Almaniyalı alim Makrona açıq məktub yazdı

Almaniyalı alim, doktor Mixael Reynhard Hess Fransanın dövlət başçısı Emmanuel Makrona açıq məktub yazaraq, onun “France 2” telekanalına verdiyi 14 oktyabr 2022-ci il tarixli müsahibəsində Azərbaycanla bağlı fikirlərini kəskin tənqid edib.

“Qafqazinfo”nun məlumatına görə, alim qeyd edib ki, nə Fransa, nə Ermənistan, nə də Azərbaycan vətəndaşıdır:

“Bu ölkələrdə yaşayan xalqlardan heç biri ilə də etnik bağlılığım yoxdur. Bununla belə, Ermənistan və Azərbaycan arasında münaqişə barədə bir neçə kitabın və məqalələrin müəllifi olan tədqiqatçı kimi Sizə kiçik açıq məktub yazmağı vacib saydım”.

M.R.Hess ilk növbədə E.Makronun münaqişə barədə söylədiklərini özünün şəxsi fikri kimi qələmə verməsi ilə razılaşmayıb. Dövlət başçısının mövqeyini həm də Fransanın rəsmi mövqeyi hesab etdiyini vurğulayaraq, bunu aşkar məntiqsizlik kimi səciyyələndirib: “Çünki bir tərəfdən siz Fransanı “vasitəçi qüvvələrin bir hissəsi” kimi təsvir edir, digər tərəfdənsə həvəslə, böyük emosionallıqla və təsirli şəkildə vurğulayırsınız ki, Fransa bu münaqişədə Ermənistanı dəstəkləyir və ondan “əlini çəkməyəcək”. Mən anlamıram, hər hansı dövlət və ya siyasətçi “vasitəçilik” səylərində iştirak etməklə neytral mövqedə olmalı ikən münaqişə tərəflərindən birinin tərəfini necə saxlaya bilər?”

M.Hess nəzərə çatdırıb ki, məhz Fransa kimi neytral qalmağı bacarmayan dövlətlərin vasitəçilik missiyası yerinə yetirən dövlətlərarası siyasi qurumların (Minsk qrupu kimi) tərkibində olması münaqişənin tənzimlənməsi üçün 1992-ci ildən başlayaraq həyata keçirilən diplomatik səylərin uğursuzluğunun səbəblərindən biridir.

Alman alimi bildirib ki, E.Makronun Qarabağla bağlı qaranlıq tarixi, siyasi və hüquqi istinadlarını da qəbul etmir. Fransa dövlət başçısının “Gördüyünüz kimi, Dağlıq Qarabağ beynəlxalq səviyyədə tanınmadı və buna görə də münaqişə yarandı” fikrinə cavab olaraq alim xatırladıb ki, keçmiş muxtar vilayət daim Azərbaycanın tərkibində olub. O, “Qarabağdan və Azərbaycanın digər rayonlarından bütün işğalçı qüvvələrin dərhal çıxarılması haqqında” 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Fransanın iştirakı ilə qəbul etdiyi qətnamələri də E.Makronun yadına salıb.

M.Hess E.Makronun diqqətini Normandiya əyalətindəki separatçıların adalarla yaxınlığına görə bu ərazinin Böyük Britaniyaya birləşdirilməsi barədə iddialara da yönəldib: “Siz çıxışınızda BMT-nin qəbul etdiyi beynəlxalq hüququn prinsiplərinə açıq və birmənalı şəkildə üstünlük vermir, sanki xalqlar və dövlətlər arasında münasibətlərdə, əksərən yersiz qeyri-rəsmi söhbətlərin istənilən vaxt “mübahisə” üçün dəlil kimi istifadə edildiyi, separatçıların işinə yarayan konsepsiyadan yapışırsınız”.

E.Makronun “müharibəni Azərbaycanın başlaması, əraziləri işğal etməsi” barədə əsassız iddialarına da tutarlı cavablar verən alman alim 1991-ci ildən başlanan erməni təcavüzü, erməni silahlı dəstələrinin törətdiyi kütləvi qətllər, o cümlədən Xocalı soyqırımı barədə həqiqətləri xatırladıb. Fransanın hazırda Ukraynanın ərazi bütövlüyünü müdafiə edən ölkələrə qoşulduğuna diqqəti cəlb edən məktub müəllifi E.Makronun təcavüzkar Ermənistanın 1991-ci ildən sonra Azərbaycan torpaqlarının 20 faizinin işğalına gətirib çıxarmış qəsbkar siyasəti ilə bağlı mövqeyini paradoks adlandırıb.

Almaniyalı alim ötən əsrin əvvəllərində baş verdiyi iddia edilən uydurma “erməni soyqırımı”nı Ermənistan-Azərbaycan münaqişəsi kontekstində xatırlatmasını isə E.Makronun çıxışının ən təhlükəli məqamı kimi səciyyələndirib. Söylədiklərinin onun bir siyasətçi kimi ölkəsindəki erməni dairələri ilə yaxşı münasibət qurmaq istəyi ilə bağlı olduğunu ehtimal edən M.Hess münaqişə tərəfləri arasında sülhə nail olmaq naminə Fransa dövlət başçısına vasitəçi və arbitr mövqelərini bir-birinə qarışdırmamağı tövsiyə edib, qarşı tərəfin də səsini eşitməyə, fransızdilli mühitdə azərbaycanlıların dəlillərini ortaya qoyacaq çox az sayda araşdırmaçıları və publisistləri də görməyə çağırıb.

Qeyd edək ki, hazırda Azad Berlin Universitetində və Giezen şəhər Universitetində çalışan 55 yaşlı alim Mixael Reynhard Hess 25 ildir Azərbaycanı tədqiq edir. O, Azərbaycanın ədalətli mövqeyini müdafiə edən və xalqımıza dost münasibəti bəsləyən əcnəbi mütəxəssislərdən biridir və mütəmadi olaraq Azərbaycan diasporunun Almaniyada təşkil etdiyi tədbirlərdə qonaq qismində iştirak edir.

Azərbaycan ədəbiyyatına, tarixinə və mədəni irsinə dair bir neçə kitabın müəllifi olan alimin bu il almanca “Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabı çap olunub. Bu kitabın təqdimatı ADA Universitetində və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində təşkil edilib.

Xatırladaq ki, Azərbaycana səfəri zamanı alimi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qəbul edib. Görüş zamanı “Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabı barədə Azərbaycan dilində fikir mübadiləsi aparılıb və kitabın başqa dillərdə də buraxılmasının önəmi qeyd edilib.

Açıq məktubun fransız dilində mətnini bu linkdən oxumaq mümkündür.


Share: