Bu fikirləri açıqlamasında “Həsrət Yolu” Əsir və Girovlarla Kömək İctimai Birliyinin sədri Esmira Orucova deyib.
Ermənilərin bizim əsir-girovlara qarşı tətbiq etdikləri işgəncələrin tədqiqinə dair 30 elmi məqalənin müəllifi olan QHT sədri ehtimal edir ki, Edillidə aşkarlanmış məzarlıq sonuncu olmayacaq:
“44 günlük Vətən müharibəsindən sonra ərazilərimiz işğaldan azad edildi. Bundan sonra bir çox bölgələrdə kütləvi məzarlıqlar aşkar edildi ki, həmin məzarlıqlardan biri də Xocavəndin Edilli kəndində aşkarlanmış məzarlıqdır. Bundan əvvəl 2021-ci ilin fevral ayının 17-dən bu ilin aprel ayının 3-dək işğaldan azad edilmiş Şuşa rayonu, Daşaltı kəndi, Xocavənd rayonu, Edilli kəndi, Xocalı rayonunun Fərrux və Daşbaşı kəndləri ərazisində müəyyən edilmiş kütləvi məzarlıqlarda aparılmış ekshumasiya zamanı, həmçinin işğaldan azad edilmiş Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli və Zəngilan rayonları ərazilərdə tikinti-quruculuq işləri aparılarkən əsir-girovlara aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən edilərək götürülüb. Mənim fikrimcə, bu, sonuncu məzarlıq deyil”.
E.Orucova bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən müharibə dövründə işğal olunmuş ərazilərimizdə azərbaycanlı əsir və girovların məqsədli şəkildə öldürülərək kütləvi şəkildə dəfn edilməsi faktları mövcuddur. Halbuki III Cenevrə Konvensiyasının 120-ci, IV Cenevrə Konvensiyasının 130-cu maddələri əsirlikdə vəfat etmiş şəxslərin şərəflə, mümkün olduğu halda öz dini adətlərinə uyğun və qarşısıalınmaz hallar olmadığı təqdirdə fərdi məzarlarda dəfn edilməsini tələb edir:
“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Müharibə qaydalarına zidd olaraq, mülki əhali qorunmamış, əksinə onlar girov götürülmüş və bir çox hallarda öldürülüb. Bir çox hallarda əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra onlar öldürülüb və işgəncələrin izlərinin itirilməsi məqsədilə onların meyitləri belə Azərbaycan tərəfinə təqdim edilməyib. Bu məzarlıqlar da həmin cinayətlərə sübutdur.
Əsirlikdən azad edilmiş ictimai birliyimizin üzvlərinin dediklərinə görə ermənilər onları soyuq qış aylarında suyun içində, ac-susuz saxlayıblar. Onları hər gün kənardan gələn mülki ermənilərə armatur parçaları, bel sapı, rezin dəyənək, uzunboğaz çəkmə ilə huşlarını itirənə qədər döyüblər. Ac saxladıqları itləri əsirlərin üzərinə atıb, onları parçalamaqlarını xüsusi amansızlıqla seyr ediblər. Xof yaratmaq məqsədi ilə döyüş yoldaşlarının gözləri qarşısında ermənilərə müqavimət göstərən əsirlərin başlarını kötüyün üstünə qoyub, baltalayıblar. Belə hallarda boyunları vurulan yoldaşlarının qanı ətrafa fısqıraraq, əsirlərin üz-gözünə bulaşırmış. Ermənilər kəsilən başları torbalara doldurub, İrəvana aparıblar”.
E.Orucova söyləyib ki, Birinci Qarabağ müharibəsi zamanı erməni əsir və girovluğunda “müharibə hüququ” adlanan beynəlxalq humanitar hüquq normalarına zidd olaraq işgəncə və qeyri-insani rəftara məruz qaldıqdan sonra azad edilmiş Azərbaycan Respublikası vətəndaşlarının əsarətdə üzləşdikləri işgəncə və qeyri-insani rəftar nəticəsində böyük bir qismi əlil olub, işləmək qabiliyyətini belə itirib. Müəyyən hissəsi ruhi xəstə vəziyyətində yaşamağa məhkum olunublar:
“Hələ 1863-cü ildə ABŞ prezidenti Avraam Linkolnun göstərişi ilə tərtib olunan məşhur Liber məcəlləsinin 56-cı maddəsi hərbi əsirlərlə hörmətlə rəftar edilməsini tələb edir: “Heç bir hərbi əsir düşmən dövlətə mənsub olduğuna görə hər hansı cəzaya məruz qala bilməz, ona qarşı heç bir qisasçılıq hərəkəti, o cümlədən iztirabların və ya şərəfsizliyin qəsdən törədilməsi, amansız dustaqetmə, qidadan məhrumetmə, xəsarətlərin yetirilməsi, öldürmə və ya digər qeyri-insani hərəkətlər yönəldilə bilməz. “Müharibə hüququ” adlanan beynəlxalq humanitar hüquq 12 avqust 1949-cu il tarixli “Hərbi Əsirlər ilə Rəftar Haqqında” Cenevrə Konvensiyasının II bölməsinin 13-cü maddəsi də hərbi əsirlərlə hər zaman humanistcəsinə rəftar edilməsini tələb edir, 130-cu maddəsinə görə isə işgəncə və digər amansız rəftarı hərbi cinayət hesab edilir.
Ermənistan silahlı qüvvələri, muzdlu və terrorçu qruplarının köməyi ilə işğal olunmuş ərazilərimizdə irəlilədikcə nəinki Cenevrə Konvensiyalarının tələblərinə, qəbul olunmuş digər müvafiq beynəlxalq sənədlərə məhəl qoymadan, soyqırım, terror, etnik təmizləmə, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması siyasətini genişləndirib.
“Hərbi Əsirlər ilə Rəftar Haqqında” III Cenevrə Konvensiyasının müddəalarından irəli gələn normalara riayət etməyən erməni tərəfi əsirlərə qarşı orta əsrlərə məxsus ən qəddar və ağlasığmaz işgəncələr verib, onlara qarşı təhqiredici və alçaldıcı hərəkətlər tətbiq ediblər”.

Share: