Eşq və həyat … – Əkbər QOŞALI yazdı

Gənc hərbçimiz – şəhid zabit Murad Nağıyevin şeirləri ilə tanış olunca, ədəbiyyatdan müharibəyə, müharibədən ədəbiyyata aparan yollar haqqında düşüncələrə qərq olmaya bilmirsən…

 

Əslində, ədəbiyyat anti-müharibə fəlsəfi mahiyyətindədir; ancaq “müharibə ədəbiyyatı” deyə biləcəyimiz nə qədər örnəklər var… Nəyi nəzərdə tuturam? – İlk sırada, Azərbaycan Vətən Müharibəsinə – 27 sentyabr 2020-ci ildə baş vermiş tarixi əks-hücum, bu hücum və 44 gün içrə yaşananlarda ədəbiyyatın yeri və rolunu nəzərdə tuturam. Əlbəttə, müharibədəki tarixi Zəfərimiz “A”dan “Z”yə hər şeydən – bütün əməli çalışma sahələrindən asılı idi, bununla belə, ədəbiyyatın özünəxas ruhlandırıcı rolu, missiyası danılmazdır. Bura “Qarabağın bir kəndini yüz “Nobel”ə dəyişmərəm” (Xalq yazıçısı ANAR) fikrindən tutmuş, Xəlil Rza Ulutürkün, Zəlimxan Yaqubun, onlarla digər sənətkarlarımızın döyüşə qanadlandıran poeziyası daxildir – məncə, heç biri təsirsiz ötüşməyib; şəhid şairlərimiz – Ülvi Bünyadzadənin, Nizami Aydının həyat yolu da gənc vətən oğullarının heç nəyə baxmadan irəli atılmasında özünəxas rola malik olub; istər şifahi, istər yazılı olsun, fərq etməz – əsgərlərimizin, zabitlərimizin, bütövlükdə Ordumuzun hisslərini, düşüncələrini, diləklərini və istəklərini məhz söz sənəti ilə çiçəkləndirməsi, obrazlı ifadə etməsinə dair onlarla misallar var. Milli qəhrəman Mübariz İbrahimovun son əlyazma məktubu da, şəhid şair Ülvi Bünyadzadənin “And”ı da mənə şeir kimi gəlir… Hərbçinin, özəlliklə zabitin missiyası, mandatı bəllidir, lakin hər şey texnika ilə, silahla, güllə, mərmi ilə həll olunmur ki? Bayraq, Şuşa, Torpaq, Xarıbülbül, Zəfər, Şəhidlik… önəmli dərəcədə Ruh, Eşq, Sevda, Həsrət, Ümid, İnam hadisəsi, təcallasıdır! Ali Baş Komandanın sözlərini xatırlayıram: “Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik. Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə”!
Ədəbiyyatdan müharibəyə yollar göründüyü kimi, müharibədən ədəbiyyata da sonsuz yollar vardır. Müharibə dövründə, müharibə sonrası, hətta, çox illər keçdikdən sonra poetexnologiyalar, poetik kəşflər səviyyəsində insanların minalanmış ərazi üstündə, güllə yağışı altındakı hiss-həyacanı ilə tanış ola bilirik. 1941-45-ci illər müharibəsindəki Azərbaycan qəhrəmanlarını önəmli dərəcədə onlar haqqında yazılmış bədii əsərlər, filmlər, rəsm, büst və heykəllər də sənətin estetik gücü ilə yaşadıb. “Ana və poçtalyon”, “Ukrayna partizanlarına”, “Tütək səsi”, “Uzaq sahillərdə”, “General”, “Alov saçan sətirlər”, habelə “Azərbaycan legion ədəbiyyatı”… – hər birini riqqətlə xatırlayırıq…


Nurüzlü leytenantımız – Azərbaycan Vətən Müharibəsinin şəhidi Murad Nağıyev (Murad Mayıl oğlu Nağıyev; 09.02.1997, Qazax – 11.10.2020, Cəbrayıl) özü yazan, özü döyüşən, öz vətəninin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhid olan yanarürəkli cavanlarımızdandı. Bəlkə də, Qazax doğumlu olması səbəbindəndir – onda şairlik istedadı vardı, həncəri deyərlər, o, yazmaya bilməzdi… Qazax əlbəttə, görkəmli hərbçiləri ilə də ün qazanıb, bununla belə şeirimizin paytaxtı fəxri statusu məhz Qazaxa şamil edilir. Və Murad Nağıyev bu iki sahəni qoşa qanad kimi daşıyıb! – Hərbçi kimi yetişib, bir döyüşən hərbçinin ala biləcəyi ən yüksək adı – Şəhid adını qazanıb, bir şəhidin ruhunu şad edəcək ən yüksək amala – Zəfərə nail olub və bir gənc şair kimi incə qəlbini şeirlərlə ifadə edib. – “14 yaşında giydik üniformayı”… – Şeirlərini qardaş türkcədə qələmə alan zabitimiz sanki bununla da dövlət böyüklərimizin “Bir millət, iki dövlət”, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” formullarının həyatiliyini və Vətən Müharibəsində qardaş Türkiyənin mənəvi, siyasi dəstəyini şeir şükranlığı ilə şəkilləndirib.
Murad adının energetikasını, ürəyinin hərarətini Vətəninə həsr edib!


Bu misralar ondan yadigardır:
Yeni bir gün başlat hayatta.
Sabah Güneş kendini göstermeye başlar,
Sonsuz ufuklarda.

…Öylece izlemeye başlarsın Güneşin doğuşunu,
Sonra dayanamazsın bu güzellik karşısında,
İçini bir ferahlık kaplar.
Yüzün güler, hayran kalırsın bu eşsizliğe…

Və ya:

Yaşlı gözlerimde boş bakış,
Giden var fani dünyadan.
Yerleşen var gönlüme,
Yerleşen var kalbimin derinliğine…

RUHUNA ALQIŞ!
VƏTƏN SAĞ OLSUN!

p.s. Murad özü bir arkadaşı üçün belə yazırdı:

Ama biliyorum yine de yanımdasın,
Hep izliyorsun bir yerlerden beni.
Tam da düşündüğüm gibi oldu,
Hiç bir zaman bırakmayacaksın beni.

Əkbər QOŞALI,
Beynəlxalq “Alaş” Ədəbi Mükafatı laureatı

Share: