ARVAD MOLLASI (hekayə) – Eltun Türkel

ARVAD MOLLASI
(Hekayə)

Sabah mərhumun üç mərasimiydi. Gecəyarısı olmasına baxmayaraq hələ də axşamdan başlayan ailədaxili məsləhət-məşvərət öz axarında davam edirdi. Ehsan üçün alınacaq ərzaqlar hesablanmış, yas mərasimində iştirak etmək üçün gələnlərin necə qarşılanması və yola salınması planlaşdırılmışdı. Aşpazından tutmuş qulluqçusuna, qabyuyanına, çayçısına qədər hər kəs siyahıda öz yerini tutmuşdu. Təkcə siyahının “arvad mollası” bölməsinə boşluq hökm edirdi. Çox keçmədi ki, mərhumun həyat yoldaşı boşluğun sultanlığını hiss edib onu taxtdan endirməyi qərara aldı. Güya bu itkidən təsirlənibmiş kimi xırıltılı səslə dilləndi:
-Bala, əsas məsələ “arvad mollasıdı”, onu da yaddan çıxarmışıq. Sabah Quranı kim oxuyacaq, mərsiyə deyib arvadları kim ağladacaq?
Ailə üzvləri tanıdıqları, yaxınlıqda olan bütün “arvad mollalarının” bir-bir adlarını sadalamağa başladılar. Ancaq hər ad çəkiləndə mərhumun həyat yoldaşı “Onun yaxşı səsi yoxdur, o, yaxşı mərsiyə deyə bilmir, o, məclisi ələ ala bilmir” deyib etirazını bildirdi. Bayaqdan kənarda özünü qəmgin göstərməyə çalışıb, ancaq buna müvəffəq ola bilməyən mərhumun kiçik qızı vəziyyətdən çıxmaq üçün dilləndi:
-Ana, niyə dağa-daşa düşürsünüz ki? Mənim ibtidai sinif rəhbərim Xavər müəllim kimi molla var? İlin mollası seçildi rayonumuzda. Xavər müəllimə niyə demirik ki?
Mərhumun həyat yoldaşı sanki yuxudan diksinib oyandı.
-Ay qızım, bayaqdan deyirəm axı mən tanıdığım yaxşı molla olmalıydı. Amma, adını yadıma sala bilmirdim. Bax, o, əsl məclis adamıdır. Həm illərin müəllim təcrübəsi, həm əla səsi var, həm də məclisi o dəqiqə ələ almağı bacarır. Bilirəm də, camaatın əməlindən baş, bizimkilərin də gözündən yaş çıxarmaq çətin məsələdir. Dur tez zəng elə yatmamış.
Ədalət müəllim hələ uşaqlıqdan adının mənasını doğrulda bilməmişdi. Ömrü boyu da adı ilə xasiyyətinin təzadı arasında qərar tutmağa çalışdı, ancaq bacarmadı. Hələ sovet dönəmindən “özünə xidmət” vəzifəsinin əla icraçısı olduğu üçün müxtəlif sahələrdə çalışdı. Dörd övladdan təkcə biri, böyük qızı ali məktəbdən diplomunu, atasından isə dərsini aldı. Diplomunu alan kimi də paytaxtda vəzifə başına keçib kəndlə, ailəsi ilə əlaqələri zəiflətdi. Yaşı 35-i haqlasa da “özünə xidmət” vəzifəsindən vaxt ayırıb ailə qurmaq barəsində heç düşünmədi. Hər il də vəzifəsi böyüdü, böyüdükcə də atası kimi daha da öz vəzifəsinə doğmalaşıb, doğmalara yadlaşdı. O vaxt Ədalət müəllimin atası dünyasını dəyişəndə dəfn mərasimində iştirak etmədi ki, – Mən vəzifə adamıyam, kolxozda yoxlanış var. Onu yoluna qoymasam vəzifədən uzaqlaşdırarlar. İndi də qızı bu ənənəyə sadiq qalaraq işinlə bağlı atasının dəfninə gəlməməklə bir daha sübut etdi ki, aldığı dərsi bir vergül belə unutmayıb. Bir vaxt Ədalət müəllimə kənddə hamı ehtiyatlı yanaşırdısa, indi də qızına ehtiyatlı yanaşırdılar. Bəlkə də, ondan irəli gəlirdi ki, həyat yoldaşı xüsusi “arvad mollası” axtarırdı ki, nə yolla olursa-olsun camaatı ağlada bilsin.
Uşaqlar otaqdan çıxdıqdan sonra, mərhumun həyat yoldaşı çarpayısına uzandı. Çarpayının bir hissəsinin boş olduğunu indi hiss elədi. Ancaq nədənsə bu boşluq onu kövrəltmədi. Sanki həyat yoldaşı illərdi bu yatağı boş qoymuşdu. Öz-özünə gileylənməyə başladı:
– Bax, a Rəhmətliyin nəvəsi, sağlığında pul qazanmağı bacardın, hörmət qazanmağı bacarmadın. Sabah 3-dü, qohum-qonşunu ağlatmaq mollanın məharətinə qalıb. Bircə sabahı yola verə bilsəydik, qızın gəlib çıxsaydı camaatın içində xar olmazdıq.
Bu düşüncələrlə də nə vaxt yuxuya getdiyinin fərqinə varmadı.
Bu sabah mərhumun həyəti işsizlər parkını xatırladırdı. Hər kəs öz həmsöhbətini tapıb müxtəlif sahələrə söz oxu atırdı. Demək olar ki, ox atanların əksəriyyəti mərhumun vəzifəli qızını hədəf seçirdi. Bir sözlə, gələnlərin çoxu bəzən nə üçün gəldiklərini belə unudurdular. Bəlkə də, bu an gələnlərin böyük əksəriyyəti mərhumun adını yox, qazanda bişirilən ehsan yeməklərinin dadını, bir də atasının yasına gəlib çatmayan vəzifəli xanımı müzakirə edirdilər. Az keçməmiş mərsiyələri, ağıları ilə ağlatmaq üzrə “ilin mollası” adını almış” Xavər müəllim göründü. İçəri keçib “Başsağlığı” verdikdən sonra şüşəbəndə yönəldi. Hər kəs öz yerini aldıqdan sonra “arvad mollası” “Əl Fatihə” surəsi oxuyub, mərsiyələr deməyə başladı. Ancaq camaatın nəinki gözündən yaş çıxdı, hətta mərsiyə deyildiyi vaxt pıçıltı səsləri belə eşidilirdi bəzən. Xavər müəllim mərhumu yaxşı tanıdığı üçün bu halla qarşılaşacağını təxmin etmişdi. Ancaq bu qədərini düşünməmişdi. Demək olar ki, bildiyi ən ağrılı mərsiyələri deməsinə rəğmən hələ də məclisdəkilərin gözünə yaş gəlməmişdi. Bu isə Xavər müəllimin məğlubiyyəti sayılırdı. Mərsiyələrə ara verib əlini çay stəkanına uzatdı ki, boğazını yaşlasın. Əslində məqsədi çay içmək deyildi, nəsə düşünüb bu vəziyyətdən çıxmaq lazım idi. Elə bu məqamda çöldə səs-küy düşdü. Mərhumun vəzifəli qızı təşrif buyurmuşdu. Soyuqqanlı şəkildə şüşəbəndə daxil olanda məclisdəkilər sanki qəflət yuxusundan ayıldı. Əslində camaat oyanmazdı, əgər daxillərində yatmış kimi görünən nəfsləri oyanıb, baş qaldırmasaydı. Axı bu gələnlərin nə vaxtsa yolları mərhumun qızının qapısından keçəcək. Bəs o zaman xanım vəzifə sahibi deməyəcəkmi atamın yasında yığıb saxladığınız göz yaşını bu gün beş qatıyla geri qaytarmasanız bu qapı üzünüzə açılan deyil. Bu düşüncələrdən gələnləri öncə mərhumun həyat yoldaşının səsi ayırdı:
– Gəl ay, Ədalət, gəl, dağ boyda vəzifəli qızın gəlib, hardasan? Əlin balandan uzanıqlı getdi, gəl.
Bacısının sözünü ağzında qoyan mərhumun baldızı vay-şivən qopardı:
-Gəl ay Ədalət, gəl, bax gör kim gəldi. Son nəfəsinin istisinə isinməyən qızın gəlib, gəl vidalaş, gəl.
Bayaqdan göz yaşlarının qarşısını kəsib saxlayan məclisdəkilərin hönkürtüsü indi solisti müşayiət edən xor dərnəyini xatırladırdı. Mərhumun bacısının ağısı göz yaşlarını leysana çevirdi:
-Qızını görmədən dünyadan köçən qardaşım lay-lay. Kaş sənin yerinə mən öləydim, a qardaş, a qardaş.
Ağlaşma səsləri get-gedə daha da güclənir, sanki küçəni başdan-başa işğal etməyi qarşısına məqsəd qoymuş qoşun kimi hava boşluğunu yarıb sürətlə irəliləyirdi. Gələnlərin hərəsi bir ağı deyib dizinə vurur, hətta üzünü cırnları da görmək olardı. Bütün axıdılan göz yaşları selə dönüb, bir çayda birləşib, üzü Xəzərə doğru sürətlə irəliləyirdi. O çayda kiminin vəzifə arzusu, kiminin iş arzusu, kiminin maşın arzusu, kiminin qızına verəcəyi cehiz arzusu axıb ünvanına doğru gedirdi. O çayda axan arzuların ən böyüyü isə Xavər müəllimin “xalq mollası” arzusuydu. Çaya öz töhfəsini verməyən yeganə şəxs isə mərhumun qızıydı. Babasının yasında atasının göz yaşını görməyən xanım vəzifəli atasının ənənəsini yaşadacağına and içmişdi sanki. Əvəzində vəzifəsinə sadiqlik nümayiş etdirib kimin necə ağladığına nəzarət edir və heyrətlə ağlayanların üzünə baxıb düşünürdü. Görəsən dünyasını dəyişən mənimmi atamdır, ağlayanlarınmı atasıdır, yoxsa vəzifənin atasıdır? Əşşi, nə fərqi var? Əsas odur ki, insanlar mərhum Ədalət üçün göz yaşı tökürdü…

Eltun Türkel

Share: