Söz biçiminin nəsr düyünü

yaxud Təranə Musayevanın epik nəğməsi

Ədəbiyyat adamı olmaq həmişə axtarışda olmaq deməkdir. Mövzunun, obrazın, süjetin, təsvir və ifadə vasitələrinin, həmçinin şəkli xüsusiyyətlərin düzgün seçimi qələm adamına yaradıcılıq uğuru gətirir. Yaradıcılıq modulyasiları da olur ki, bu, fikrin ifadəsinin formasını (şəkli xüsusiyyətini) yaşantıların ifadə imkanlarına bağlayır.

Nasirlər nadir hallarda poeziyaya keçid edirlər, şairlərin isə nəsr axtarışları çox hallarda özünü doğruldur. Nəsrdən fərqli olaraq, poeziya fikri frazologizmlərlə, inversiyalarla, alliterativ ahəngdarlıqla, məcazlarla ifadə edir. Poeziyadan nəsrə gələnlər adi, reçitativ təhkiyələri obrazlı deyimlərlə zənginləşdirirlər. Bu cür poetik imkanları Təranə Musayevanın da hekayələrində görmək mümkündür. Bu yaxınlarda onun Türkiyədə “Gizli qapılar” adlı kitabı işıq üzü görüb. Kitabı Türkiyə türkcəsinə Abdulkadır Özkan uyğunlaşdırıb və özü də təqdimat xarakterli ön söz yazıb. Təranə Musayevanın Türkiyədə yayımlanan nəsr əsərlərini “duyğulu hekayələr” adlandıranlar yanılmırlar.
Mən Təranə xanımı ədəbiyyatı yaxşı bilən, dünya ədəbiyyatını müntəzəm izləyən, ara-sıra özü də tərcümələr edən bir qələm adamı kimi tanıyıram. Yaxşı şeiri, yaxşı hekayəni qiymətləndirməyi bacaran bir ədəbiyyatçıdır. Onun naşiri olduğu “Əfsun” jurnalı da seçilmiş və fərqli nümunələri oxucularına təqdim edir. Belə bir ədəbi imkanları olan xanım yazarın qələmindən elə duyğulu hekayələr çıxmalıydı. Fikrini bəzən “gözləriylə gördükləriylə” deyil, “beyniylə gördükləriylə” ifadə edən Təranə xanımın ədəbi qəhrəmanları özü və ətrafındakı insanlardır, o insanlar ki, onları yaxşı tanıyır, yaşantılarına bələddir, ona görə də bu yaşantıların poetik təsvirini dolğun şəkildə verə bilir. Həyatın sıxıntıları içərisində yaşayan, ağrılar çəkən, bəzən də nicat yolu tapa bilməyən bu ədəbi qəhrəmanlar üçün “dünya yaşam gözündə dəyərini itirir, ölüm dəyər qazanır”. Belə yaşantıları “Ad günüm” adlı hekayədə də müşahidə etmək mümkündür. Ümidlərini, inamlarını itirən və qismətinə yubanan yeniyetmə qız üçün kimsənin etdiyi hədiyyə gözlədiklərinin müqabilində çox ucuzdur, dəyərsizdir.
Təranə xanımın hekayələrindən biri, daha təsirlisi öz həyatı ilə bağlıdır. “Bir qış günü və ya Qu quşu” adlı hekayə bir ailənin iç yaşantılarını çoxçalarlı bir boya ilə təsvir edir. Bu ailədə ananın verdiyi qərarlara ata qol qoymalıdır ki, istək və arzular reallaşsın. Ata da müdrik bir insandır, sərəncamının həddini bilir. Uşaqların həyət süpürməsi, kənd əyləncəsi, oğulun əyninə böyük olsa da, atasının paltosunu geyməsi kimi xatirat səhnələri yaxın keçmişimizin dinc həyat tərzinin barışdığımız tərəfləridir. Bu cür kasıbyana yaşayış hərcmərcliyin at oynatdığı “bolluqdan” ləzzətli görünür. Kiçik qəhrəman “evin qarşısındakı damaltında dayanıb ətrafa göz gəzdirməkdən” həzz alır. Qonşu Ulduz xalanın “əllərini şişman qarnının üstünə qoyub söhbətə girişməsini” arzulayır. Ədəbi qəhrəmanın xatirələri olduqca canlı təsvir olunur. Dayısı öz bacısına, yəni ədəbi qəhrəmanın anasına evlərinin qiymətli əşyası sayılan “Qu-qu quşu olan saatı” hədiyyə edir. Amma saat başıbəlalı saatdır. Sevimli dayının gəlişi kənd qonağının yaddaşlardan silinməyən obrazıdır: “Yuxulu-yuxulu bacısı üçün Qu-qu quşulu saatı gətirən dayımın ayağı qarın üzərində hər dəfə sürüşəndə Qu-qu quşu da qoltuğundan sürüşüb neçə addım irəli gedib və yuvasından bayıra çıxaraq oxuyurmuş. Bu, dəfələrlə təkrar olunanda artıq Qu-qu quşu aldandığını anlayıb, küsüb, bir daha yuvasından bayıra çıxmayıb və oxumayıb”. Bu səhnəni nəzərdən keçirmək və qəhrəmanın yaşadığı hisslərə şərik olmaq ona görə ağrılıdır ki, söhbət Vətənin müdafiəsi yolunda şəhid olan bir insandan gedir. Bu kiçik qəhrəmanın qardaşı – “yanaqları Qızıləhməd” almasına bənzəyən” Musayev İlqar Novruzbəy oğlu iyirmi beş yaşında Qarabağ savaşında şəhid olub. Həyatdan tamarzısını götürməyən bu ömrün tarixçəsi məzarı üstündəki soyuq rəqəmlərdə yaşayır: “27.04.1969-01.11.1994”. Əlbəttə, o hekayədə nə bu rəqəmlər göstərilib, nə də şəhid İlqarın müəllif Təranə Musayevanın qardaşı olması haqqında müstəqim bir qeyd var. Bu qənaət hekayəni oxuyandan sonra Təranə xanımı, onun həyatını yaxşı bilən bir dost kimi gəldiyim nəticələrlə bağlıdır. Hekayə isə ürək parçalayan bir sonluqla bitir: “Bilməz idim, ayrılıq var, itkinlik var, ölüm var”.
Hekayənin qəhrəmanı boya-başa çatır. Amma onun öz uşaqlığı ilə bağlı bəzi olaylar çox-çox sonralar gizlin qalan sirrini açır. Qu-qu quşunun yuvasına çəkilərək bir daha bayıra çıxmayıb susması, həyətdəki tut ağacı kəsiləndən sonra sərçələrin pərən-pərən düşməsi, İlqarın yanaqlarındakı “Qızıləhməd” almasının rənginin torpağın rənginə qarışması bu sonrakı məqamın göynərtiləridir.
Hekayə xalq danışıq dilindən gələn obrazlı deyimlərlə zəngindir. Təbəssüm yuvası gözlər, gülüşü içində qəhqəhə çəkmək, gecənin bəyaz qaranlığı kimi təsvirlər hekayəni oxunaqlı edir.
Təsvir edilən olay müəllifin öz yaşantıları ilə bağlı olduğu üçün təsirli alınıb. Nəsrə üz tutmaqda yanılmayan Təranə Musayevanın tezliklə ədəbi mühitdə uğur qazanacağına inanıram.
Bilal Aları HÜSEYNOV,
filologiya üzrə fəlsəfə doktoru
Share: