Ermənistan rəhbərliyi elementar həqiqəti dərk etməlidir

Rəsmi İrəvanın Azərbaycanın iki ölkə arasında sülhlə bağlı təklifində yer alan müddəalara qeyri-konstruktiv və mübahisəli cavab verməsi gözlənilən idi. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu aralar ciddi-cəhdlə özünü sülhpərvər kimi göstərməyə çalışsa da, lakin köklü sülhə meylli olmadığı onun Azərbaycan Xarici İşlər Nazirliyinin təkliflərinə münasibət bildirərkən səsləndirdiyi fikirlərdən də görünür.

Belə ki, Mirzoyan qeyd edib ki, “Azərbaycanla sülh sazişi üzrə danışıqlar ilkin şərt olmadan aparılmalıdır. Biz ATƏT-in Minsk Qrupunun həmsədrlərindən BMT Nizamnaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Helsinki Yekun Aktına əsaslanan sülh sazişi üzrə danışıqları təşkil etməyi xahiş etmişik”.
Mirzoyan bu açıqlamasında ya bilərəkdən, yadaki təcrübəsizlik və qeyri-peşəkarlıq ucbatından terminlərin təsbitini, dəyərləndirməsini düzgün etməyib, anlayışları qatıb, qarışdırıb. Məsələ burasındadır ki, Azərbaycan sülh sazişi üçün hər hansı ilkin şərt irəli sürmür. Azərbaycanın iki dövlət arasında münasibətlərin normallaşmasına dair qarşı tərəfə təqdim etdiyi təklif məktubunda yer alan məqamlar, müddəalar ilkin şərt deyil, baza prinsipləridir. Ermənistan rəhbərliyi elementar həqiqəti dərk etməlidir ki, istənilən sülh danışıqları məhz baza prinsipləri əsasında aparılır. Baza prinsipləri olmadan necə sülh müqaviləsi imzalamaq olar? Bu ki absurddur.
Azərbaycanın mövqeyi budur ki, Ermənistan onun təklif etdiyi, irəli sürdüyü baza prinsipləri ilə tanış olub bu prinsipləri qəbul edərsə, sülh danışıqlarına start verilə bilər. Tərəflər məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Bu mövqe Azərbaycan XİN-in sonuncu bəyanatında da öz əksini tapıb. Azərbaycanın bu mövqeyi kifayət qədər rasional və ədalətli mövqedir. Rəsmi Bakı hətta bir qədər də irəli gedərək və konstruktivlik nümayiş etdirərək bəyan edib ki, əgər Ermənistan da məsələyə ciddi şəkildə yanaşırsa, o zaman konkret təkliflərini təqdim etməli, beləliklə, substantiv və nəticəyə yönəlik danışıqlara başlamağa hazır olduğunu nümayiş etdirməlidir. Biz bundan artıq daha nə etməli, hansı güzəştlərə getməliyik ki, Ermənistan tərəfi ənənəvi cığallığından və destruktivliyindən əl çəkib real sülh danışıqlarına başlamağa hazır olduğunu ortaya qoysun? Ermənistanin nazıylamı oynamalıyıq? Azərbaycanın səbrinin də, güzəştlərinin də bəlli bir limiti var. Ermənistan Azərbaycanın səbrini tükəndirmək mövqeyindən əl çəkməlidir, pərdəarxası oyunlara da son qoyulmalıdır.
Mirzoyanın Azərbaycanın 5 bəndlik təklifinə məlum cavabı yenə də hansısa pərdəarxası oyunların getdiyini göstərir. Rəsmi İrəvanın ATƏT-in Minsk Qrupunu yenidən prosesə qoşmaq cəhdi və Helsinki Yekun Aktının 8-ci bəndinə əsaslanan sülh sazişi üzrə danışıqların təşkil edilməsində israr etməsi əslində sülh prosesinin başlamadan bitməsinə hədəflənib. Xüsusən də Qarabağın statusunun dəqiqləşdirilməsinin Ermənistan üçün prinsipial əhəmiyyət kəsb etməsinin Mirzoyanın açıqlamasında yer alması Azərbaycan tərəfindən heç cürə qəbul edilə bilməz. Çünki bu məsələ Azərbaycan üçün çoxdan bitmiş sayılır. Qarabağın statusu məsələsinin 44 günlük müharibə nəticəsində öz aktuallığını itirməsi faktını dövlət başçımız da dəfələrlə öz çıxışlarında qeyd edib. Ermənistan artıq bu faktla barışmalı və pozucu mövqedən əl çəkməlidir. Rəsmi Bakının irəli sürdüyü sülh təklifi Ermənistan üçün növbəti şansdır.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: