Ad gününüz mübarək!

Cəmi bir il nazir işləyib, amma bir ömürlük xalq məhəbbəti qazanıb. Adı çəkiləndə, ünvanına xoş sözlər deyilir…

Ortaq türk dili söhbəti ilk dəfə ortaya atılanda, aləm bir-birinə dəymişdi Necə deyərlər, ara sakitləşəndə mükəmməl bir fikir söylədi: “H”, “Ə”, “Ö”, “Ü” və s. hərfləri ana dilindən yığışdırmaq olmaz!..

Ölkənin görkəmli alimlərindəndir- alimlər isə iki cür olurlar, bir sahədə püxtələşən və hər tərəfli mükəmməl. Mükəmməlləri hamıya görk olur…
Kişiliyə böyük dəyər verir- özündə olmayan bunu bacarmaz…
İmanlıdır- halalına haram qatmaz…
Ziyalıdır- həqiqəti söyləməkdən çəkinmir…
Ədalətlidir- haqq olmayan yerdə görünmür…
Fədaidir- Azadlıq meydanında milyonlarla insan buna şahid olub…
Əzəmətlidir- Yaradanın izni olmasa, bir kəs min kəsdən seçilməz…
Səsi yaşıl, ruhu ağdır- bunu ariflər üçün dedim…
Haqqında söhbət açdığım Firudin Cəlilov 1947-ci ildə Vedibasarda dünyaya gəlib. 1966-cı ildə orta təhsilini Bakıda bitirib. Elə həmin il də Bakı Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olunub. Oranı müvəfəqiyyətlə başa vurub. 1972-1994-cü illərdə həmin fakültənin Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim, dosent və professor vəzifələrində çalışıb. 1978-ci ildə filologiya elmləri namizədi, 1989-cu ildə isə filologiya elmləri doktoru alimlik dərəcələrinə yiyələnib. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. 1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin edilib. Bir il sonra Azərbaycan Respublikasının Ali və Orta ixtisas təhsili naziri vəzifəsi ona həvalə olunub. 1993-cü ildə həmin nazirliyin ləğvi ilə əlaqədar nazir vəzifəsindən uzaqlaşdırılıb…
Xalqının qarşısında alnı açıq, üzü ağdır. Çox ürəklərdə yuva qura bilib. Hamı onu təmiz adam, söz deməyi bacaran ziyalı kimi tanıyır.
Deyir ki,- “Vəzifə gəldi-gedərdir, əsas odur ki, xalqının dəyərli övladı ola biləsən”…
Bəli, Firudin Cəlilov xalqımızın dəyərli övladlarından biridir. Böyük azərbaycanlı olduğunu xidmətləri ilə təsdiq edib. Belə insanlara diqqət göstərmək, qayğısına qalmaq Allahın da xoşuna gələn əməllərdəndir…
Bu gün onun növbəti ad günüdür, 76 yaşı tamam olur. Ona möhkəm can sağlığı, ağrısız günlər və uzun ömür arzulayıram.
Çox yaşa, ustad!
Elman Eldaroğlu
Share: