Alim Qasımov – 66 – Fuad Biləsuvarlı yazır…

Bu danılmaz bir həqiqətdir ki, musiqi ruhun qidasıdır. Əsl musiqi insanı dincəldir, ruhunu təzələyir, həyat eşqini yüksəldir. Azərbaycan xalq musiqisinin əsasını təşkil edən muğamlarımız isə sözün həqiqi mənasında möcüzədir, sirdir, hikmətdir. Ona görə də muğam ifaçılarının musiqi aləmində xüsusi yeri var. Hər musiqiçidən muğam ifası gözləmək bəlkə də, sadəlövhlük olardı. Başqa sözlə, muğam ifa etmək hər oğulun girdiyi kol deyil…

Musiqi aləmində sözünü demiş, oxuduğu muğamlara möhürünü vurmuş, əsl xalq məhəbbətini qazanmış, ustad muğam ifaçıları çox olub. Onlardan dünyasını dəyişənlər də var, bu gün də muğamla nəfəs alanlar da.

Onların hər birinin canında olan sənət yanğısı oxuduğu muğamlarla musiqisevərlərin yaddaşında əbədi həkk olub.

Azərbaycan musiqi ifaçılığı sahəsində öz dəsti-xətti ilə seçilən muğam ustalarından biri də Alim Qasımovdur. Öz ifaçılıq tərzi ilə seçilən Alim Qasımovun ruhları oxşayan muğamlarına sakit qulaq asmaq olmur. Alim Qasımov muğam ifaçılığında vacib olan aydın diksiyası, şirin zəngulələri dinləyicini ecazkar bir aləmə aparır, bəlkə də göyün yeddinci qatına qaldırır.

Alim Qasımov Şamaxı yurdunun yetirməsidir. Şamaxının Nabır kəndində dünyaya göz açıb. İndi həmin kənd inzibati bölgü ilə Qobustan rayonuna daxildir. Adi bir kənddə doğulan Alim Qasımov isə artıq bütün Azərbaycan musiqisinə aiddir. Sənətinin zirvəsində dayanan korifeylərdəndir.

Uşaqlıqdan musiqiyə olan sonsuz məhəbbət Alim müəllimin gələcək həyat yolunu da müəyyənləşdirib. 1978-1982- ci illərdə Bakı Musiqi Kollecində təhsil illərində muğam ifaçılığına dərindən yiyələnib. Bu arıq, boyca çox da cüssəli olmayan gəncin səsinə qulaq asanlar onun gələcəyin böyük ustadlarından olacağını tam əminliklə söyləyirdilər.

Alim Qasımov Hacıbaba Hüseynov, Ağaxan Abdullayev kimi ustad sənətkarlardan dərs alırdı. Onların ifalarına dönə-dönə, bəzən saatlarla qulaq asar, doymazdı. Müəllimləri də Alim Qasımovun ifa tərzini, İlahi vergisi olan səsini çox bəyənirdilər.

Ustad Ağaxan Abdullayevin bir zaman söylədiyi bu fikirlər, uzun müddət dünyaları dolaşmışdı.
25-35 tələbənin içindən bir Alim Qasımov çıxırsa, bu, mənə bəs edir…”

Səsi ilə muğam aləminə yeni bir nəfəs gətirən Alim Qasımovun sənət uğurları özünü çox gözlətmir.

1979 cü ildə onun Azərbaycan televiziyası ilə ilk çıxışı musiqi aləmində yeni bir istedadın gəldiyindən xəbər verir. İfa etdiyi muğamlara seçdiyi qəzəllər, səsin zil güşələrində etdiyi gəzişmələr onu tez məşhurlaşdırır.

Alim Qasımov təkcə Azərbaycanda yox, bütün türk dünyasında, Avropa ölkələrində çox sevilir. Tamaşaçılar onun hər çıxışını intizarla gözləyirlər.

Alim Qasımov isə öz sənət axtarışlarındadır.

Tamaşaçılarını ovsunlaya-ovsunlaya yeni-yeni ifalar təqdim edir.

1982-ci ildə Azərbaycanda birinci muğam festivalı keçirilir.

Festivala qatılan ifaçılar çox, tamaşaçı marağı isə həddən artıqdır. Alim Qasımov şirin səsi ilə bütün mərhələləri uğurla adlayır.

Hər ifası uzun alqışlarla qarşılanır. Və Alim Qasımov festivalın qalibi olur.

Bir il sonra Alim Qasımov Səmərqənddə keçirilən Beynəlxalq Musiqi

Sempozimunda uğurlu çıxışı ilə yadda qalır.

Beynəlxalq Səmərqənd Festivalının birinci mükafatına layiq görülür. Alim Qasımovun bir-birinin ardınca işıq üzü görən 7 albomu onu dinləyicilərə
daha da sevdirir, əl-əl gəzir. Məşhurlaşdıqca, sevildikcə, Alim Qasımov da arxayınlaşmır.

Sənət daim axtarış tələb edir. Azərbaycan İncəsənət Universtetində təhsil illəri də ona çox şey verir.

Aldığı ustad dərsləri ona şöhrət gətirir.

Artıq kifayət qədər tanınan və sevilən Alim Qasımov 1988-ci ildə Əməkdar artist, cəmi beş il sonra

Xalq artist kimi yüksək fəxri adı daşıyır.

Ötən hər il sənətin zirvəsinə ucalmış Alim Qasımova yeni uğurlar qazandırır.

Dövlət mükafatına layiq görülür. Vətənə “Qızıl çinar” Beynəlxalq muğam mükafatını gətirir.

Azərbaycan musiqi sənətindəki inkişafındakı xidmətlərinə görə ölkə rəhbərliyi tərəfindən ” Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunur.
1989 – cü ildə ” Azərbaycan telefilm”in çəkdiyi ” Ver sözə əhya ki…” qısametrajlı televiziya filmində
bir çox ustadlarla yanaşı Alim Qasımov da yer alır.

Alim Qasımovun böyük söz ustası Füzulinin qəzəllərindən ibarət ifası daha çox yadda qalan olur.

1991-ci ildə lentə alınmış və ustad qəzəlxan Əliağa Vahidin həyatından bəhs edən məşhur “Qəzəlxan” filmində Alim Qasımovun xanəndə rolunda ifası da onun sənət uğurlarındandır.

Alim Qasımovun sənəti ölməzdir. Onun muğam ifaçılığı əvəzsizdir. Öz istedadı və yaradıcılığı ilə seçilən qızı Fərqanə xanımla onun duet ifaları təkcə vətənimizdə deyil, onun hüdudlarından çox -çox kənarda da sürəkli alqışlarla qarşılanıb. Bir-birini tamamlayan bu duet ifalar tamaşaçıların yaddaşına köçüb, desək səhv etmərik.

Ustad Alim Qasımov muğam ifaçılarının nadir sənətkarlarındandır.

Təsadüfi deyil ki, 50-yə yaxın Avropa ölkələrinin radiolarında onun ifaları səsləndirilib. 2000-ci ildən “Avropa Nadir səslər” Assambleyasının üzvü” titulunu düz on il daşıyıb.

Ürək oxşayan muğamlarımızın mahir ifaçısı, xalq artisti Alim Qasımovun bu ilin avqust ayında 66 yaşı tamam olacaq. Yaradanın qismət elədiyi ecazkar səsi ilə ürəklərimizi bundan sonra da oxşayacaq.
Alim müəllimə uzun ömür arzulayırıq.

Muğamda Alim

Segah oxuyanda ruhum dincəlir,
Zehnimə, zəkama qüvvət, güc gəlir,
Dövlət də səsinə, öznə güvənir,
Bir başqa aləmdi muğamda Alim!

Qızıyla muğama fərqli yanaşdı,
Ecazkar avazla qərbi ağlatdı,
O səslə nə qədər dərdi azaltdı,
Bir başqa aləmdi muğamda Alim!

Yenilik gətirdi dünya-cahana,
Rahatlıq bəxş etdi hər bir insana,
Çox sağ ol deyirəm mən Yaradana!
Bir başqa aləmdi muğamda Alim!

Ucaltdı zirvəsin xalq ürəyində,
Millət də həmişə, hey köməyində,
Qızıyla dünyada sevilməyində,
Bir başqa aləmdi muğamda Alim!

Bağrıma basaraq, səsindən öpdüm,
Bu İlahi səsin önündə çökdüm,
Fuadam, bu səslə şəfamı tapdım,
Bir başqa aləmdi muğamda Alim!

 

Səsinin şəklini çəksin rəssam da

Nə varsa, olanı deyən biriyəm,
Hər şeyi dübbədüz görən biriyəm,
Qiyməti də doğru verən biriyəm,
Muğam da Alimlə muğamdı elə.

Qızıllar tökülür ayağına da,
Dediklərim çatsın qulağına da,
Eşq olsun, Şamaxı torpağına da,
Muğam da Alimlə muğamdı elə.

Azərbaycanımın ürəyi deyim,
El şənliklərinin bəzəyi deyim,
Müasir muğamın özəyi deyim,
Muğam da Alimlə muğamdı elə.

Cəsarət, hünərlə düz deyirəm, düz,
Səsilə uzanır bizim ömrümüz,
Sözümə qoşulub, deyir, qızınız,
Muğam da Alimlə muğamdı elə.

Pasteldə, yataqda xəstə babam da,
Hönkürür səsinə elim, obam da,
Səsinin şəklini çəksin rəssam da,
Muğam da Alimlə muğamdı elə.

 

İlahi səslidir Alim, Fərqanə

Riqqətə gətirir ürəyi bizdə,
Gəl indi bu səsə dözüm tap döz də.
Doymuruq bu səsdən gecə – gündüz də,
İlahi səslidir Alim, Fərqanə!

Dağı dilləndirən, daşı dindirən,
Göydən mələkləri yerə endirən,
Allahdı onları bizə göndərən,
İlahi səslidir Alim, Fərqanə!

Oxuyanda onlar məclisdə, toyda,
Dolaşır ruhları səmada, göydə,
Alışıb od tutur bu səsə ney də,
İlahi səslidir Alim, Fərqanə!

Xudavəndi- aləm, ey sirri- Xuda!
Sağ ol bəxş etmisən belə səs yurda,
Bu səslə olmuram mən ahü zarda,
İlahi səslidir Alim, Fərqanə!

Yerdən uzaqlaşıb, köçdülər göyə,
Onlar yaraşırlar ulduza, Aya.
Vətəni tanıtdı bütün dünyaya,
İlahi səslidir Alim, Fərqanə!

Müəllif: Fuad BİLƏSUVARLI, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı.

Müstəqil.az

Fotolar
Share: