“Sözə yüklənəndə ölür şairlər. “-Gülnarə Cəmaləddin ilə müsahibə…

Bu gün onun doğum günüdür.Ondan xəbərsiz ona ünvanladığım sualları şeirləri ilə cavablandırdı.
 
 
-Ağlından keçən payız rüzgarları səni hara aparır?
 
Sən payız rüzgarları kimi
gəlib keçdin ağlımdan.
Taladın yarpaq- yarpaq,
sındırdın budaq- budaq,
əkdin torpaqlara cismimi,
mən təzədən göyərən deyildim axı…
 
-Şairlər nə zaman ölür?
 
Tanrının ən yaxın bəndələridi,
Özü təklənəndə bilir şairlər.
Şairçün ən böyük varlıq sözdü, söz
Sözə yüklənəndə ölür şairlər.
 
-Yalanın şəklini çəkmək olurmu?
 
Yalanın şəklini
çəkmək istəyirdi
qəlbinə,
ruhuna,
ağlına…
Alınmırdı.
Baxıb öz tənhalığına
ağlayırdı,
dünyanın təmiz adamı…
 
-Dünya nə vaxt sənə dar gəlir?
 
Dustağam dardı mədfənim,
Bu hücrədə çıxdı canım.
Yırtıb ruhumun kəfənin,
Çıxardım məndən olsaydı.
 
-Ağrıların gözündən keçib durulmaq olurmu?
 
Keçib ağrı köynəyindən
Ağrılara vuruldum.
Yağa- yağa gözlərimdən
Ağrı- ağrı duruldum.
 
-Həyat nəyə bənzəyir?
 
Sən atamın dərdi qədər kübar,
Anamın göz yaşları qədər zalım.
Bir uşaq oyuncağı qədər aldadıcı,
Bir sevda qədər məsum.
Bir ölüm qədər amansız,
Daşlara adlar yazacaq qədər vəfasız…
 
-Tənhalığın havacatı nədir?
 
Yalqızlıq dər- divarların
Üzünə yorğa atlar kimi kişnəməsidi.
Yalqızlıq qürbətdə üzü divara
tək- tənha can verən insanın
kipriklərinin səssizcə titrəməsidir.
Tənha bir uşağın məzara sarılıb
ümidsizcə, çarəsizcə inləməsidir.
Tənha yalquzağın bir təpə başından
göylərə üz tutub ulamasıdır.
Qu quşlarının ölümqabağı oxuduğu
Sonuncu nəğməsidir.
Yalqızlıq Allahın başqa adıdır.
 
-Sevgi nədir sizinçün?
 
Bu dünyada aldanmaq var,
aldatmaq var.
Sevgi yoxdu,
yoxdu sevgi
inan mənə.
Kim nə boyda aldanırsa,
kim nə boyda aldadırsa,
o boyda da bəxtəvərdi.
Sınıq güzgülərdə oxşamalı daha nələr var?
Hərə bir şəkil asdı yaxandan,
Hamı boylanıb baxdı yaxından.
Çatlayarsan,
sınarsan
gözlərimin ahından.
Paşa güzgü,
Xan güzgü,
üzünə üz bağlayıb,
üzümə baxan güzgü…
 
-Zaman səndən keçir, yoxsa ruhunu zaman əridir?
 
Mən zamanda üzəmmədim,
Zaman məni üzüb keçdi.
Daş səbrinə dözəmmədim,
Daşın məni əzib keçdi.
 
-Adamlıqdan çıxmaq təşnəsi gəlirmi heç?
 
Çıxar məni adamlıqdan,
And verirəm nəyə desən.
Çıxar məni adamlıqdan
Ya daş elə,
Ya qarışqa.
Çıxar məni adamlıqdan,
Yazığın gəlməsin mənə.
Çıxar məni adamlıqdan
Ya quş elə,
Ya da qəbir.
Vətən məvfumu nədir?
Mən bir az torpaq olmalıydım
Səni yaşatmaq üçün.
Mən bir az bayraq olmalıydım
üstündə əsmək üçün,
gözbəbəyim…
Dünyanı tanıya bildin?
Yarı işıq, yarı zülmət,
Yarı Vətən, yarı qürbət,
Yarı qorxu, yarı heyrət,
Dünya!
Sözü ucuz tutanları sözün ahı tutacaqmı?
Baha sözün bazarında sözü ucuz satanlar,
Allah lütfü bildiyimiz sözü ucuz tutanlar
Füzulinin,Nəsiminin süfrəsində yalmananlar,
yatanlar
Bir gün sizi Füzulinin söz dəryası udacaq,
Bir gün sizi ŞAİRlərin söz qarğışı tutacaq.
 
-Kədərin rəngi nədir?
 
Sarı çiçək nə baxırsan üzümə,
Ağlamağın yeridimi ağlayım.
Əyri gözdən, bəd nəzərdən, pis üzdən,
Səni harda daldalayın,saxlayım?
-Oyanıb görəsən ağappaq qar yağıb…dünyanın minillik günahlarını təmizləmək olurmu?
Ayılıb görürsən səhər açılıb,
Köhnə hisslərinə təzə qar yağıb.
Arınıb minillik günahlarından,
Dünya da təptəzə ağa bürünüb.
-Yenidən o bahar gəlsəydi keşkə dediyin vaxtlar çox olub?
Yenidən o baharlar gəlsə
və qış köçüb getsə.
Bir az ağlımdasan
ümid kimi.
Bir az ruhumdasan
sevda kimi,
eşq kimi.
Bir az da zəhrimar
dadırsan
yaşamaq kimi…
 
-İnsanları tanımaq olurmu?
 
Dünya gözəl idi üzünə qalsa,
Dünya nağıl idi sözünə qalsa,
Onunla dost idim,düzünə qalsa,
Adamlar dünyanı saldı gözümdən.
İdraksızlar çoxalıb, düşüncələr cılızlaşıb…
Hava yaman dumandı,
Dünya yaman qarışıq.
Bu gecədən çıxmağa
Ümid qalıb Allaha.
Çaqqallar çoxalandan
kəsilib səs- səmirin,
ula ,bir ağız, ula,
bilim ki, salamatsan.
Daha bir şey qalmayıb,
Adam- madam adına.
Ulasan da eşitməz,
Çatmaz kimsə dadına.
 
-Sadəcə sən olduğun üçün, özün kimi olduğun üçün, onlar kimi ola bilmədiyin üçün sənə patoloji nifrət edənlərə hansı cavabın var?
 
Öyrəndim sizin kimi susmağı,
Sizin kimi danışa bilməsəm də.
Öyrəndim hər şeyin satılıq olduğunu
Asan olmasa belə.
Öyrəndim sizin kimi içimdən
gəlməyəndə gülməyi,
Kimünçünsə yalandan ölməyi.
Hər şeyin düzünü öyrədən həyatı
yuxu kimi tərsinə yozmağı.
Öyrəndim dediyim kəlmələri
sizin kimi üzə durub pozmağı.
Öyrəndim
Düzün əyrini kəsmədiyini
və özüm kimi susdum,
sizin kimi olmamaq üçün.
 
-İnsan azad doğulur,hər zaman da azadlıq təşnəsində olur.Amma zənciri də insan düzəldir axı,o zəncir ki,insanın əl- qolunu bağlayır…
 
…Nələr demədilər, nələr
Boşboğaz şairlər,
heç nəyi olmadan
İnsanı qana çəkən
Bu sərsəm azadlığın şəninə.
Daha azadlığın rəngi də qaradı
O gecənin üzü kimi.
Kiriyib içimdə yorğa atlar da,
Küçə itləri də azadlığa hürmür daha.
Susdular hamısı,
Quzu kimi susdular
Yavrucaq, bilməm niyə?
Ürəklə yollaşırsan?
Ürəyimdə dağa dönür,
Ürəyimə dəyən dağ.
Qoymayacaq soxa ürək,
Adam kimi yaşayaq.
 
-Ölüm gözəldirmi?
 
Hamı səndən gizlədib,
Daldaladı özünü.
Sən can alan gözəlsən,
Kim gördü ki, üzünü?
 
-İnsan kimdir əslində?
 
Mən bir dəli yağmuram əslində,
Adamam torpaq və toz şəklində.
 
Beləliklə,Gülnarə Cəmaləddin şeirləri ilə mükalimə etdik.Məncə maraqlı alındı…
 
Hafiz ATAXANLI
 
Yazıçı, ssenarist, kultroloq
Share: