ABŞ-ın Qarabağ və Rusiya PLANI

ABŞ dünyanın “super gücü” olmaqla yanaşı dünyanın düzənini təyin edən, onun gələcək taleyi ilə bağlı kritik qərarların verildiyi əsas mərkəzlərdən biridir, bəlkə də birincisidir. Vaşinqton istəyərsə dünyada çözülməsi məsələsi dalana dirənən, qıfıllanmış hesab edilən çox məsələ kökündən həllini tapa bilər, eyni zamanda həll olunmaya da bilər.

Necə ki, biz bunu geridə qalan 30 il ərzində Qarabağ nümunəsində şahid olduq. ATƏT-in Minsk Qrupu formatında beynəlxalq qurumun üç həmsədrindən (Fransa, Rusiyadan başqa) biri kimi ABŞ-ın iştirak(sızlığ)ı fonunda Ermənistan-Azərbaycan “Dağlıq Qarabağ” probleminin uzun illər həllini tapmaması da bu deyilənin təsdiqidir.

Dünyada ciddi geosiyasi tektonik təkanı başladan savaş

Vətən müharibəsi ilə ədalətsizliyə son qoyan, beynəlxalq hüququn normalarına uyğun şəkildə ərazi bütövlüyünü Ordusunun gücü hesabına bəropa edən Azərbaycan təəssüf ki, bir çox beyin mərkəzlərinin istər müharibə zamanı, istərsə də postkonflikt dövründə haqsız təzyiqləri, yersiz bəyanatları ilə üzləşdi. Lakin bu, rəsmi Bakı üçün gözlənilməz idimi, deyildi!

Müharibə zamanı Misnk Qrupunun həmsədrlərindən biri kimi münaqişənin həlli istiqamətində aktivliyi ilə seçilən Rusiyadan fərqli olaraq Fransa höküməti işğalçı qüvvələrə açıq dəstək nümayiş etdirirdisə, ABŞ bu məsələdə nisbətən neytrallığı ilə seçilməyi başladı. Azərbaycanın regionda geosiyasi, və geoiqtisadi məsələlərin əsas açar ölkəsinə çevrilməsinin ardından isə istər Qərbdə, istərsə də Okeanın o tayında Bakıya yanaşma, münasibət birmənalıə şəkildə dəyişməyə başladı. Dünənə kimi Ermənistana açıq dəstək verən qüvvələr bu gün artıq Azərbaycanın yaratdığı yeni reallıqla barışmağı qəbullandıqlarını etiraf etmək məcburiyyətindədirlər.

Heç kəsə sirr deyil ki, artıq Azərbaycanın böyük mənada həll etdiyi Qarabağ “problemi” bölgədə, Cənubi Qafqaz regionunda marağı olan bütün güclü dövlətlərin ortaq rıçaq vasitəsinə çevrilmişdi. Məhz bu səbəbdən də uzun illər heç bir dövlət Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa etməkdə, işğala son qoymaqda maraqlı deyildi. Elə bu səbəbdən də Ermənistanın işğalçılığını pisləyən, Amerika, Fransa və Rusiyanın da imzası olan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 2020-ci ilin payızına kimi adi kağız parçasından başqa bir şey deyildi. Lakin Azərbaycan xalqının, dövlətinin və ordusunun bu tarixi Zəfəri bütün bizə qarşı olan qüvvələri bu gün hesablaşmaq, rəsmi Bakını regional məsələlərdə hesaba qatmaq məcburiyyətində qoymağa başlayıb.

ABŞ Prezidenti Co Baydenin Novruz bayramı münasibətilə Prezident İlham Əliyevi təbrik etməsi mövcud vəziyyətdə bir təbrikdən daha artıq hesab edilə bilər. Co Baydenin məktubu və orada yazılanlar ABŞ timsalında Qərbin bölgədəki proseslərdə bir qədər də aktivləşəcəyindən xəbər verməklə yanaşı, Azərbaycanın Vaşinqton üçün çox vacib regional faktor olduğunu göstərir.

Bayden təbrik zamanı bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini vurğulayaraq bayram münasibətilə dövlət başçımızı və Azərbaycan xalqını təbrik etməsi heç şübhəsiz ki, mühüm hadisə olmaqla yanaşı, eyni zamanda ilk növbədə rəsmi Vaşinqton üçün Bakının son proseslər fonunda – istər Cənubi Qafqazda, istərsə də Şərqi Avropada davam edən Rusiya-Ukrayna müharibəsi fonunda proseslərə müdaxilə imkanı baxımından və hadisələrin axarını bu və ya digər formada dəyişmək imkanına malik olan nə qədər önəmli, vacib, lazımlı bir dövlət olduğunu nümayiş etdirir. Amma Baydenin təbrik məktubunda bir sıra məqamlar xüsusilə diqqət çəkir:

ABŞ lideri məktubunda bildirir ki, “Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir. Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”. Aydın məsələdir ki, Bayden regional sülhün təşviqi deyərkən ABŞ-ın həm də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanmasına dəstəyindən bəhs etdiyi nəzərdə tutula bilər. Bununla Vaşinqton iki ölkə arasında sülhün əldə olunmasına töhfə vermək niyyətində olduğunu Azərbaycan liderinin diqqətinə çatdırmaq istəyir. Bəs Bakı Vaçinqtonun səmimiyyətininə inanırmı?. Bu zaman daha bir bir sual yaranır: ABŞ 27 il ərzində nə üçün bunu etməyib?

Açıq-aydın görünür ki, Bakının 44 günlük müharibədə əldə etidiyi taixi qələbə ilə 27 ildən sonra regionda geosiyasi vəziyyətin dəyişməsi Vaşinqtonun Cənubi Qafqaza baxışını da dəyişib. Yəni ABŞ 44 günlük müharibənin nəticələrini və yaranmış yeni geosiyasi reallığı qəbul edirmiş təəssüratı yaratmağa çalışır.

Bəs ABŞ-ın rəsmi Bakı ilə əməkdaşlığa sövq edən səbəb(lər) hansılardır?

I. ABŞ maraqları olmadığı təqdirdə heç bir ölkə ilə münasibətləri hər kəsin hiss edəcəyi, görəcəyi səviyyədə inkişaf etdirməkdə maraqlı olmaz. Bunu hazırda ABŞ-ın Azərbaycana qarşı münasibətinə də şamil etmək olar. Azərbaycanın regionda icra etdiyi meqa enerji layihələri Vaşinqtonun diqqətini çəkir. Xüsusilə Avropanın enerji təminatı baxımından perspektiv vəd edən layihələrin (TAP və TANAP kimi – red) ərsəyə gəlməsi rəsmi Bakı ilə Vaşinqton arasında enerji sahəsində əməkdaşlıq zərurətini qaçılmaz edir. Azərbaycanın günü-gündə artan geosiyasi nüfuzu, güclənən mövqeyi, digər neft və qaz ölkələri olan Mərkəzi Asiyaya yaxınlığı, eyni zamanda ərəb ölkələri ilə isti münasibətləri, ən əsası İsraillə strateji tərəfdaşlığı, Vaşinqtonun nəzərində Bakının önəmini də artırır. Konkret desək, Vaşinqton Bakıya Avropanın enerji təminatında alternativ ölkə kimi baxır və bu istiqamətdə əməkdaşlığa önəm verir.

II. Mövcud Ukrayna-Rusiya müharibəsində Azərbaycanın sərgilədiyi balans siyasət ABŞ-ın da diqqətindən yayınmır. Rusiyanın misli görünməmiş iqtisadi sanksiyalara məruz qaldığı bir vaxtda onun Cənubi Qafqazdakı yerini zəbt etmək məsələsi də ABŞ höküməti üçün prearitet hesab edilə bilər. Bununla Bayden hakimiyyəti hazırki durumda Moskvanın ən etibarlı müttəfiqi olan Bakını Rusiyanın ətrafından uzaqlaşdırıb, onu təkləməkdə ciddi maneə ilə qarşılaşmamağı hədəfləyib. Beləcə ABŞ həm Moskvanın Qafqazdakı nüfuzuna zərbə vuracağını düşünür, həm də onu regiondakı irimiqyaslı iqtisadi layihələrdən tamamilə təcrid etməklə Rusiyanın çöküşünü biraz da tezləşdirəcəyi qənaətindədir.

ABŞ-ın Azərbaycana qarşı münasibətinin qəfil müsbətə doğru dəyişməsi olduqca təəccüblü görünür. Nəzərə alsaq ki, ABŞ prezidenti Co Bayden 3 ay əvvəl (dekabr, 2021-ci il – red) Vaşinqtonda “Demokratiya sammiti” keçirdi və o sammitə 110 ölkənin dövlət və hökümət başçıları, iş adamları, siyasətçilər və s. qatıldığı halda ora nə Azərbaycan, nə də qardaş Türkiyə dəvət aldı. Əvəzində isə rəsmi Bakıdan fərqli olaraq Ermənistan rəsmiləri Baydenin dəvəti ilə tədbirdə iştirak etdilər. Bu nöqteyi nəzərdən “Demokratiya sammiti” Co Baydenin əsas geosiyasi layihəsi olmaqla yanaşı dünyanı yeni qütblərə bölmək istiqamətində ilk ciddi addımı kimi də şərh edilə bilər.

Sirr deyil ki, Birləşmiş Ştatlarda olan erməni lobbisi, hər zaman olduğu kimi, əlaqələrindən istifadə etməklə Azərbaycana qarşı məkrli fəaliyyətini davam etdirməkdədir. Bu istiqamətdə təbii ki, erməni diasporu da dəridən-qabıqdan çıxır. Onların bir həftə əvvəl növbəti arzusunu ABŞ Konqresinin Nümayəndələr Palatası həyata keçirib. Palata Qarabağda olan qondarma “artsax”a qarşı hərbi əməliyyatların mümkünlüyü barədə hesabat tələb edən qanun layihəsi qəbul edib. Nəticədə 2022-ci maliyyə ilinin xərclərini ümumiləşdirən, Ermənistana ən azı 45 milyon dollar və “artsax”da humanitar minatəmizləmə üçün 2 milyon dollar nəzərdə tutan layihə qəbul olunub.

Qanun layihəsinin özündə “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsinin redaksiyası var və həmçinin “bu qanunun qüvvəyə mindiyi tarixdən sonra 90 gündən gec olmayaraq” “artsax”a qarşı hərbi əməliyyatların aparılması ehtimalı haqda hesabat tələb olunur. ABŞ konqresmenlərinin heç kimin tanımadığı Azərbaycan ərazilərində məskunlaşmış ermənilərin qondarma “artsax” adını dövlət siyasətinə alət etməsinin arxasında dayanan plan nədir? Konqresmenləri narahat edən hansı “hərbi əməliyyatdan” söhbət gedir? Ümumilikdə, ABŞ konqresmenlərinin Qarabağda erməni separatçılarına belə qahmar çıxmağının arxasında nə dayanır? Rəsmi Bakı bundan az əvvəl Avropa Parlamentinin məlum qərəzli qətnaməsi, ardınca da ABŞ Konqresində anti-Azərbaycan sənədinin qəbuluna şahidlik etdi.

Belə bir məqamda çox sözə də ehtiyac olmur. Çünki Baydenin Novruz təbriki məktubuna nəzər salsaq sülh və regional barışıq çağırışı diqqət çəkir. Belə nəticə çıxır ki, ABŞ hazırda sülhü dəstəkləmək haqqında düşünür və barışığın onların geosiyasi maraqlarına cavab verdiyini düşünür. Amma ABŞ-da Ermənistana və Azərbaycan ərazisində qondarma rejim qalıqları ilə bağlı ABŞ Konqresində qəbul edilən sənədlər isə bunun tam əksini göstərir. Odur ki, rəsmi Bakını inandırmaq və onun etibarını qazanmaq Vaşinqton üçün heç də bir məktubla həll olunacaq kimi görünmür.

Təhməz Əsədov

Share: