“ƏLİ DAGI” SORAGINDA … – Südabə Sərvi yazır

 

Həyat paradokslarla doludur. Bəzən tez-tez qarşılaşdığın, sənin sadə bildiyin bir insana Allah elə inayət, elə bir nemət bəxş edir ki, o adam nəslin-şəcərəsinin tanınmasına, tanıtmaqla da davam etməsinə vəsilə olur. Söhbət bir çox mütəfəkkirlər, ustadlar yetişdirən narli-çinarlı Göyçayda övliya Şıx Mustafanın nəticəsi Yusif müəllimin gözəl-göyçək qızı Əpəndən-Əfşan xanımdan gedir.

Qarşımda “Əli dağı” adlı bir şəcərə romanı var. Oxuduqca, təfərrüatına və mahiyyətinə vardıqca “Əli dagı”nın  soragıyla  ruhumla birgə yola çıxdım. Hər sətirdə, hər cümlədə Şıx Mustafanın ruhu sanki mənimlədir….Kitabın sonundan başlamaq istəyirəm.

Şirvan torpağında böyük nüfuzu, hörməti olan Yusif müəllim ömrünün bu ahıl çağında adəti üzrə yenə də Göyçayın Muskurlu kənd məzarlığındadır. Gəlib ki,  babalarının məzarlarını ziyarət etsin.. O babaları ki, çətin, lakin  böyük və şərəfli bir yol keçiblər.  Çox düşüncəli görünür, gözləri yol çəkir. Fikri lap uzaqlara gedir. Bəlkə Xonça nənəsinin xatirələrinə  üz tutub?  Elə bil hər şey dünəndi. Uşaqlıgı, gəncliyi…bir anda kino lenti kimi gözünün önündən keçir.  Allahın ona əmanət verdiyi ömrünü şam kimi əritdi şagirdlərinin yolunda. Müəllim işlədiyi dövrdə imanlı, düz əqidəli, tərbiyəli, böyük-kiçik yeri bilən ləyaqətli tələbələr yetişdirdi Yusif hoca.

Duygusal, kövrəkqəlbli bir insandı Yusif müəllim. Qəlbini ovutmaq üçün  arada şeirlər, qəzəllər yazır, duyğularını ağ, pak vərəqlər üzərinə düzərdi və heç kimsəyə söyləməzdi bunu. Zaman keçsə də, ağ kağızlar saralsa da, duygularının təmiz  qalacağını  bilirdi Yusif müəllim. O qızı Əpənə-Əfşana çox güvənirdi. .

İndi ömrünün ahıl çagına gəlib çatıb. Lakin nə qədər yarımçıq, görülməmiş işləri qalıb. Bəlkə buna görə narahatdır Yusif müəllim? Nədən gözü arxadadır? Ürəyinə damıb, damıb ki, neçə illərdi 110 yaşlı Xonça nənəsindən eşitdiklərini, nənəsinin bəlkə də bəzi fikirləri qulagına pıçıltıyla söylədiyi yaxın keçmiş tariximizi qram-qram toplayıb qeyd etdiyi saralmış, əzilmiş gündəliyi kitab şəklində tamamlaya bilməyəcək. Və buna görə də çox nigarandır Yusif müəllim.

Məzarlıqda əmisi oğlanları Nazirlə Sabir onu o ağır düşüncələrdən ayırırlar. Söhbət əsnasında onlara şəcərə barədə planlarından söz açır və ömür imkan verərsə yazacağını söyləyir.Əmisi oğlanları ona;- Ölümdən danışmağa haqqın yoxdur, bu nəsildə, şəcərədə  səndən məlumatlı, səndən savadlı kimimiz qalıb ki, bunları qələmə alslın?-deyirlər.Yusif müəllim xəfifcə gülümsəyərək, “Əpən” yəni Əfşan deyə onlara cavab verir.

Bununla da qızının çiyninə böyük bir missiya qoyur. Əslində o missiyanı uca Yaradan Əfşan xanımın çiyninə qoymuşdu və Yusif müəllim bir  ata olaraq bunu görürdü.

Çox keçmir ki, Yusif müəllim Allahın rəhmətinə qovuşur. Əlbəttə, bu Əfşan xanıma çox pis təsir edir. Uzun illər atasızlıqdan əziyyət çəkir. Əlinə qələm ala bilmir. Baxmayaraq ki, özü də valideyn idi, övladları vardı. Nəhayət özündə güc, qüvvə tapıb əziz atasının soylu-köklü nəsli haqqında, ulu babalarının keçdiyi həyat yolu barədə qeyd olunan əlyazmaları toplayıb onları oxuyur. Oxuduqca kövrəlir, göz yaşlarının nə vaxt üzü aşagı axdıgını hiss eləmir. Lakin özündə güc tapıb atasının ona yadigar qoyub getdiyi gündəlikləri vərəqləməyə başlayır. Bir də görür ki, bu vərəqlər artıq  “Əli dagı”na çevrilib.

Kitabın redaktoru ədəbiyyatımızın dəyərli simalarından olan və mənim də çox böyük hörmət etdiyim illərin yazarı, gözəl insan Səxavət Talıblıdır. Səxavət Tallıblı nöqtəsindən tutmuş vergülünə qədər Sözə çox böyük dəyər verən Allahın verdiyi  istedadlı bir qələm sahibidir. Və bir redaktor kimi bu kitabda da zəhməti çoxdur.

“Əli dagı” kitabına ön sözü   bir çox elmi-ədəbi məqalələriylə  Azərbaycan ədəbiyyatını yüksəklərə qaldıran, inkişaf etdirən tənqidçi- professor ədəbiyaytşünas  Vaqif Yusifli yazıbdır.

Mən Göyçaydan oldugum üçün Şıx Mustafanın nəsil haqqında hələ uşaqlıqdan böyüklərdən eşitmişdim. Bilirdim ki, agır övliya nəslidir. Bir zamanlar ədalətsizliyə, dinsizliyə, cəhalətə qarşı mübarizə aparan insanların həyatından götürülüb bu əsər. Dogrulugu, düzgünlüyü, imanlı olmagı və ən əsası isə namazı, islamı bir-birlərinə ötürə-ötürə şəxsiyyətə çevrildi bu insanlar. Gəldilər və getdilər. Amma özlərindən sonra  nəinki bir nəsil üçün, bütöv bir el üçün şərəfli ad qoyub getdilər. Ruhları şad olsun.

“Əli dagı” kitabında Şıx Mustafanın, ona Qara Mustafa da deyirdilər, hələ gənclik illərindən Allahın ona verdiyi öngörücülük haqqında bilmədiyimiz məlumatları alırıq.  Qara Mustafanın əllərinin şəfaəti, ürəyinin istisi, güclü imanı ilə neçə-neçə xəstəni Allahın izniylə sagaltmasının şahidi oluruq.

Əsərin əvvəlində biz Şıx Mustafanın hələ gənc ikən uca Allahın ona bəxş etdiyi inayətin şahidi oluruq:

“Qəbələdə göydən yerə od yagdıgı” bir zamanda gənc Mustafa dincini alsın deyə bir agacın kölgəsindəydi. Bu vaxt qışqırıq səsləri eşidilir. Məlum olur ki,  epilepsiya xəstəsi olan bir gənc qız agır vəziyyətdədir. Adamlar başına toplaşıb, yerdə huşsuz vəziyyətdə qalan qıza heç nə edə bilmirlər. Və  bu vaxt Qara Mustafa ona yaxınlaşır, adamlara “mane olmayın” deyərək sol əlini qızın alnına tutur, sag əlini isə onun gözləri önündə gəzdirməyə başlayır. Çox keçmir ki, qız ayılır. Adamlar şok içindədir. Mustafanın əllərinin şəfaəti qızı ölümdən qurtarır. Hissetməsi çox güclüydü Mustafanın, nə deyirdisə dogru çıxırdı. Və buna görə də hamı onu Şıx adlandırır. Yanına gələnlərin sayı-hesabı olmur.

Və gənc Mustafa o qıza əliylə toxunmuşdu deyə sonradan onunla ailə quracaqdı. Belə kişi olub şıx Mustafa.  Bu gün Göyçayda- Müskürlüdə  Şıx Mustafanın məzarı ziyarətgaha çevrilib.

Kitabın adı üzərində dayanaq. Kim olub Əli? On yeddinci əsrin son illərində Şıx Mustafanın  atası Əli,  əmisi Vəli müəyyən haqsızlıqlardan bezib Bagdaddan Azərbaycana köç edərkən babalarından onlara miras qalan, xüsusi dəmir parçalarından döyülüb hazırlanan, ərəb əlifbası ilə “Əli” yazılmış  damganı  özləri ilə götürürlər. Bu damga İmam Hüseynin otuz dördüncü nəslindən olan Əli kişinin adını daşıyır. Qara Mustafanın törəmələri bu günə qədər qorunan bu damganı özlərinə  məxsus atların, dəvələrin bud hissəsinə vurdurmaqla əslində həmin heyvanların Əli nəslinə aid olduqlarını göstərməyə çalışıblar. Sonradan bu damga nəslin davamçılarından olan Abusalamın Alaca adlı atının buduna vurulacaqdı. O Abusalam ki, həm özü, həm atı dünyadan nakam köçdülər.

Düşünürəm, söhbət əgər Abusalam və onun atından düşdüsə, bu barədə  danışmaga dəyər. Abusalam-Gülsüm-Alaca əslində əsərin müəyyən bir süjet xəttini təşkil edirlər.

Abusalam – Gülsüm məhəbbəti əsərdə kövrək notlarla təsvir olunub.. Bir-birlərini dəlicəsinə sevən iki gəncin nakam məhəbbəti. Onların qovuşmasına mane olan ailə ənənələri. Sonradan peşiman olacaqdı atası İslam kişi. Amma artıq gec idi. Abusalam öz vəfalı atınım  boynuna sarılıb Allahdan ölüm istəyir. Və uca Allah onun ölümünü sevimli atı Alaca ilə həyata keçirir. Bu ayrılıga Gülsüm dözmür, aglını itirir.

Məşhur qırgız yazarı Çingiz Aytmatovun “Cəmilə” hekayəsini xatırlayıram. Altmışıncı illərdə “Drujba narodov” jurnalında dərc olunan bu hekayəni oxuyan fransız yazıçısı Lui Araqon onu dünyanın ən gözəl eşq hekayəsi adlandırmışdı. Hətta Romeo və Cülyettadan da irəli.  Mənsə Abusalamla Gülsüm sevgisini dünyanın ən gözəl faciəli eşq hekayəsi adlandırardım. Bu nakam qalmış sevginin acı sonlugu hər birimizin qəlbini titrədir.

Gülsümün Abusalamdan sonra dəli olması, vəfalı sahibinin ölümünə səbəb olan  vəfalı Alacanın bu həsrətə dözməyib başını sahibinin məzarı üstünə qoyaraq intihar etməsi oxucunun qəlbini göynədir. Heyvanlar çox nadir hallarda intihar edirlər. Dəhşətdir! Onların yalnız danışan dilləri yoxdur. At aglaya-aglaya sanki dil açıb danışır. Alacanın ölüm səhnəsini həyəcansız oxumaq mümkün deyil.

Çox illər sonra- ömrünün ahıl çagında Yusif müəllimin Gülsümün taleyini araşdırmaq üçün  Şamaxıya gedəcəkdi. Gülsümün də artıq vəfat etdiyini, həm də faciəli şəkildə öldüyünü eşidən Yusif müəllim çox üzüləcəkdi. Lakin qəlbində bir rahatlıq hiss edəcəkdi: Gülsümün Abusalamdan sonra taleyini acı da olsa, öyrənə bilmişdi. Bəlkə də, bilməsydi, öyrənməsəydi, bu kitabda nəsə sanki çatmayacaqdı və oxucu Gülsümün nakam taleyindən xəbərsiz qalacaqdı. Nə qədər uzaqgörən olub Yusif müəllim.

“Əli dagı” əsərində  İbrahim obrazı var. Çox sevdim bu obrazı. Dogru-dürüst, cəsarətli olduguna görə. Şıx Mustafanın törəmələrindən olan  İbrahim dəli-dolu, igid, asıb-kəsən qoçaq bir cayıldı. Böyüyə-kiçiyə hörməti vardır. Hər zaman yalanınn yox, həqiqətin yanındaydı. Yetimlərin başına sıgal çəkən, məzlumun yanında olan əsl igiddi İbrahim. Elə buna görə də başı çox bəlalar çəkir. Onun igidliyi, çar nümayəndələrinə əyilməməyi yuxarıya qədər gedib çatmışdı. İbrahimi tutmaq üçün nə qədər xəbərçilər, casuslar göndərirlər, lakin onunla bacara bilmirlər . İbrahim o qədər cəld, qorxmaz bir igid idi ki, atın üstünə bir andaca sıçrayıb qalxar və həmin an gözdən itərdi. Onu tutmaq elə də asan deyildi.

1918-ci il martı ayında Lenin göstərişi və Amazapsın, Şaumyanın başçılıgı ilə Bakıda nə qədər qətliamlar törədilir. Ta ki Qafqaz İslam ordusu köməyə gələnə qədər. İbrahimin də həmin dövrdə silahla  kömək etməsi deyilirdi.

Mayın 28-də Azərbaycanda ilk Müstəqil Cümhuriyyətimiz qurulanda çoxları kimi İbrahim də, onun ailəsi də sevinirdi. Amma bu sevinc çox qısa olur, cəmi 23 ay. 1920-ci ildə Şura hökuməti gələndə İbrahim yenə də Azərbaycanda hakimiyyətini  zorla quran işgalçı hökumətin qanunlarına baş əymədi. İbrahim də, bütün düşünə bilərn insanlar görürdülər və dərk edirdilər ki, bolşevik hökuməti qan üzərində hakimiyyətə gəlib. Bu, əslində çar imperiyasının illərdi yeritdiyi bir siyasət idi: Bakı nefti hər zaman onların gözlərini qamaşdırırdı, erməni kartından məharətlə istifadə edən çar imperiyasının bu siyasəti bu günə qədər davam edir.

İbrahim bütün bunları- bolşevizmin Azərbaycan xalqının başına gətirəcəyi fəlakətləri hələ 100 il qabaq görürdü. Görürdü ki, düşünən agıllı başları məhv edirlər, nə qədər günahsız insanları gecəykən evinə girib həbs edirlər, Sibirə göndərirlər, güllələyirlər.Yalançı, satqın, çugulçu insanlarla doluydu hər yer.    İbrahim obanın igid, əyilməz, mərd ogullarından ətrafına bir dəstə  toplayaraq qaçaqçılıq edir, kasıb-kusubun, məzlumun haqqını yeyənlərə qarşı mərdliklə mübarizə aparır. Onun ədavəti, kini, qəzəbi sadə insanlara zülm edən,  günahsız insanları öldürən, sürgün edən yolunu azmış, mənəviyyatını itirmiş manqurtlara qarşıdır. Fəqirlərin, günahsızların qisasını onlardan alır. İbrahimi qarabaqara izləyirlər, aradan götürmək üçün minbir hiylələrə əl atırlar. Ən agırı da buydu ki, represiyya illəırinin qurbanı olan  İbrahimin bu gün bir məzarı belə yoxdur.

“Kaş bu məzarlıgın lap qapısı agzında dəfn olunaydı, biləydik ki, məzarı var…”- Yusif müəllim illər sonra Göyçayda Müskürlü məzarlıgında acı-acı düşünəcəkdi. “O öləndə elə bil yetim qaldıq”- Xonça nənə Yusif müəllimə qaynı oglu İbrahim haqqında bu sözləri deyəcəkdii.

Düşünürəm, nəinki bir nəsil, bir el yetim qaldı, həm də hardasa  bilinməyən bir məzar da yetim qaldı…Günahsız yerə tutularaq güllələnən nə qədər repressiya qurbanlarının olmayan məzarları kimi

“Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz oldugunu sanma. Allah sadəcə onları cəzalandırmagı gözlərin bərələ qalacagı günə saxlayır”.Qurani-Kərim, İbrahim surəsi, 42-ci ayə.

Əsərdə bir çox tarixi şəxsiyyətlərin adı çəkilir. Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, 1918-ci ildə Azərbaycana köməyə gələn Qafqaz İslam ordusunun komandanları Nuru və Ənvər paşaların. Əsərdə diqqətimi çəkən çox dəyərli obrazlardan biri də  Molla Məhəmməddir.  Molla Məhəmməd geniş dünyagörüşü olan elmli, savadlı, insanlara dinimizi dogru-düzgün çatdıran bir şəxsiyyətdir. Onun böyük yazıçı Cəlil Məmmədquluzadə ilə dostluq əlaqələri var. Mirzə Cəlil bu insanda olan elmi, savadı, zəkanı görüb  Nuru paşaya onun haqqında danışır. 1918-ci ildə  Paşa qoşunla erməni daşnaklarını məhv etmək üçün Göyçay ərazisinə keçəndə orda Molla Məhəmmədlə görüşür və görür ki, həqiqətən, Mirzə Cəlilin dediyi kimi, bu insan çox-çox elmli, zəkalı xüsusi bir kəramət sahibidir. Nuru paşa ondan ayrılanda bir türk bayragını, türk xəritəsini və bir dənə də vinoklu hədiyyə olaraq molla Məhəmmədə bagışlayır.

Aradan 70 il keçdi.  Erməni daşnakları havadarlarının dəstəyi ilə illərdi qurduqları planı həyata keçirərək  torpaqlarımızı işgal etdilər. Nə qədər şəhidlər verdik- o illərdə.  Və 30 il torpaqlarımız işgal altında qaldı.

2020-ci il sentyabrın 27-də  cənab Ali Baş Komandanın əmriylə  ilə igid əsgər və zabitlərimiz torpaqlarımızı işgaldan azad etməyə başladılar. Bu savaş tarixə 44 günlük Zəfər savaşı kimi düşdü. Və bu 44 günlük İkinci Vətən savaşında Göyçay torpagından 37 şəhid gəldi ailələrə. Əfşan xanımın ailəsi də şəhid verdi Vətənə. Qaynının oglu, həm də qan qohumu barmagı üzüklü Təbriz Xancanov torpaqlarımızın azadlıgı ugrunda şəhadətə qovuşdu. Əfşan xanım çox üzüldü buna. Atasının ölümündən sonra bəlkə də yaşadıgı ən böyük agrı-acıydı, niskiliydi- içində hönkürürdü. Əfşan xanım ürək agrısıyla  “Şəhid üzük” kitabını yazdı. Bu kitab agrılı-acılı, lakin hər kəlməsi “Vətən sag olsun!”-deyən bir kitabdır. Nişan üzüyü barmagında qalan Təbrizim! Can şəhidim!  Dahi Nizami deyirdi ki, “İgid öz qanında dəstəmaz alır”.  Təbriz kimi nə qədər şəhidlərimiz öz qanlarıyla zəfər yazdılar.

Heç şübhəısiz ki, Təbriz Xancanov ulu babası İbrahimdən götürüb o qoçaqlıgı, igidliyi. İbrahim kimi ogullar da şəhiddilər.  “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” Və ugrunda canlarını fəda etduikləri torpaga qovuşdular.Vətən oldular!

Yenə Göyçaya- Müskürlü  qəbristanlıgına dönürük. Yusif müəllim hələ sagdır. Məzarlıga gəlib ki, əzizlərini ziyarət edib onlarla baş-başa qalıb dərdləşsin. Abusalamın  məzarına yaxınlaşır. Ziyarət edir onu. Nəzərləri babası, Abusalamaın isə atası İslamın məzarına sataşır. Ah çəkir. Gözünün agı-qarası bircəcik oglu idi Abusalam. Amma məzarları ayrıdır. Məzarlıqda Şıx Mustafaya sərdabə qoyularkən  digər qəbirlər üzündən Abusalamın məzarını sərdabəyə yerləşdirə bilməmişdliər. “Can ay bala! Nakam Abusalam. O dünyada da bəxti gətirməyən bala…!”

“Ata-ogul məzarı niyə ayrı düşüb? Xancanla Əmircan qardaşları kimi…”- məzarlıqda düşünür Yusif müəllim. Rus imperiyasının və fars şovinizminin  yeritdiyi siyasət nəticəsində Azərbaycan 1928-ci ildə iki yerə parçalanır. Ata oguldan, qardaş qardaş qardaşdan ayrı düşür. Və bu ayrılıq həm də o taylı-bu taylı yurddaşlarımızın məzarlarının ayrı  düşməsini xatırladır bizlərə…

Amma ürəyi rahatdır Yusif müəllimin. İllər öncə ulu babaları adam ayagı dəyməyən bu bataqlıgı özlərinə məskən seçdilər.  “Vaxtilə bataqlıq olan bu ərazinin belə bir görkəm alacagını heç kim aglına gətirmirdi…” Bəli. Ulu babası şıx Mustafaya Allahın verdiyi inayəti idi ki, insan ayagı dəyməyən bir ərazini o kişi nə vaxtsa salınacaq kəndin sakinləri üçün məzarlıq yeri seçmişdi. İndi ziyarətgaha çevrilib bu gözəl ocaq. Bu ocagın sahibləri ömürləri boyu halal yaşayıb, halal çörək yeyiblər. Ən əsası isə özlərindən sonra da imanlı, halal bir nəsil yetişdirdilər.

İllər öncə “Şəcərəmiz haqqında səndən savadlı, məlumatlı kim qaldı ki?”-deyə əmisi ogllanları Yusif müəllimdən soruşanda “Əpən”-deyə cavab vermişdi. Əmioglular Yusif müəllimin zarafat etdiyini düşünərək “Müəllim, Əfşan?”-deyə soruşmuşdu.

-Bəli. Şəcərəmiz haqqında Əpənçün xatirə dəftəri də tutmuşam. -demişdi Yusif müəllim. O vaxt təəccüblənmişdi əmioglular. Amma nə biləydilər ki, Yusif müəllim Əfşanın içindəki istedadı görərək özünə ədəbi varis seçib artıq.

Qarabag hadisələri Yusif müəllimi çox üzürdü. Düşmənə nifrəti güclüydü.

Sonradan Yusif müəllim yazacaqdı:

Hardan sənin oldu bizim Qarabag?
Adı sahibini demirmi aşkar?
Xoşluqla verməzlər torpagı ancaq,
Qanla möhürləyib zorla alarlar.

İsa bulagının zümzüməsini,

Cabbarın, Seyyidin, Xanın səsini.

Dalgalı “Qarabag” şikəstəsini,
Babək türbəsini necə pay verim?

Cəddimin yatagı ulu torpagı,
Sinəsi sərvətlə dolu torpagı.
Mən sənə pay versəm, sən özün məgər,
Mənə gülməzmisən? Gülməsən əgər,
Mənə mənim babam gülər, lağ eylər…

Bu gözəl şeir Yusif müəllimin qələmindən çıxıb. İllər öncə çap üçün şeiri Bakıya göndərib. O vaxtdan bu vaxta şeirdən xəbər-ətər çıxmayıb. Sonradan Əfşan xanım atasının yazdıgı bu şeiri başqa tanınmış şairimizin adından söyləndiyini  eşidəcək və çox üzüləcəkdi. ”Kimsə duymaz için-için, öz ömrünü yeyir qadın ”. Həyatında bir çox çətinlikləri dəf etməyi bacaran Əfşan xanım atası Yusif müəllimin  haqqını özünə qaytarmaq üçün bir övlad kimi mübarizə apardı, döyüşdü qələmiylə. Bu yolda ailəsi və yaxşı dostlar ona dəstək oldular. Atasının haqqını-şeirini mənən özünə qaytardı, rahat nəfəs aldı.

Əsərdə diqqəti çəkən çox mühüm məqam bu insanların məhz uca Allaha sıgınmaları, namaz qılıb ibadət etməsidir. “Səndən saleh əməlini gizlətmək, məndən isə onu camaat arasında aşkar etmək”. Əsər hədislərdən bu günümüzə qədər gəlmiş gözəl bir Allah kəlamı ilə başlayır. Bu isə ocaq sahiblərinin, şıx Mustafa və onun törəmələırinin bu günə qədər məhz saleh əməllərlə məşgul olmasını, ən əsası isə ulu babalarından gələn namazı, ibadəti davam etdirmələrini göstərir.

Bəli. ” Allah kimə hidayət verirsə , dogru yolda olan da odur. Kimləri azdırırsa ziyana ugrayanlar da onlardır”. Qurani-Kərim,  Araf surəsi, 178-ci ayə. İmanlı olmaq da insanın qanından, genindən gəlməlidir.

Və nə yaxşı ki, Yusif müəllim bütün bunları 110 yaşlı Xonça nənəsindən zaman-zaman toplayıb yazmış, gündəlik halına gətirmişdi. Əslində bunlar tarixdir. Bizim bir çoxlarımızın bilmədiyi tarix. Şura hökumətinin dəyərli eloglularımızın başına açdıqları oyunlar, faciələr. Sibirə sürgünlər, əlli-ayaqlı yoxa çıxmalar və s. hamısı bizim unudulmaz, agrı-acılı, eyni zamanda şanlı tariximizdir.

Əsəri oxuyarkən mən o yerlərdə oldum. 100 il, hətta ondan əvvəl gəzdim oraları. Qəbələni, Göyçayı, Şamaxını….  O yerlər qarış-qarış mənə dogmaydı. Elə bil o dövrdə də yaşamışdım. Bunları mənə “Əli dagı” əsəri yaşatdı. Yaddaşımı təzələdi, məni özümdən alıb lap uzaqlara apardıı-indən belə yazılacaq əsərlərə.  Həmin əsərlər bu xanımın qələmindən çıxacaq. Buna inanıram.

Əfşan üzdən o qədər sadə və səmimi bir xanımdır ki, bəzən düşünürsən, dogrudanmı, bu kiçik ürəkdə böyük-böyük arzular, hələ indən sonra yazılacaq hekayələr, romanlar var? İstedadını da utana-utana ortaya qoyur Əfşan xanım. “Bir misra söz qədər duyanım ola…” deyən yazar xanımın bu misraları  dahi Füzulinin hələ dörd yüz il bundan əvvəl Sözə necə böyük dəyər verdiyini bizlərə xatırladır. İnsanı bir misra söz qədər duyan olması, əslində isə Sözün necə böyük qüdrətə malik oldugunu göstərir.

Dəyərli yerlim Əfşan xanımı “Əli dagı” kimi bir mükəmməl əsər ortaya qoydugu üçün təbrik edirəm. Və atası Yusif müəllimə  Allahdan rəhmət diləyirəm ki, bu cür Vətən qızı qoyub gedib. Bu sözlərin altını xüsusi cızıram. Burda Əfşan xanımın ömür-gün yoldaşı, eyni nəsildən olan çox hörmət etdiyim Mübariz Aslanovun adını xüsusi qeyd etmək istəyirəm. Bu kitabın araya-ərsəyə gəlməsində heç şübhəsiz ki, Mübariz müəllimin də böyük zəhməti var. Xanımına dəstək oldu,  çiyin-çiyinə bu işi sona çatdırdılar. Və heç şübhəsiz ki, ulu babalrının ruhu indi şaddır.

“Rəssam olsaydım əgər, Çəkərdim bu cahanı. Cahan boyda dərd çəkən, Küsgün gözlü Əfşanı…”

 

İnsan bir fərd kimi özlüyündə nə qədər güclü olsa da, yazıçı kimi kövrəkdir. Bəzi neqativ hallar, cəmiyyətdə baş verən naqisliklər, paxıllıq, yaltaqlıq,  nadanlıq, ən əsası isə insanların riyakarlıgı  xanım yazıçını narahat edir, bu agrılar-acılar bəzən dərd verir ona. Ugurunu həzm edə bilməyənlər var. Ədəbi mühitdə paxıllıq həmişə olub, bu gün də var. Amma bütün bunlara rəgmən Əfşan xanımın üzündə həmişə bir təbəssüm olur. Sirli təbəssüm.Cakondanın təbəssümü kimi. Tanrı çox sevdiyi bəndələrinin simasına elə bir nur, işıq əta   edir ki, onların çöhrəsindən o nurani, sirli təbəssüm heç vaxt əskik olmur.

Və heç şübhəsiz ki,  “Bu vətənin övladıyam, öz qızıyam!” – “Qadın ismət rəmzi, ləyaqət rəmzi…” deyən bu gözəl xanımın çöhrəsindəki o sirli təbəssüm də məhz Tanrıdan gələn bir nurdur ki, önünə düşərək yolunu daim işıqlandırır. Bu işıq heç vaxt üzündən əskik olmasın, Əfşancan!

SÜDABƏ SƏRVİ

 

 

 

 

 

Share: