“Artan enerji ödənişləri çətin dövrlər deməkdir”

NATO-nun baş katibi Yens Stoltenberq və Almaniya kansleri Olaf Şolz Almaniyanın paytaxtı Berlində görüşüb.

Müstəqil.Az  xarici mediaya istinadən xəbər verir ki, Yens Stoltenberq, “Rusiyanın Ukraynada qeyri-qanuni müharibəsi hər gün ölüm və səfalətlə nəticələnməkdə davam edir. Qış yaxınlaşdıqca Rusiya Ukraynanın enerji infrastrukturunu bombalayır və ukraynalıları soyuq və aclıq içində saxlamağa çalışır.” deyib.

NATO müttəfiqlərinin Ukraynanın suveren və müstəqil dövlət kimi qalib gəlməsi üçün dəstəyini davam etdirməkdə qərarlı olduqlarını ifadə edən Stoltenberq, “Ukraynaya verdiyimiz dəstəyin baha başa gəldiyini bilirik. Ərzaq və enerji xərclərinin artması bizim bir çoxumuz üçün çətin günlər deməkdir, lakin ukraynalılar öz həyatları ilə ödəyərkən, biz pulla ödəyirik” deyə bildirib.

Rusiya prezidenti Vladimir Putinin qışı silah kimi istifadə etdiyini vurğulayan Stoltenberq, Putinin qalib gəlməsinə imkan verilməməsi lazım olduğuna diqqət çəkib.

Stoltenberq “Bu kritik anda Ukraynaya davamlı dəstəyimiz hər zamankindən daha vacibdir. NATO münaqişə tərəfi deyil. Biz Putinin müharibəsinə sürüklənməyəcəyik. Biz BMT nizamnaməsində təsbit olunmuş bir hüquq olan özünümüdafiədə Ukraynanın yanındayıq” deyib.

Almaniyanın Ukraynaya ən çox hərbi, maliyyə və humanitar yardım edən müttəfiqlər arasında olduğunu bildirən Stotlenberq, “Almaniyanın verdiyi hərbi texnika Ukraynadakı evləri, məktəbləri və xəstəxanaları Rusiyanın raket hücumlarına qarşı qoruyur. Almaniyanın silah tədarükü həyatları xilas edir”. dedi.

Putinin müharibədə qalib gəldiyi təqdirdə bunun avtoritar liderləri öz məqsədlərinə çatmaq üçün güc tətbiq etməyə təşviq edəcəyini ifadə edən Stoltenberq, “Bu, dünyanı daha təhlükəli edəcək. Müharibənin Ukraynadan kənara çıxmasının qarşısını almaq üçün NATO-nun vəzifəsi Ukraynaya dəstək verməkdir” deyə bildirib.

“Şimal axını” boru kəmərlərinin təxribatına toxunan Stoltenberq bildirib ki, təxribat boru kəmərlərinin zəifliyini hamıya xatırladır: “Bunun cavabında NATO Şimal və Baltik dənizlərində patrulluq edən gəmilərin sayını iki dəfə artırıb. Bu, kəşfiyyat məlumatlarının mübadiləsini sürətləndirdi”.

İHA-nın xəbərinə görə; Alman-Norveç təşəbbüsü olan NATO Sualtı İnfrastruktur Mərkəzinin yaradılması səylərini alqışladığını ifadə edən Stoltenberq, “Belə bir Mərkəz Müttəfiqlərə daha yaxşı vəziyyət xəbərdarlığı təmin edəcək” bildirib.

Müstəqil.Az

Share: