“ARZULAYIRAM Kİ, ŞEİRLƏRİN DƏ HATUNUN KİMİ GÖZƏL OLSUN!”

Tamilla SƏFƏROVA vəfat etdi.

Sevimli şair, əziz dostum Ramiz Heydərin uşaqlıq, gənclik, əbədi sevgisi – Tamilla Safarova, məkanınız cənnət, qəbriniz nurlu olsun!

Darıxanda, maraqlı və dərin söhbət etmək istəyəndə yanına qaçardım. Aramızdakı yaş fərqinin çoxluğu dostluğumuza əngəl deyildi. Mən onun mərd, sərt xarakterinə, geniş dünya görüşünə heyranlıqla baxanda eyni baxışları onun da gözlərində görürdüm. Çox gözəl qadın idi. Yaşı belə bu gözəlliyin üzərinə kölgə çəkə bilməmişdi.

İki gün öncə yuxuda görmüşdüm. Həmin gün soruşmağa qorxdum. Bütün gün dözdüm, dözdüm. Bütün gün fikrimdə, beynimdə gəzdirdim, səhəri gün dözə bilməyib votsappla əlaqə saxladım. “Tamilla xanım heç yaxşı deyil, yataqdan qalxmır, yemək də yemir artıq”, cavabını aldım. Səhəri gün isə – 18 martda votsappıma gələn – “Tamilla xanım az əvvəl vəfat etd”, yazısını oxuyanda növbəti dəfə tənhalaşdım…
Yaxşı ki Azərbaycanda olanda yanına getmiş, qarşında oturub əllərini tutmuş, qara, dərin, mənalı gözlərinə baxaraq uzun-uzadı söhbət etmişdik.

“Məni qoyub getdin, Təranə” – deyə sitəm etmişdi.

Mən sizi qoyub ölkə dəyişdim, əziz Tamilla xanım, məni duymaq, görmək istədiyiniz vaxt votsappla əlaqə saxlaya bilirdiniz!

Siz məni qoyub dünya dəyişdiniz, nə əlim çatacaq, nə ünüm yetəcək!

Bağlşla ki son günlərində yanında ola bilmədim. Dəfnində ola bilmədim.
Amma qəbrinizin ziyarətgahım olacağndan əmin olun…
Tamilla Səfərova ilə bağlı yazıb “Əfsun” dərgisində yayımladığım yazımı təqdim edirəm:

Bir qadından, bir anadan söhbət açmaq istəyirəm…
Bakıda ziyalı ailəsində dünyaya gəlib. Atası tanınmış göz həkimi Xuduş Səfərov o hələ beş yaşında ikən vəfat edib. Anası Leyla xanım Tibb İnstitutunda təhsil alıb, ali təhsilli hakim kimi uzun illər müxtəlif xəstəxanalarda çalışıb.
Məktəb illərində dəqiq elmlərə həvəs göstərib. Məktəbi bitirəndə sənədlərini Sənaye İnstitutuna verir. İnstitutu bitirdikdən onu Layihə institutuna göndərilir. Burda qrup rəhbəri təyin olunur, Energetika elminin nəzəri problemləri ilə məşğul olur. Bir müddət sonra Elmi-Tədqiqat Energetika İnstitutunda lobarant kimi işə başlasa da elmə marağını görüb onu İnstitutun elmi katibi təyin edirlər.
Rusiyanın Novosibirsk şəhərində müdafiə etdiyi namizədlik dissertasiyası da “Enerji avadanlıqlarının etibarlığı və diaqnostikası” mövzusunda idi. 1995-ci ildən T. Səfərova “Enerji sistemin avadanlıqlarının etibarlığı və diaqnostikası” laboratoriyasının rəhbəri vəzifəsində çalışır.
60-yaxın elmi məqalənin müəllifidir. Ölkə daxilində və sərhədlərdən kənarda bir çox elmi konfranslarda iştirak edib.
1994-cü ildə “Azərenerjinin Baş Sahə İnformasiya Mərkəzi” yaradılanda Mərkəzə rəhbər təyin edilir. 1995-ci ildə həmin mərkəzin bazasında Qara dəniz regional Energetika Mərkəzi ilə respublikanın energetika sahələri arasında “Əlaqələndirici məntəqə” yaradıldı. Bu məntəqənin də rəhbəri Tamilla Səfərova təyin edilir.
Bunlar yazımın qəhrəmanı barədə rəsmi məlumatlardı. Mən onu necə tanıdım? Onun barəsində bu məlumatları aldığım ilk dəqiqədən gözlərim qarşısında polad kimi bir qadın canlanmışdı.
Həyatımın bir dönəmi sevilən mahnıların yazarı, şair Ramiz Heydərlə bağlı oldu. Vücudu əzəmətli dağa bənzəyən bu insanın gur saçları dağ başındakı qarı xatırladırdı. Birgə çalışdığımız (şeirlərini yazar, toplar, redaktə edər, kitablarını hazırlardım) müddətdə Ramiz müəllimin sevimli qadını – həyat yoldaşı Tamilla xanımla bağlı söhbətlərini çox dinləmişdim. Ramiz müəllim bu söhbətləri edəndə üzünə xoşbəxt bir təbəssüm yayılardı. Şəhərin mərkəzi məkanlarından birində yaşadığı evləri yaxın olduğundan eyni bağçaya getmiş, beləcə ilk tanışlıqları burdan başlamışdı. Daha sonralar ayrı-ayrı məktəblərdə oxusalar da arada-sırada qarşılaşmış və bağçadan başlamış tanışlıq sonda evliliklə nəticələnmişdir. Əslində bir-birinin ziddi olan bu insanların aralarındakı qırılmaz bağı hiss etmək çətin deyildi.
Ramiz Heydər 50 ilə yaxın evli olduğu xanımına hələ də aşıq idi…
70 yaşlı Ramiz Heydər iki oğlunun anası olan qadından danışanda 17 yaşlı oğlanlar kimi həyəcanlanardı…
Həyatının son günlərini yataqda keçirərkən yanından bir an belə ayrılmayan ilk sevgisi olan qadınından həya edər, utanar, ona bu yaşlarında əziyyət verməyinin əzabını səsini eşidəndə quş kimi çırpınan ürəyində daşıyardı. Moskvada “Qorki adına Ədəbiyyat İnstitutu”nu bitirən, AMEA-nın işçisi, onlarla şeir kitablarının müəllifi, şeirlərinə onlarla mahnı bəstələnmiş Azərbaycanın adlı-sanlı şairi olan Ramiz Heydər həyatının bütün dönəmlərində sevimli qadınından öyrənərdi. Bilmədiyi ən böyük və ən xırda məsələləri ¬– “Tamilla bilər”, – deyib onunla qürrələnərdi. Və Tamila xanım gerçəkdən bilirdi! Həyatı, insanları, çox sevdiyi dəqiq fənləri və ədəbiyyatı! Və hətta ədəbiyyatı Ramiz Heydərdən daha yaxşı bilirdi. Dünya ədəbiyyatının şah əsərlərini ana dili qədər bildiyi rus dilindən oxumuş, əxz eləmişdi. Məhz buna görə Ramiz Heydər qələmə aldığı şeirləri ona oxumağa tərəddüd edərdi.
Dünya poeziyasında önəmli yerlərdən birini tutmuş, yaradıcılığı, keşməkeşli həyatı ilə diqqət mərkəzində olan, Moskvada dəfələrlə görüşdükləri Nazim Hikmət Azərbaycana gəlişi zamanı Ramiz Heydər və Tamilla xanımın evində qonaq olmuşdu. Hündür boylu, mədəniyyətli, nurlu simalı, ala gözlü Nazim Hikmət Ramiz Heydərin xanım-xatun anası Rübabə xanımın, mehriban bacılarının və şair dostlarının olduğu süfrədə şeir oxumuş və Ramiz Heydərin şeirlərini dinləmişdir. Rübabə xanım bu böyük insan üçün xüsusi olaraq türk yeməkləri hazırlayıb, əlindən gəldiyi qədər qulluğunda durmağa çalışıb. Böyük Nazım Hikmət dəyər verib evinə gəldiyi Ramiz müəllimə isə duası belə olmuşdur: ¬– “Arzulayıram ki, şeirlərin xatunun kimi gözəl olsun!”
Tamilla xanımla tanışlığım Ramiz müəllimin xəstəlik dönəminə tuş gəldi. İlk dəqiqədən qarşımda mədəni olduğu qədər sərt görünüşlü bir qadın vardı. Həmişə gülərüz Ramiz müəllimdən fərqli olaraq onun üzündə ciddilik daha çox hakim idi. Əslində elə birinci gün “kaş bu qadınla çoxdan qarşılaşardım” – düşüncəsi mənə hakim kəsilmişdi. Günlər keçdikcə bu ciddi görüntünün altındakı incə, saf və təmiz qəlbi kəşf etdim. Orasını da deyim ki, bu xüsusiyyətini görmək üçün ən az onun özü qədər düzgün, doğru, həqiqətsevər biri olmalısan. Tamilla xanımın bu cəmiyyətdən, bu həyatdan deyildi sanki. Öncələri mən bunu onun çalışdığı sahə ilə dəyərləndirsəm də, sonralar bu xüsusiyyətin ailədən, bir az da mütaliədən gəldiyini bildim. Hələ 14 yaşındaykən evlərinin yaxınlığındakı kitabxanadakı bütün maraqlı kitabları rus dilində oxuyan Tamilla xanım həyatı onlarla öyrənmişdi ki, bu da onun böyük mədəniyyətə sahiblənməsinə gətirib çıxarmışdı. Cek London, Mopassan, Markes, Tolstoy, Dostoyevski kimi dühaları 14 yaşında oxuması şübhəsiz ki Tamilla xanımın şəxsiyyət kimi yetişməsində böyük rol oynamışdır. Təbii ki gen məsələsi də önəmli faktordur ki, Nalçıkdən gəlib Bakıda ali təhsil alarkən tanış olduğu, Qarabağın Şuşa bölgəsinin qoxusunu, mədəniyyətini canında, qanında daşıyan, müəllimi Xuduş müəllimlə ailə həyatı quran Leyla xanım xanımlığını, qadın əzəmətini Tamilla xanıma da ötürə bilmişdi.
Tanıdığı ilk gündən ən gözəl sevgi şeirlərini Tamilla xanıma yazan Ramiz Heydər bütünlüklə ona həsr etdiyi – “Bir sevgi dünyamız var” adlı kitabı ilə onu daha gözəl tərənnüm etmiş, arzu, istək, məhəbbətini şeir dili ilə izhar etmişdir.

Biz bir ömür yaşayırıq–
Ömür uzun, ömür qısa.
Bircə ömür bəxş olubdur
bəxtimizə.
Yaşamayaq duyğuları,
Biz hissləri qısa-qısa.
Alnı açıq, üzü də ağ
Çıxaq ömür yolumuza.

Ömür nədir məhəbbətsiz,
Ömür nədir sədaqətsiz?
Duyğularla daşa-daşa,
Məhəbbətdən şeir-nəğmə
Qoşa-qoşa
Ömrümüzü-günümüzü
vuraq başa…

Gözəl qadın, mehriban ana, qayğıkeş həyat yoldaşı, Vətəninə xeyirli övlad kimi həyat sürmüş Tamilla xanım Səfərovanı yad etdik, ömür yoluna qısaca nəzər saldıq.
Nə yaxşı ki, Azərbaycanın sizin kimi işıqlı, ziyalı qadınları var, Tamilla Səfərova! Məkanı cənnət olsun!

Təranə Musayeva

Share: