Elnur NƏHMƏDİN “MÜHARİBƏ GÜNDƏLİYİ”

II hissə
ANALAR
28 sentyabr gecəsi 10-dan çox maşın gəncləri cəbhəyə aparmaq üçün komissarlığın həyətinə düzülmüşdü. Uşaqların adları bir-bir oxunur və onlar maşınlara minirdilər.
Bir ana oğlu maşına mindikdən sonra ağlamağa başladı. Oğul isə aşağı düşüb ona qəzəbləndi. Əslində, o qəzəblənə bilmirdi. Onun hərəkətində nəvazişlə dolu utanma hissi var idi. Çünki anasının ağlamağını qüruruna sığışdıra bilmirdi.
Müharibə bitəndən bəri hər gün həmin ananı düşünmüşəm: Görəsən, oğlu sağ-salamat qayıda bildimi? Yaxud da həmin ana dərd tapıb dünyasını dəyişmədi ki?!
****
Elcin müəllimi – məktəbimizin tarix müəllimini də həmin gecə yola saldıq.
Şagirdlərimizin sevgisini qazanmış Elçin müəllimi…
****
Elçin müəllimin həyat yoldaşı da, bacısı da müəllimdir və eyni kollektivdə işləyirik. Həmin günlər onların – mərd, qürurlu Azərbaycan qadınlarının keçirdikləri həyəcanı görmək, yaşamaq qədər ağrılı heç nə ola bilməzdi…
Noyabr ayının 8-də, qələbəyə 7-8 saat qalmış müəllimin yaralandığı xəbərini eşitdik. Ölüm-dirim savaşında düşmənə vurulan son, öldürücü zərbənin müəllifi oldu müəllimimiz. Onu qələbə xəbərindən cəmi 8 saat ayırırdı. Amma həmin xəbəri Elçin müəllim iki gündən sonra – huşu özünə gələndə eşitdi.
****
Natəvan xala – Elçin müəllimin anası oğlu yaralanandan sonra üzünü Allaha tutub, bəlkə də, milyon dəfə “Allah, canı canla dəyiş, balama bir şey olmasın”,- dedi.
Anamla söhbətimdən:
“Natəvan kişi qeyrətli qadın idi… Bacılarına, doğmalarına, övladlarına yanan…
Hər gün, Elçin müəllim döyüşə gedəndən sonra hər gün Natəvan ana xəstə canıyla
büzüşüb bir nalça üstündə oturub. O, 44 gün ərzində bircə dəfə də olsun rahatlıq tapa bilməyib, gecələri belə yatağında yatmayıb. Narahatlıq, həsrət dolu baxışlarını qapıya dikərək bircə oğlunun qayıdışını gözləyib…”
****
Həm Natəvan ana, həm də
Elçin müəllim düşmənlə mübarizə aparırdı: Müəllimimiz erməniylə, Natəvan ana isə
xain düşmən – qaraciyərlə.. Natəvan xala xeyli vaxt idi ki, səhhətindəki problemlərdən əziyyət çəkirdi.
Natəvan ana 12 yanvarda – Elçin müəllimin qayıdışından iki həftə sonra dünyasını dəyişdi.
****
Elçin müəllim savaşdan “Cəsur döyüşçü” medalı, Cəbrayılı, Qubadlını işğaldan azad etdiyi üçün aldığı medallarla döndü. Döyüşdə neçə dostunu itirdi. Yaralandı Səhhətində ciddi problemlər yarandı. .
Ən böyük yara isə onu hər gün məktəbə yola salan, arxasıyca baxıb qürurlanan, qürurdan gözləri yaşaran ANAsını itirmək oldu.
****
Elə məqam ola bilər ki, müharibə ANAlardan savayı hər kəsə əyləncə kimi görünsün.
Övladını canının bir parçası hesab edən yeganə varlıqdır ANA… Müharibə onlar üçün qəbuledilməzdir.
Natəvan ana! Ruhun şad olsun! Sizin oğlunuz illərlə uzanan, acı bağırsaq kimi uzanan ləkəni üzərimizdən təmizlədi. Adını tariximizin daş yaddaşına yazdırdı. Oğlunla qürur duy!
Bilal Alarli, Yashar Seferli və başqa 25 nəfər
9 rəy
Share: