Aİ-nin səhiyyə agentlikləri koronavirusa qarşı vaksinlərin yenilənməsini tələb edir

Avropa İttifaqının (Aİ) səhiyyə qurumları COVID-19-a qarşı hazırlanmış vaksinlərin yeni variantlara uyğun olaraq yenilənməsini tələb edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Avropa Dərman Agentliyi (EMA) və Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) birgə bəyanat yayıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) peyvəndlərin yenilənməsi ilə bağlı beynəlxalq tənzimləyici təşkilatlarla keçirdiyi son görüşünün nəticələrinə istinad edilən açıqlamada, EMA-nın Avropada və dünyanın bir çox yerlərində dominant hala gələn “Omicron” variantının alt qrupu olan XBB-yə uyğun olaraq vaksinlərin yenilənməsi tövsiyəsinə yer verilib.

EMA-nın peyvənd strategiyasına cavabdeh rəsmisi Marko Kavaleri də brifinqində peyvəndlərin davam etdirilməsinin vacibliyini vurğulayıb:

“SARS COV 2 hələ də geniş dövriyyədədir və yeni variantlar ortaya çıxır. Bu virus, xüsusən də immuniteti zəif olan insanlar üçün təhlükədir və olmaqda davam edəcək. COVID-19 qış aylarında səhiyyə sistemlərini ciddi şəkildə gərginləşdirməyə davam edəcək. Peyvəndlər xəstəxanaya yerləşdirmə və ölüm hallarının qarşısını almaq üçün ən yaxşı seçimdir”.

EMA həmçinin Aİ ölkələrinə peyvənd kampaniyalarını davam etdirməyi tövsiyə edib. Yaşı 60-dan yuxarı olanlara, immun sistemi zəif olanlara, hamilə qadınlara və ağır xəstəlikləri olanlara üstünlük verilməli olduğu bildirilib və yekun qərarın üzv ölkələrin milli səhiyyə qurumlarına aid olduğu xatırladılıb.


Share: