Alın yazısına şairlik, ömür yoluna sözə yolçuluq yazılanlardandır Qorxmaz Kadusi…- Leyla Məcidova yazır

Doğma Lənkəranımızın əsrarəngiz təbiəti var. Burda insanlar kimi təbiət elə gözəldir ki, hər addımda təbiətlə cəmiyyətin harmoniyasını hiss edir, ruhlanır, şövqə gəlirsən. Təmiz hava, diş göynədən bumbuz bulaqlar, şiş təpələr, sıldırım qayalar insan oğlunun xarakterinə də sirayət edib. İlahinin xəsislik etmədən yaradın insan oğluna əvəzsiz olaraq ərməğan etdiyi bu gözəllikləri gəzib gördükcə insan oğlu paklaşır, elə bir az da müqəddəsləşir desəm heç də yanılmaram məncə. Çünki düzənlikdən başlayaraq başı göylərdə olan dağların qoynunadək gəzə-gəzə insan oğlu Tanrıya bir boy da yaxınlaşır, təmiz hava udduqca təmizləşir, həzin şırıltıyla axan lilpar bulaqların bakir çeşməsindən içdikcə saflaşır, durulur.
Burada təbiət İlahinin sehrli qüvvəsilə ilmələnib. Hansı səmtdə, hansı yöndə olmağından asılı olmayaraq İlahinin minbir lütfü ilə palitralanan təbiət qarşısında sehrlənirsən. Elə bu gözəllikdən dolayı da burda söz qöşub, şeir yazmasan günah olar məncə. Burda qocalar da bir-biriylə şeir diliylə danışırlar. Burdakı şairlik şeir dünyasına ömürlük təhkim olunmuş yolçuluqdur. Bu yolçuluq isə qədər, alın yazısıdır. Bəlkə də bundan boyun qaçırmaq hər adamın işi deyil.
Alın yazısına şairlik, ömür yoluna sözə yolçuluq yazılanlardandır Qorxmaz Məmmədov (Kadusi). Məmmədov Qorxmaz Kamil oğlu 13 mart 1970-ci ildə Lənkəranın Separadi kəndində anadan olub.
Anadan olduğu kənd Lənkəranın qədim tarixə maliki, təbii gözəlliklərlə zəngin olan bir yaşayış məntəqəsidir. Qorxmaz da hələ kiçik yaşlarından bu gözəllikləri seyr etdikcə, qarış-qarış gəzib gördükcə onda söz demək, şeir qoşmaq kimi ülvi hisslər baş qaldırır. Beləcə doğma təbiətdən ilhamlanaraq ilk şeirlərini yazmağa başlayır. İlk qələm məhsulları olan şeirlərini orta məktəb illərindən yazmağa başlayır. Beləcə dövri mətbuata da yol tapır. Oxucuları tərəfindən oxunur, sevilir şair Qorxmaz.
Tanrı müqəddəsi olan, haqdan gələn Söz mülkünə qulluq edə-edə tanınır şair. Yaradıcılıq yoluna nəzər saldıqda rəngarəng, çoxşaxəli bir toplu ilə qarşılaşırsan. Bu lirikanı söz-söz oxuduqca Qorxmazın iç dünyasına bir daha bələd olur, bütün rakurslardan onu bir daha kəşf etmiş olursan. Təbiət təsvirləri, doğma yurdun gözəlliklərindən sevgi, məhəbbətədək rəngarəng bir poeziyası var Qorxmazın. İnsan xarakterinin açılımı onun poeziyasının ana xəttini təşkil edir. Zəkalı, sədaqətli, kamil, gözəl insan. Elə bir insan ki, öz amalından dönməyən, mübariz, haqq, həqiqət yolunda canından keçməyə hazır, mərd, doğru, sadiq, vəfalı insan! Həqiqi dostluğa, saf sevgiyə bütün yazılarında dəyər verir şair Qorxmaz. Elə bu mənada da bəzən şeirlərində fəlsəfi motivlərə də rast gəlinir. Oxuduqca safşaşdıran, düşündürən və bəzən də daşındıran ideyalar var Qorxmazın şeirlərində.
Qorxmaz Məmmədov yaradıcılığı əhatəli, çoxşaxəlidir. Müasir dövrün tələbkar oxucusunun axtardığı bütün mövzular peşəkar qələmiylə boy verir Qorxmazın yaradıcılığından. Təbiətin harmoniyası, cəmiyyətdaxili təzadlar, Vətən tamlığı, Cənub həsrəti, Azərbaycançılıq – bir sözlə çağdaş ədəbiyyatın bütün problemlərinin çözülüşü var Onun yaradıcılığında. Bu yaradıcılıq sadəcə sıradan bir təhkiyəyə, qafiyə xatirinə düzülüşə əsaslanmır, peşəkar təqdimatla özünü göstərir, elə bu peşəkarlığın sayəsində də oxunur, dəyərləndirilir və…təbii ki, sevilir.

Qüsürün kim sənə söyləsə danma,
Səni istəyindən deyir qınama.
Ondan saf dost olar,bircə şərt ilə,
Sirrini açmasa özgə adama.

Qorxmaz müəllim bir-iki cızmaqara ilə ədəbiyyata gəlmək istəyən özündənrazı – müştəbehlərdən, özünü bəyənənlərdən fərqli olaraq təvazökardır. Yaradıcılığını çoxları kimi “qoçaqlıq” yox, İlahi lütfü sayır. Özünə, öz yaradıcılığına bir ədəbiyyat adamı kimi,bir yazar,bir təngidçi kimi elə özüdə dəyər,qiymət verir.

Özündən,sözündən görməsən əyar,
Pul cılız adamda yeganə dəyər.
Qızılın qiyməti düşəndə gümüş-
,,mən qızıl deyiləm”-deyib sevinər.

Qorxmaz Məmmədov beş kitab müəllifidir.“Bir gün dönəcəyəm” (Bakı 2005), “Məni zirvələrə qaldıran əllər” (Bakı 2008), “Ruhum göyə dönən gün” (Bakı 2010), “Mənim akademiyam” (Bakı 2013) və “Özünü tapan adam” (Bakı 2021) kitabları işıq üzü görüb. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Sözsüz ki, kiçicik bir yazıda Qorxmaz Məmmədov yaradıcılığına tam halda işıq salmaq imkan xaricindədir. Təbii ki, Qorxmaz Məmmədovun illərin ağır zəhməti ilə araya-ərsəyə gətirmiş olduğu poetikası ilə tələbkar oxucuları artıq tanışdır. Mən də bir həmyerli olaraq Qorxmaz Məmmədova daim İlham Pərisi ilə baş-başa qalmaq, məhsuldar yaradıcılıq və bol-bol oxucu sevgisi arzulayıram. Yazın, yaradın, necə deyərlər, yazmağı Sizdən, oxuyub təqdir etmək isə təbii ki, bizdən!

P.S. Yeri gəlmişkən bu gün dəyərli şairimiz Qorxmaz Məmmədovun ad günüdür. Ad günü münasibətilə şair eloğlumuzu səmimi qəlbdən təbrik edir, bərəkətli ömür, möhkəm can sağlığı, yaradıcılıq uğurları və təbii ki,oxucu sevgisi, məhəbbəti arzulayıram!
Uğur olsun, Qorxmaz müəllim!

Lənkəran Dövlət Universitetinin
baş müəllimi,tarix üzrə fəlsəfə doktoru
Məcidova Leyla Qadir qızı

Müstəqil.az

 

Share: