Ad günündə həyata gözlərini yuman Günel Eminlinin hekayəsi…

Müstəqil.az dünən həyata əbədi gözlərini yuman istedadlı yazar  Gunel Eminlinin hekayəsini təqdim edir…Allah rəhmət eləsin.

Mənə Piaf deyin

(hekayə)

Yarıqaranlıq mehmanxana otağındakı yatağında üzü üstə uzanıb siqaret çəkirdi. Siqaretin külünü birbaşa döşəməyə tökməyinin fərqində olmasa da, dumanını havada yellətməkdən xüsusi zövq alırdı. Döşəmənin üzərində qadın və kişi alt paltarları, salfet parçaları, bir də pul əsginasları var idi. Marsellə dalaşdığı günü xatırlayıb özünü sakitləşdirir, inanmaq istəyirdi ki, bu, son görüş ola bilməz. Çünki Marsel nəinki onun ruhunu, həm də səsini, yataqda necə sevişməyini sevirdi. Nə olsun ki bugünkü çıxışını Marsel dinləməyəcək. Əvəzində, istəklisinin acığına daha gözəl çıxış edəcəkdi. Kabaredə çıxışına az qaldığından, fikir dumanından ayrılıb geyinməyə başladı. Səhnə öncəsi həyəcan yenə özünü göstərdi. Xəstəxanadan çıxandan özünə gələ bilmirdi. Ona vurulan morfilərdən əsl narkomana çevrilmişdi. Zəifləmiş vücudu, daim əsən əlləri, tərləyən boynu onda çıxışöncəsi əsəbilik yaradırdı. Birtəhər özünü ələ alıb səhnəyə çıxdı. Gözlərini yumdu və oxumağa başladı. Ruhu bu zərif mələyi tərk edib kabaredəki insanların başları üzərində fırlandı. Sanki kimisə axtarırdı… Nəhayət, gəlib Editin çiyinlərinə qondu. Gözlərini açıb qaranlıqda dəyirmi masada oturmuş gözüyaşlı Marseli gördü. Deməli, o getməyib, balaca sərçəsini dinləmək üçün buradadır. Təsirlənib:

– Non je ne regrette rien1… – oxudu.

Əslində o, çox şeyə təəssüflənirdi – küçələrdə ona pul diləndirən atasına, onu hamilə edib analıq hissini azacıq da olsa yaşadan ərinə görə… Bütün bunların fonunda Marsel onun üçün əsl məhəbbət tanrısı idi.

Marsel də ona zülm verənlərə nifrət edir, onlar haqqında düşünmək belə istəmirdi. Əvvəlki əri körpə Sessilisinin ölümünə səbəb olmuşdu. Balası dünyasını, soyuq havalarda diləndiyindən vaxtından əvvəl qırışmış əllərinin içində dəyişdi. Qızını dəfn etməyə belə imkanı yox idi.

Balaca mələyim, sənə görə fahişəlik etmək istədim. Onun isə mənə yazığı gəldi. Məndən kam ala bilməyən ilk və son müştərim sənin ruhuna hörmət edib dəfninə təmənnasız pul verdi. Tanrı ona yar olsun! Tanrı hərdən bizim kimi günahkarların da dualarını eşidir. Nənəmin, fahişə xalalarımın kor olmuş gözlərimə görə Müqəddəs Tereza üçün şam yandırıb dua oxumalarını xatırlayıram.

Yaradan o qadınları eşitdi və avqustun ikisində – onların Tanrıya vaxt qoyduqları gündə gözlərim bu dəhşətli dünyaya acgözlüklə açıldı. Luiza nənəm bu əhvalatı tez-tez danışardı. Kaş gözlərim açılmayaydı. Amma yox! Hər halda, səni görmək üçün dünyaya yenidən baxmağa dəyərdi. Sonra ayaqlarının donduğunu hiss etdi. Sonuncu dəfə körpəsinin məzarına əyilib balaca xaçdan öpdü. Tələsmədən avtomobilə yaxınlaşdı.

Marseli aeroporta yola salmalı idi. Onunla getmək istəmirdi. Çünki vidalaşmağı yox, qarşılamağı sevirdi. Marsel ona ürək-dirək verdi:

– Özünü ələ al, tezliklə görüşəcəyik, – deyib bağrına basdı. Qara paltarlı, cılız qadın böyük bədənin ağuşunda görünməz oldu. – Sənin səhnən var, mənsiz darıxmağa bir an belə vaxt tapmayacaqsan!

Edit gözüyaşlı:

– Əzizim, onlar yalnız oxuyanda mənə pərəstiş edirlər. Mənə yalnız sürəkli alqışların səsi və qaranlıq səhnə qalır. Əsl dəhşət bundan sonra başlayır. Marsel, tez qayıt, bilirsən ki, səndən başqa, heç kimim yoxdur. “Mon dien” mahnısı sənə həsr olunub, qayıtmayınca onu oxumayacam.

Ancaq oxudu – Marselin təyyarədə qəzaya uğradığını eşidən gün. Sevgilisinə zəng edib onu Parisə çağırmışdı. Demişdi ki, səhnəyə onsuz çıxmayacaq. Elə ilk reyslə Piafın görüşünə gələndə uçduğu təyyarə qəzaya uğradı. Sonuncu dəfə bu mahnını Marsel üçün oxudu… Marselin yanına gedəcəkmiş kimi, qollarını açıb sanki uçurdu. O bu görkəmdə zavallı, həm də qürurlu idi.

Xəstəxanalarda üzücü müalicələr, stresdən vaxtından əvvəl ağarmış saçlar, zəif vücud, ən əsası, çılğın hisslər və Piafın yetim qalmış məhəbbəti.

Bir dəfə əllərindən tutmuş rəfiqəsi Marlen Ditrixə etiraf etdi:

– Deyəsən, hamıya bədbəxtlik gətirirəm. Əvvəlcə məni küçələrdən tapıb müğənni etmiş Lamberi güllələdilər, sonra qızım Sessil, indi də Marsel. Offf… bir gecədə beş yüz dəfə ölürəm. Marselin naminə beş yüz birinci, sonuncu dəfə öldüm. Bir də sevməyəcəm.

Marlen isə sadəcə, onun əllərindən tutub cavabını təbəssümü ilə verdi. Çünki şübhə etmirdi ki, Piaf yenidən eşq macəraları ilə qəzetlərin birinci səhifələrini bəzəyəcək. Az sonra növbəti məhəbbəti – 26 yaşlı Teo Saraponun timsalında qayıtdı. O, Editdən 20 yaş kiçik idi. Teonu ciddi qəbul etməsə də, gənc oğlan onun əsl vurğunu idi.

Bir soyuq payız gecəsi kabareni həmişəki kimi tərk edəndə, qaranlıq dalanda gecə fənərinin altında dayanan bir siluet diqqətini cəlb etdi. Paltosuna möhkəmcə bürünüb siluetə yaxınlaşdı:

– Siz məni gözləyirsiz?

– Bəli.

– Niyə içəri keçməmisiz?

– Bura yaxşıdır… Sizi sevmək onsuz da əziyyətdir, bu soyuq mənə hədiyyə kimidir…

Teonun inadkar sevgisinin qarşılığında ona:

– Teo, başa düş, məndən çox kiçiksən! – dedi.

– Əzizim, doğulduğum gündən səni sevirəm. Ona görə də sevgim yaşımdan böyükdür, biz bir-birimiz üçün yaranmışıq.

Marsel ona əsl məhəbbətin, Teo isə sevilməyin nə olduğunu göstərdi. Edit Marselə “Mon dien” mahnısını, Teoya isə bütün mahnılarını həsr etdi. Gənc oğlan onun həyatının mənasına çevrilmişdi – Teonu özü ilə bərabər qocaldacaqdı.

Xəyallarının kişisi Teonu “mənim balacam” çağırsa da, özünü onun yanında uşaq kimi hiss edirdi. Sevgisi üçün heç nəyi əsirgəmir, böyük pullar xərcləyirdi. Onu qınayanlara isə, “pula xəsis olanlar hisslərinə də xəsisdir” – deyirdi…

Parisin altı aydan sonra sərçəciyini dəfn edəcəyindən hələ xəbəri yox idi. Hamı hər şeyi bilsə də, hər şeyi gizlədirdi. Xəstəliyin taqətdən saldığı Piaf Teonun qucağındaca gözlərini əbədi yumdu. Həkimlər Teonu sakitləşdirə bilmirdilər.

– Yox… Əzizim, Piaf, dalınca gələcəm, günbəgün, addımbaaddım, yalvarıram, məni gözlə!

Həmin gün yeddi ildən sonra yetişdi. Editin məhəbbət tanrısı bir sərxoş sürücünün qurbanı oldu. Çox əziyyətdən sonra dostları Teonu Piafın yanında dəfn edə bildilər.

…Piafın səsi sonralar bütün dünyanı dolaşdı. Yəqin, sağ olsa, belə deyərdi:

“Demişdim axı, mən Parisin qaranlıq küçələrində soyuqdan dona-dona oxuyan bir sərçəciyəm. Mənə Piaf deyin!”

Share: