Adanada kişi arvadı və uşaqlarının gözləri qarşısında öldürüldü

Adanada İbrahim Taşkıran (42 yaş) dəbilqəli şübhəlinin hücumu nəticəsində həyatını itirib.

Hadisə dünən gecə saatlarında baş verib. Səkidə həyat yoldaşı və uşaqlarının yanında telefonla danışan avtomobil alqı-satqısı ilə məşğul olan İbrahim Taşkırana iki nəfər motosikletlə yaxınlaşıb. Motosikletdən düşən maskalı şəxs əlindəki iki tapança ilə Taşkıranı güllə yağışına tutub. Çarəsiz halda olan Taşkıran qanlar içində yerə yıxılıb. Silahlı şəxs piyada ara küçələrə qaçıb gizlənərkən, digər şübhəli motosikletlə ərazidən qaçıb. Ətrafdakıların çağırdığı təcili yardımla xəstəxanaya çatdırılan İbrahim Taşkıranı xilas etmək mümkün olmayıb. Onun meyiti yarılma üçün morqa aparılıb.

Polis əməkdaşları şübhəlilərin tutulması üçün işə başlayıblar. Taşkıranın həyat yoldaşı və uşaqlarının da təşvişə düşdüyü hücum anı bir ticarət obyektinin təhlükəsizlik kamerasına əks olunub.

Digər tərəfdən, Taşkıranın bir müddət əvvəl həbsdən çıxdığı və sosial media hesabında tez-tez ağlasığmaz paylaşımlar etdiyi üzə çıxıb. Onun bəzi postlarında məhəllədəki silahlı hücumlarda həlak olan yaxınlarını qeyd etdiyi görülüb. Silahla fotolarını paylaşan Taşkıran “Artıq bu məhəllədə silahsız gəzmək istəyirəm, amma bu, heç də təhlükəsiz deyil. İctimai asayiş tamamilə pozulub. Hər kəsin belində 4 min 500 lirəlik silah var. Güllə isə pulsuzdur. Kimdən istəsən verər” deyə sosial mediadakı paylaşımında qeyd edib.

Mənbə: Hürriyet

Share: