Abırına bükülüb qazandığı nüfuza xələl gətirməyən xalq artisti…

 

Ustalıqla obrazdan obraza girmək, tamaşaçını oynadığı rolun təbiiliyinə inandırmaq, yaddaşlarda yuva qurmaq aktyordan istedadla yanaşı, böyük məharət tələb edir. Xoşbəxt o aktiyorlardır ki, yaratdıqları obrazlar onları ölndən sonra da hafizələrdə yaşadır. Bu gün sizə belə aktyorlardan biri- xalq artisti, “Şöhrət” ordenli Hacı İsmayılovdan söhbət açmaq istəyirəm. O, Hacı İsmayılovdan ki, indiyədək yüzlərlə obraz yaradıb, amma onu yadda saxlayacaq ən əsas rolu “Mustafa”dır…

“Atam Dərbənddən, anam isə Masallıdan olub. Anam evdar qadın idi. Atam isə uzun müddət Xəzər Gəmiçiliyində çalışıb. İmkanlı olmamışıq, kasıb yaşayırdıq. Yaddaşımın küncündə səhərlər divardan asılan “Rodina” adlı radiodan Sovet Azərbaycanının himni ilə oyanmağım ilişib qalıb, indiyə qədər də o himnin səsi qulaqlarımdadır. Yaxşı yadımdadır, məktəbə gedəndə hər gün anam yumurtanı yağda bişirib çörəyin arasında çantama qoyurdu. Fikrim qalırdı çantamda, gözləyirdim ki, nə vaxt tənəffüs olacaq onu yeyəcəm. Kasıb yaşadığımız üçün uşaqlardan pal-paltar sarıdan geri qalmağım məndə kompleks yaratmışdı. İçimdə həmişə düşünürdüm ki, necə edim ki, nəyləsə diqqəti özümə çəkim. Bəlkə ona görə teatra meylləndim. Məktəbdə bir idman dərsində, bir də teatra gedəndə mənim üçün bayram olurdu. Yaxşı müəllimlərimiz vardı. Uşaqları mədəniyyətə, ədəbiyyata, kimin qabiliyyəti haradırsa ora yönəldirdilər. Bir müəllimimiz vardı, Zərbəli Səmədov mənə dedi ki, bala, sən artist ol. Özfəaliyyət dərnəyində çıxışımı görmüşdü ona görə. Mən də məktəbin dram dərnəyinə yazıldım. İlk rolum da tənbəl Mahmud oldu. Yadımdadır, səhnəyə birinci dəfə çıxanda mətnin əvvəlini yox birbaşa son sözünü dedim. Sonra ani olaraq özümü toplayıb təzədən əvvəldən başladım. Fəxr edirdim ki, səhvimi düzəltməyi bacardım.”- söyləyir.

Haqqında danışdığım Hacı İsmayılov 1944-cü ildə Bakıda dünyaya gəlib. Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Dram Teatrında işləyib. Hazırda Akademik Milli Dram Teatrında çalışır…

Deyir ki,- “Etiraf edim ki, mən filmlərə təsadüfən çəkilmişəm. O vaxtlar nəhəng aktyorlara baxanda fikirləşirdim ki, mənim kinoya çəkilməyim yəqin ki, alınmaz. Ancaq 1976-cı ildə rejissor Rasim Ocaqov “Ad günü” filmini çəkəndə məni filmin foto və lent sınaqlarına çağırdı. Sınaqlardan uğurla çıxdım və məni filmdə Mustafa roluna dəvət elədi. Ssenarini oxuyandan sonra sanki, başqa bir insanın ruhu ilə dünyaya baxmağa başladım. Görünür Mustafanın xarakteri üstümə hopmuşdu. Film çox yaxşı alındı. Məlumat üçün deyim ki, o filmi ilk dəfə izləyən Heydər Əliyev olub…”

Bəli, Mustafa rolu ona şöhrət gətirdi. Və bu şöhrətin qüdrəti onu xalqa sevdirə bildi. Seçdiyi yola görə özünü həyatda xoşbəxt adam hesab edir. Bir oğlu, bir qızı, bir neçə nəvəsi var. Ailədə ondan başqa teatra, filmə həvəs göstərən kimsə olmasa da, balaca nəvəsi Nigarın oxumağa, oynamağa meyilli olduğu onu çox sevindirir. Ümid edir ki, gələcəkdə onun yolunu nəvəsi davam etdirəcək…

“Azərbaycan filminin tarixi çox qədimdir. O illərdə özünü büsbütün sənətə həsr edən adamlar çox idi. Ona görə də, filmlərimiz sevilirdi. O günlər yaddan çıxan günlər deyil. Mən demək olar ki, bütün görkəmli aktyolarla oynamışam. Həyatımın ən mənalı günləri də məhz o günlər olub. Özümü çox xoşbəxt sayıram ki, o cür insanlarla filmlərə çəkilmişəm. İndi də yaxşı filmlər var. Ancaq film çəkərkən insanların istəyini nəzərə almaq lazımdır. İnanıram ki, bizim filmlərimiz daha yuxarı pillələrə çıxa bilər. Baxın, bizim muğamımız, musiqimiz artıq bütün dünyada tanınır, sevilir. Yəqin ki, dövlətimiz kino sənəti ilə bağlı da mühüm addımlar atacaq.”- söyləyr.

Bədii filmlərdə rol almaq istəsə də son vaxtlar çəkilən yeni filmlərə dəvət olunmur. Seriallara da özü getmir. Bunu işinin çoxluğu ilə bağlayır. Amma hesab edir ki, bu gün çəkilən filmlərin ssenariləri çox zəifdir…

Hacı İsmayılov! Oynadığı “Mustafa” obrazı kimi səmimi, təvazökar, mülayim insan, tamaşaçıların sevimli aktyoru. Abırına bükülüb qazandığı şöhrətə zərrəcə xələl gətirməyən xalq artistimiz, yeni yaşınız mübarək! Sizi təbrik edir, ağrı-acısız günlər arzulayıram.
Çox yaşayın!

Hörmətlə, Elman Eldaroğlu

Share: