Rus zabitinin şərəfinə ləkə Buçada düşməyib

Kiyev vilayətinin Buça şəhərində dinc sakinlərə qarşı dəhşətli qətliamlar və bu qətliamlara Qərbin operativ və kəskin reaksiyaları insanlıq adına təqdir olunandır. Amma qəribədir ki, məsələn, Stoltenberq İkinci Dünya müharibəsindən sonra bəşəriyyətin bu qədər dəhşətli qətliamla rastlaşmadığını bildirir.

Halbuki bütün dəlil-sübutları, video çəkilişləri ilə ortada olan daha amansız, daha dəhşətli qətliamlar var! Məsələn, Xocalı, məsələn, Srebrenitsa…

Buçada baş verənlərə görə hər kəs Rusiyanı, birbaşa Putini hərbi cinayətkar sayır. Halbuki Rusiya belə bir qətliamı araşdırmağa hazır olduğunu deyir, bu dəhşətə yol verdiyini boynuna almaq istəmir, hər vasitə ilə təkzib edir.

Bəs, Xocalı? Xocalıda baş verən soyqırımı 2000-ci ildə Ermənistanın müdafiə naziri olan Serj Sərkisyan nəinki təkzib etmiş, hətta təsdiqləmiş, “azərbaycanlılar bilməli idilər ki, biz zarafat etmirik” deyə, etnik təmizləmə əməliyyatı apardıqlarını ingilis Tomas de Vaala fəxarətlə bildirmişdi.

Rusiya Silahlı Qüvvələrinin rəhbərliyi inadla Buçadakı qətliamları qarşı tərəfin üzərinə atmağa çalışır; Buçada olan rus əsgərlərindən bircəciyi də tapılıb ortaya çıxmayıb ki, bu şəhərdə dəhşətli qətliamlarla “Rus zabit şərəfi”nin ayaqlar altına atıldığını desin!

Amma Xocalı qətliamı zamanı 366-cı alayın əks-kəşfiyyat şöbəsinin rəisi olmuş polkovnik Vladimir Savelyevin rus komandanlığına 19 səhifəlik raport yazdığını etiraf etdiyi haqda iddialı mətn açıqlanmışdı:

“Mən bütün bunları yazmaya bilmərəm. Hər şey gözlərim önündə baş verib. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə on doqquz səhifəlik məxfi arayışı həm Kremlə, həm də Müdafiə Nazirliyinə, Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun! – dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi!..

…Bu oyunlara rus zabitlərini qoşmaqla onları alçaltdılar, şərəfinə lənət damğasını vurdular. Mən on addımlığımda güllə yarasından can verən səkkiz-doqquz yaşlı qızcığaza heç cür kömək əlimi uzada bilmədim. Allahın mənə lənət edəcəyi gündən qorxuram”.

1992-ci ildə Fransa, Britaniyanın ən məşhur nəşrləri də daxil olmaqla, Xocalıda hansı dəhşətlər yaşandığı haqda fotolarla birgə materiallar dərc etmişdilər və o materialları bölgəyə ezam olunan öz əməkdaşları yazmışdı, “bu, həqiqətdir, azərbaycanlıların təbliğatı deyil” deyə, manşetlər atmışdılar.

Buçaya görə hələ heç bir rus jurnalist erməni müxbir Berain Siracyanın (“Frans katolik-ekklezia” aylıq jurnalı, 1992-ci il, 12 mart) etirafına bənzər nəsə yazmayıb:

“Xocalını gözlərimlə gördüm. Döyüşən, hər qarış torpaq uğrunda vuruşan qarabağlıların igidlikləri məni valeh etdi. Amma mən torpaq uğrunda gedən vuruşmanın bu tərzdə aparılmasının tərəfdarı deyildim. Hər yerdən qan iyi gəlirdi. Qar üstündə qalaqlanmış kimsəsiz, sahibsiz cəsədlərdən qorxdum. Qorxdum ki, bu qan üçün heç vaxt Azərbaycan tərəfi, sabahkı nəsillər susmasın. Bu gün ruslar bizimlədir. Bəs sabah? Biz tənha qala bilərik”…

Əgər Stoltenberq Xocalı faciəsini İkinci Dünya müharibəsindən sonra baş verən ən dəhşətli qətliam kimi görə bilsəydi; əgər Sərkisyanın Tomas de Vaala etirafı dünyanı Buçadakının mində biri qədər narahat etsəydi; əgər erməni terror təşkilatları öz adı ilə tanınsaydı.., görəsən, Buçadakı indiki qətliamlar yaşanardımı?

Zelenski ona görə Merkellə Sarkozini Ukraynaya, Buçaya çağırmışdı, “gəlin, siyasətinizin nəticəsini görün” deyə. Çünki 2008-ci ildə Sarkozi və Merkel Ukraynanın NATO-ya üzvlüyünə veto qoymasaydı, onda nə Krım işğal olunacaq, nə 24 fevral 2022 baş verəcək, nə də Buça yaşanacaqdı.

Qərb yalnız özünə lazım olanı görür, eşidir və duyur; Qərb yalnız özünə lazım olanda soyqırımlardan “dəhşətə gəlir”…

Yeri gəlmişkən, görmədən, heç bir sənəd olmadan, fakt-sübut izləmədən, yalnız 1922-ci ildə kiminsə uydurma xatirəsi ilə 1915-ci il olaylarına “soyqırım” deyə bilən Bayden nədənsə Buçadakı olaylara “soyqırım” demədi – israrlara baxmayaraq, “müharibə cinayəti” dedi.

Görünür, Ukraynada hələ “soyqırım” lazım deyil…

Şeyx TEYMUR

Share: