“Zəncirə əsir olmağı divanədən öyrən”-ŞAİRƏ XATİRƏ XATUNDAN qəzəllər…

Müstəqil.Az  şairə XATİRƏ XATUNUN qəzəllərini təqdim edir:

 

YA RƏB, DAHA QƏLBİMDƏ…(QƏZƏL)

Ya Rəb, daha qəlbimdə qovğa məni qorxutmaz,
Əqlim alacaq başdan sevda məni qorxutmaz.

Göz yaşıma rəhm etməz, əğyarə verib sirrim,
Ondan üzüb əl getdim, səhra məni qorxutmaz.

Bica yerə, ey qafil, tə’n eyləmə gəl, zinhar,
Dərsin keçərəm eşqin, Leyla məni qorxutmaz.

Gəzdim neçə bütxanə, məscid və meyxanə,
Kafər ya müsəlman, həm tərsa məni qorxutmaz.

Hər zövqünü tərk etdim,dünya ilə karım yox,
Nəfsim mənə qul oldu, üqba məni qorxutmaz.

Düşdüm yoluna həqqın,həqdən əlimi üzməm,
Soysun dərimi cəllad sərpa, məni qorxutmaz.

Gördüm nə xəyanətlər,dostdan nə qədər çəkdim,
Etsin nə bilir düşmən, əsla məni qorxutmaz.

Saqi, mənə bir lütf et, gör bir nə xumarım var,
Dolsun yenə sağərlə səhba, məni qorxutmaz.

Biganələrə dərdin izhar eləməz Xatun,
Dərd əhli verir versin fitva, məni qorxutmaz.

………………………………………………………………

Zülfün necə ram eyləməyi şanədən öyrən,
Eşq atəşinə yanmağı pərvanədən öyrən.

Aşiqsən əgər bəs sənə Məcnun nə münasib?
Zəncirə əsir olmağı divanədən öyrən.

Vaxt tapsan əgər bir dəfə gəl gir qapısından ,
Mey əhlinin əhvalını meyxanədən öyrən .

Namərd olan əhdinə sadiq qala bilməz ,
Sadiqliyi göstərməyi mərdanədən öyrən .

Eşq adlı bu bazardə xamsan hələ, Xatun,
Get bir təzə dastan, təzə əfsanədən öyrən.

…………………………………………………………..

,,DEDİLƏR MƏCLİSƏ OL…”

Dedilər məclisə ol sərvi-siminbər gələcək,
Saçı leyla, yanağı al, boyu ər-ər gələcək

Gül üzü şə’m kimi şölə saçar aləm ara,
Edib hər yanı bu hüsn ilə münəvvər, gələcək.

Kimdə var bunca lətafət o şirinləbdəki tək?
Dili bal, sözləri duz, kəlməsi şəkkər gələcək

Gəlişiylə sanasan fəsli -baharım da gələr,
Eləyib aləmi gül ətri müənbər, gələcək.

Tanıyan gündən onu getdi dinim , imanım,
Mən bilirdim başıma bir belə işlər gələcək

Səsini duycaq o şuxun əl-ayağım titrər,
Üzünü gördüyüm andan üzümə tər gələcək.

Düşmüşəm şəhri-müsəlmanidə tərsa əlinə,
Allah, Allah, elə bil Kəbəyə kafər gələcək!

Xatunu hicr oduna şövq ilə yandırdı, baxıb
Hər görən şur salar:,,mürği-Səməndər gələcək!

 Müstəqil.Az

Share: