Kişi qeyrətli xanım…

Qəhrəmanlıq onun alın yazısıdır, ətaləti bir anda strategiyaya çevirməyi bacarır. Elə bu xüsusiyyətinə görə də seçilir, zirvədədir. Nə istədiyini yaxşı anlayır və hədəfə doğru cəsarətlə addımlayır. Sirli, qeyri-adi xarakterə malikdir, möcüzə yarada bilir. Aydın, səlist, məntiqli nitqi var, təsiredicidir. Yersiz müdaxiləni xoşlamır, amma haqsızlıq olan yerdə susmur, həqiqəti qorumağa üstünlük verir. Lazım olmadığı halda fikir söyləməsə də, ehtiyac olduğu təqdirdə səsini daha da ucaldır…

Namizədlik və doktorluq dissertasiyalarının mövzusu İranla bağlı olub, amma Azərbaycan Xalq Cümhuriyyətinin tarixini də unutmayıb. Bu istiqamətdə sanballı əsərlər yazaraq təqdim edib, Azərbaycan dövlətçiliyinə böyük xidmət göstərib…
Haqqında söhbət açdığım Solmaz Rüstəmova- Tohidi Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Dövlət Universitetini bitirib. Tarix elmləri doktoru, professor, AMEA- nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnsititutunun əməkdaşı. İranın tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisidir.
1995-ci ildən Niderlandın Sosial Tarix İnstitutunun Qafqaz üzrə, 2010-cu ildən Qafqaz və Orta Asiya üzrə nümayəndəsidir. Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb…
Xarizmmatik xanımdır, özünəməxsus bir sıra xüsusiyyətləri var. Polad iradəsi, çalışqanlığı ilə çoxlarından fərqlənir və insanların diqqətini özünə asanlıqla çəkə bilir. Duyğusal və romantik bir xarekterə malikdir. İntuisiyası güclüdür. Gözəlliyin aşiqidir, təbii gözəlliyə böyük dəyər verir. İncə ruhu var, nəzakətli və zərifdir. Adamların xoşbəxtliyinə sevinməyi bacarır. Bütün həyatı boyu həm hər şeyin ən yaxşısına sahib olmaq istəyib və həm də ən yaxşısını etmək…
Deyir ki,- “Bu il milli müstəqil dövlətçiliyimizin ən möhtəşəm tarixi gününü – Azərbaycan Cümhuriyyətinin 104-cü ildönümünü qeyd etdik. Bu dövlətçiliyi bizə bəxş etmiş “qurucu babalar” dediyimiz, əslində o zaman cavan, amma amalı və əməli ilə artıq Ulu Şəxsiyyətlərin adlarını ehtiramla dilə gətirdik. O şanlı tarixə az-çox bələd olan bir tədqiqatçı kimi 28 may günündə xalqımızın yekdilliklə bu hadisəni ürəkdən bayram etdiyinə, tədbirlər keçirdiyinə, xüsusilə medianın və gənclərin bu işdə fəallığına hədsiz sevindim. Təbii ki, Cümhuriyyət dövrünün hətta peşəkar tarixçilər və mütəxəssislər tərəfindən də birmənalı dəyərləndirilməyən məsələləri, eləcə də Cümhuriyyət xadimlərinin bu və ya digər tarixi məqamlarda rolu və iştirakına dair fərqli nəzərləri var və bu da təbiidir. Amma bir qənaət şəksizdir! Bu insanların Azərbaycan adlanan Vətən, Azərbaycan adlanan dövlət və Azərbaycan adlanan xalq-millət qarşısında xidmətləri danılmazdır və bu qənaət saysız sənədlərlə təsdiq və sübut edilir. Bu təsdiq və sübut heç də yalnız tarixi sənədlərlə məhdudlaşmır. Ortada həmin şəxsiyyətlərin hər birinin öz həyat hekayəti var. Cümhuriyyət qurucuları vaxtilə məsuliyyətini və təhlükəsini anladıqları bir yükün altına girərkən yəqin ki, taleyin onlara heç də həmişə lütf etməyəcəyini göz önünə gətirmişdilər və bu yolda bütün məşəqqətlərə, hətta ölümə hazır idilər. Lakin tarixin “İstiqlalçılar” adlanan bütöv bir nəslə qarşı bu qədər ədalətsiz və amansız olacağını, adlarını həyatda saxlayıb, amma bu sevimli Vətənə, qurduqları Dövlətə, “azadlığın ləzzətini dadızdırdıqları” xalqa ömürlük həsrət qoyacağını bəlkə heç ağıllarına da gətirmirdilər…”
Onu Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə başda olmaqla qürbət torpaqlarda dəfn olunan digər “qurucu babaların” nəşlərinin niyə Vətənə gətirilməməsi çox düşündürür və bununla barışa bilmir:
“Bu gün cismi faciəvi surətdə haralardasa Vətən torpağına qovuşmuş Nəsib bəy Yusifbəylidən başqa Cümhuriyyət xadimlərinin böyük əksəriyyətinin məzarları qürbətdədir. Yaxın Gürcüstan, qardaş Türkiyə və bir sıra Avropa ölkələri indiyədək qismətlərinə Vətəndən kənarda ölmək yazılmış Dövlət qurucularımızın məzarlarını bizlər üçün ƏMANƏT saxlayır. Məhz ƏMANƏT!
Bu, Məhəmməd Əmin Rəsulzadənin sözüdür və o nəslin həmin gerçəkliyə verdiyi təyinatdır.
Bəs nə baş verir, zamanmı çox çəkdi? Məmləkətmi qurtulmadı? Millətmi mütəşəkkür çıxmadı? Azərbaycanlımı qədirbilən olmadı? Bəlkə illərdir deyilən, dərc olunan, təkrarlanan, xatırlanan sətirlərin məhz vəsiyyət – vəzifə olduğu anlamı yetişməyib hələ?”- söyləyir…
Çəkinmədən dilə gətirdiyi bu fikirləri dinlədikcə, bu xanımın nə qədər böyük bir insan olduğunun şahidi olursan. Və verdiyi sualları cavablandırmaq üçün nə qədər aciz olduğumuzun xəcalətini yaşayırsan…
El arasında belə bir ifadə var- “Kişi qeyrətli qadındır.” Bəli, haqqında sevə-sevə söhbət etdiyim Solmaz Rüstəmova- Tohidi məhz əsl kişi qeyrətli xanımdır. İnanır ki, gələcək nəsillər bizdən daha bacarıqlı, daha inadkar olacaq, bizim görə bilmədiyimiz işləri onlar başa çatdıracaq. Və bir gün “qurucu babalarımız”ın nəşləri Ana Vətənə gətiriləcək…
Elman Eldaroğlu
Share: