Ad gününüz mübarək, Çingiz müəllim

Bu gün görkəmli yazıçımız Çingiz Abdullayevin ad günüdür. 30 ildən bəri tanıdığım bu böyük yazıçı haqqında bir neçə maraqlı təəssüratlarım var.

 

Keçən əsrin 90- cı illərinin əvvəllərində, 30 yaşı yenicə tamam olmuş Çingiz müəllim artıq tanınmış yazıçı idi, Yazıçılar Birliyinin katibi işləyirdi. Yazdığı romanlar hələ Azərbaycan dilində çap olunmamışdı, rus dilindəki kitabları da çox deyildi. O vaxt kitab çapı indiki kimi geniş miqyas almamışdı və Çingiz Abdullayevin əsərlərini Azərbaycan oxuşuları, əsasən, Azərbaycanda rus dilində nəşr olunan dərgilərdən oxuyurdular. Yadımdadır ki, o vaxt Çingiz müəllimin “Mavi mələklər” romanı səhv etmirəmsə, Bakıda rus dilində çap olunan “Araz” adlı kiçik formatlı jurnalda çap edilmişdi. Məhz həmin günlərdə atamgilin qonşuluğunda yaşayan, yaşca məndən böyük olsalar da yaxın münasibətdə olduğum Əliaga və Vahid adlı iki nəfərin küçədə söhbət etdiklərini gördüm. Əllərində “Araz” jurnalının bir-neçə nüsxələri var idi və məlum oldu ki, onlar həmin jurnaldan “Mavi mələklər”i oxuyurlar. O vaxt Çingiz Abdullayev haqqında məlumat geniş yayılmadığından, onlar Çingiz Abdullayevin yaşının 45-50 yaş çivarında olduğunu deyirdilər. Amma mən o vaxta qədər görmədiyim, tanımadığım Çingiz Abdullayevin mənimlə yaşıd olduğunu-yəni 1959-cu ilin 7 aprelində dünyaya gəldiyini bilirdim. Bunu onlara deyəndə onlar inanmadılar. Mübahisə etdilər. Mən isə dediyimdə israrlı idim… Heç vaxt heç kəslə mərc kəsməmişəm, ümumiyyətlə nəyin üstündəsə mərc etməyi xoşlamıram. Amma o gün məcbur olub, ömrümdə ilk dəfə müəyyən pul müqabilində o iki nəfərlə Çingiz Abdullayevin yaşı ilə bağlı mərc elədim… O hadisədən 3 yaxud 4 gün sonra nə üçünsə Bakıya gedəndə Yazıçılar Birliyində də oldum . Yazıçılar Birliyinin katibi, rəhmətlik Arif Əmrahiğlinun otağında olarkən, Çingiz müəllim nə üçünsə Arif müəllimin otağına daxil oldu. Arif müəllim məni Çingiz müəllimlə tanış etdi.
– Çingiz müəllim, mən elə Sizi görmək istəyirdim-dedim.
– Otağımda gözləyirəm-deyə cavab verdi.
Otagına qalxdım. Və kəsdiyim mərç haqqında ona danışdım. Güldü. Hətta zarafat da elədi:
– Mən pasportumu sənə verə bilmərəm axı.
– Bilirəm-dedim.
– Amma sənə pastort qədər etibarlı bir sənəd verə bilərən-deyib, yaxındakı kitab dolabından, cəmi 4 səhifədən ibarət, son dərəcə nədis bir tanıtım-buklet götürdü. Bu bukletdə Çingiz müəllimin tərcümeyi-halı, o vaxta qədər nəşr olunmuş əsərləri haqqında məlumat və fotoları dərc olunmuşdu.
– Apar bu bukletı onlara göstər, mərcini də ud- dedi.
– Elə isə bukletin üstünə imza da atın. Qoy bilsinlər ki, bu bukletı Sizdən almışam.
Bukletin üstünə imzasını yazdı… Və beləliklə pullarını almasam da (özüm istəmədim) ilk və son mərcimi udmuş oldum.

Çingiz müəllim haqqında digər maraqlı bir əhvalat… 1994- cü ildə İraqda böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi keçirildi. Azərbaycandan bir qrup tanınmış ədəbiyyat, elm, mədəniyyət xadimləri bu yubiley münasibəti ilə İraqa getdilər. Atam da həmin nümayəndə heyətinin tərkibində idi. Atam Çingiz Abdullayevlə elə həmin yubiley günlərində,vİraqda tanış olmuşdu. İraqdan gələndən sonra atam tez-tez Çingiz müəllimdən, onun sadəliyindən, özündən yaşlı adamlara göstərdiyi müstəsna qayğıdan söhbət açardı.
…Atam İraqdan yenicə gəlmişdi. Bir səhər atam gilə gələrkən yazı stolunun üstündə Çingiz Abdullayevin Azərbaycan dilində çap olunmuş “Əclafların qanunu” kitabını gördüm. Kitabı atama avtoqrafla Çinğiz müəllim göndərmişdi və səhv etmirəmsə həmin kitab Çingiz müəllimin Azərbaycan dilində nəşr olunmuş ilk romanı idi. Həmin kitabı oxumaq üçün bir-neçə günlüyə atamdan aldım. İşlədiyim Təhsil şöbəsinə gəldim. İdarəmizin iclas zalında hansı məsələ iləsə bağlı içlas keçirilirdi. İçlas təzə başlamışdı. İçlas zalına keçdim. İdarəmizin işçiləri, məktəb direktorları zalda idilər. Çingiz müəllimin daimi oxucularından olan və onun çap olunmuş bütün kitablarını toplayan İdman məktəbinin direktoru Abdulhəsən müəllim əlimdəki kitabı görüb, iclası belə unudaraq yüksək səslə:
– Çingiz Abdullayevin kitabı, özü də Azərbaycan dilində- deyib kitabı məndən aldı… Sonra iclas zalında olan başqaları da kitabla maraqlandılar və hətta bu kitaba görə iclasın gedişi bir neçə dəqiqəlik pozuldu da…İclasdan sonra təkid etsəm də Abdulhəsən müəllim kitabı mənə vermədi:
– İki günə oxuyub qaytararam-dedi. Məcbur olub razılaşdım. Amma həmin kitab mənim əlimə bir də 3 yaxud 4 aydan sonra gəlib çıxdı. Abdulhəsən müəllimdən o kitabı başqa müəllim alıb oxumuşdu. Başqasından da başqası… Əldən-ələ keçən bu kitab o qədər vərəqlənmişdi ki, əvvəlki, təzə vəziyyətindən iki dəfə qalın görünürdü
Mən Çingiz müəllimi bir yazıçı kimi də, bir VƏTƏNDAŞ kimi də çox sevirəm. Dünyanın dörd bir tərəfində oxucusu olan bu böyük yazıçımız 44 günlük Vətən müharibəsində Moskva televiziyasındakı məntiqli, əsl Vətənpərvər ruhunda olan çıxışları ilə nə qədər ermənipərəst, şovinisy rus şəhrçilərini, aparıcılarını, hərbçilərini, tarixçilərini susdurub “darmadağın” etməsini yaxşı xatırlayırıq.
Elə təkcə bu möhtəşəm xidmətinə görə biz Çingiz müəllimə şükran borcluyuq.
Hər dəfə Bakıya gedəndə, imkan olanda bu böyük yazıçımıza baş çəkirəm. Və hər dəfə də Çingiz müəllim yeni çap olunmuş kitablarını mənə bağışlayır. İndi kitabxanamda Çingiz müəllimin avtoqrafla mənə bağışladığı çoxlu sayda kitabları var. Və kitabxanamda olan həmin kitabların Neftçalada çoxlu sayda oxucuları var… Bəzən kitablara marağın azalmasından şikayətlənirlər. Bu barədə mübahisə etmək istəmirəm.Amma görünən odur ki, Çingiz Abdullayevin kitablarına olan maraq böyükdür və insanlar bu dəyərli həmvətənimizin kitablarını böyük məmnuniyyətlə mütaliə edirlər.
Ad gününüz mübarək, Çingiz müəllim.

Hörmətlə : Etibar Əbilov

Share: