Aksiyasının 17-ci günündə — Xankəndi-Laçın yolundan neçə maşın keçdi? + Video

Xankəndi-Laçın yolunda keçirilən aksiyanın 17-ci günüdür.

“Qafqazinfo” “ARB24″ə istinadən xəbər verir ki, bu gün Xankəndində hərəkətlilik müşahidə olunub.

Belə ki, etirazçıların tələblərinə baxmayaraq, onların qarşısına çıxmayan Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov bu gün Xankəndində seperatçıların görüşünə gəlib. 

Həmin yoldan gün ərzində 3-ü Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə məxsus olmaqla 45 maşın keçib. BQXC-nin maşınlarında Xankəndində yaşayan 3 erməni xəstə təcili olaraq Ermənistanda yerləşən xəstəxanaya aparılıb. Geri dönərkən də maşınlarla dərman-preparatlar və tibbi ləvazimatlar daşıyıblar. 

Bundan əlavə, ərazidən 10-u yanacaq daşıyan olmaqla, 16 böyük yük maşını keçib. Digərləri isə humanitar yardım, maddi texniki təchizat və təminat maşınları olub. 

Qeyd edək ki, hazırda Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələri aksiya keçirir. Onlar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.


Share: