Vətəndaşların 178 min manatını mənimsəyən şəxs tutuldu

Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Müstəqil.Az- a bildirilib ki, vətəndaşlar Ü.Əsədova, K.İsmayılova və E.Eynullayev Daxili İşlər Nazirliyinə müraciət edərək Bakı şəhər sakini Fərid Abdinovun onlara müxtəlif vədlər verərək etibarlarından sui-istifadə etməklə külli miqdarda pul vəsaitlərini ələ keçirdiyini bildiriblər.

Vətəndaşların şikayətləri araşdırılıb və onların F.Abdinov barədə qeyd etdikləri qanunsuz əməllər təsdiqini tapıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, Fərid Abdinova ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaqla müəyyən edilib ki, F.Abdinov dələduzluq yolu ilə zərərçəkənlərin ümumilikdə 178 min manat pulunu ələ keçirib.

F.Abdinovun qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, ərazi polis orqanlarına və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Müstəqil.Az

Share: