“Ağır beyin əməliyyatlarını minimum risklə icra edirik” — Neyrocərrah Tural Hidayətov

Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı uzman neyrocərrah Dr. Tural Hidayətovdur. Müsahibimiz neyrocərrahiyyə haqqında suallarımızı cavablandırıb.

“Qafqazinfo” müsahibəni təqdim edir:

Arayış

Peşəkar neyrocərrah Uzm. Dr. Tural Hidayətov 2008-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 2011-2016-cı illərdə Türkiyə Cümhuriyyətində Hacəttəpə Universitetinin Neyrocərrahiyyə kafedrasında uzmanlıq təhsili alıb. İxtisası üzrə Türkiyə, ABŞ  və Avropa ölkələrində bir sıra beynəlxalq konfrans, seminar və kurslarda iştirak edib. Türk Neyrocərrahiyyə Dərnəyinin üzvüdür. Hazırda  Baku Medical Plazanın (Babək filialı) Bakı Neyrocərrahiyyə Mərkəzində çalışır.

-Ən çox hansı beyin əməliyyatlarını icra edirsiniz?

-Neyrocərrahiyyəyə aid bir çox əməliyyatları icra edirəm. Daha çox isə intrakranial anevrizmaların cərrahiyyəsi, beyin şişləri, pediatrik neyrocərrahi əməliyyatlar (hidrosefaliya (endoskopik və şuntlama), anadangəlmə onurğa xəstəlikləri) və onurğa əməliyyatları, neyrotravma ilə məşğul oluram.

-Neyrocərrahiyyənin ən çətin tərəfləri nələrdir?

-Neyrocərrahiyyə əməliyyatları mürəkkəbliyi və yüksək riskli olması baxımından tibbin ən çətin sahələrindən biridir. Bəzən əməliyyatlarımız uzun müddət, hətta 10-12 saat da davam edə bilir. Buna baxmayaraq, çətinlikləri sevir və uğurla öhdəsindən gəlməyə çalışıram.

-İndiyədək ən uzun əməliyyatınız neçə saat davam edib?

-Mənim rekordum Hacəttəpə Universitetində assistentlik dövründə olub, 18.5 saat.

-Beyin əməliyyatlarında hansı risklər var?

-Hər bir əməliyyatda risk var. Lakin digər əməliyyatlardan fərqli olaraq, beyin əməliyyatlarında iflic, koma, ölüm riskləri daha yüksəkdir. Bəzi hallarda beyin toxuması bizə gözlənilməz sürprizlər gətirə bilər.

-Hər bir pasiyentə bu risklər haqqında məlumat verirsiniz?

-Əlbəttə! Hər bir pasiyentə və yaxınlarına mümkün risklər haqqında ətraflı şifahi məlumatlar verilir və yazılı formada icazə alınır. Yəni əməliyyata razılaşan xəstə və yaxınları hansı risklərin baş verə biləcəyini öncədən bilir.

Beyin anevrizması nədir? 

-Anevrizma – arteriya divarının incəlməsi nəticəsində adətən balon şəklində patolojik şişməsi və qabarmasıdır. Anevrizmalar əsasən heç bir əlamətlə özünü büruzə vermir. Belə ki, bu xəstələr adətən anevrizmanın qanamasından sonra təcili yardımla gətirilirlər. Çox nadir hallarda və əgər ölçüsü böyükdürsə, anevrizmalar MRT, yaxud tomoqrafiya müayinəsində görülə bilər. Əgər aşkar edilibsə, mütləq angioqrafiyanın köməyi ilə dəqiqləşdirmək, sonra isə vaxt itirmədən müalicəyə başlamaq, daha doğrusu, cərrahi əməliyyat lazımdır.

-Deyə bilərik ki, siz anevrizmanı ən müasir üsullarla əməliyyat edirsiniz?

-Mərkəzimizdə digər beyin əməliyyatları kimi, anevrizma da müasir tibbin tələblərinə uyğun olaraq icra edilir.

-Məsələn, Bakıda etdiyiniz əməliyyatın istər texniki avadanlıqlar, istərsə də əməliyyat üsulu baxımından Avropada icra olunan eyni əməliyyatdan fərqi varmı? 

-Əlbəttə, əməliyyatın gedişatına və nəticəsinə ciddi təsir etməyən kiçik nüanslar hər zaman ola bilər. Ancaq bunlar sadəcə köməkçi vasitələrdir və cərrahın komfortuna təsir edir. Mərkəzimizdə anevrizmanın klipslənməsi üçün yetərincə şərait var.

Beyin anevrizması əməliyyatında hansı mümkün risklər var?

-Damar divarı və anevrizmanın yırtılmasına bağlı ciddi qan itirmə, iflic, bəzən damarların tromboz olması, beyin toxumasında infarkt, nadirən də olsa, ölüm riski var.

Bütün halda pasiyentlər bu riskləri gözə alıb əməliyyata razı olurlar, deyilmi?

-Əlbəttə! Bizə güvənən xəstələr mümkün risklərə razı olaraq, tərəfimizdən əməliyyat olunurlar.

-Beyin anevrizması olan xəstələr əməliyyat olunmazsa, nə ilə nəticələnə bilər?

-Qanamış anevrizmalarda qısa zamanda (adətən ilk həftələr ərzində) təkrar qanama və ölüm baş verə bilər. Bu, bir növ nə zaman partlayacağı məlum olmayan saatlı bomba kimidir. Bu risklər qanamamış anevrizmada daha aşağı olsa da, hər zaman qanayaraq iflicə, komaya və ölümə səbəb ola bilər.

Uğurla nəticələnən ağır və riskli əməliyyatlarınız çox olur. Bu uğurlarınız daha çox nə ilə bağlıdır?

 -Türkiyədə təhsili və keyfiyyəti ilə seçilən Hacəttəpə Universitetində  aldığımız təhsilə, təcrübəyə və daim özümüzü inkişaf etdirməyə borcluyuq.

İxtisas sahəniz çətin və məsuliyyətlidir. Peşənizin öhdəsindən layiqincə gələn bir cərrahsınız. Bu qədər ağır və gərgin iş fəaliyyətinizdə əsas stimulunuz nə olur?

-Düşünürəm ki, hər bir həkimin sərvəti onun sağalan xəstələridir. Sağaltdığımız və ya ən azından sağalması üçün əlimizdən gələni etdiyimiz xəstələrin yaxşılaşması əsas stimulumuzdur.

Qeyd: Uzm. Dr. Tural Hidayətov bütün növ beyin əməliyyatlarını uğurla icra edən yüksək təhsilli mütəxəssisdir. Maraqlananlar həkim ilə (050) 800-04-05  mobil nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər. Həmçinin “Uzm. Dr. Tural Hidayetov, Neyrocerrah feysbuk və “dr.turalhidayetovinstaqram hesabları ilə də həkimə elektron müraciət etmək olar. Dr. Tural Hidayətovun etdiyi əməliyyatları https://www.youtube.com/@2raldoctor/videos yutub kanalında da izləyə bilərsiniz.

 


Share: